Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1225/2025 29.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağın saxlanılması üçün 350 (üç yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 700 (yeddi yüz) manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailə quraraq nikahlarını xx.xx.2010-cu il tarixdə Qazax Rayon Qeydiyyat şöbəsində 179 nömrə ilə qeydiyyata alınaraq rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh valideynlik borcunu yerinə yetirmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağstafa Rayon Şöbəsində çalışıb yüksək maaş alması ilə bərabər, xeyir-şər mərasimləri üçün kirayə çadır, masa-stul, qab-qacaq və digər avadanlıqların kirayəsini həyata keçirir. Uşaqların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Ona görə də, övladlarının saxlanılması üçün məhkəmə qaydasında aliment kəsilməsi zəruridir. Odur ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağın saxlanılması üçün 350 (üç yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 700 (yeddi yüz) manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək, iddia tələbini tam həcmdə qəbul etdiyini və işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
6. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Qazax Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah Qazax Rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 179 nömrəli qeydlə qeydiyyata alınmışdır.
8. Ağstafa Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur.
9. X5 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.İddiaçı ilə Cavabdeh arasında birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki uşaq doğulmuşdur. Uşaqlar iddiaçının yanında qalır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər və mediasiya prosesinə xitam verilmişdir. Cavabdeh, həmçinin uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən iddiaçı cavabdehdən uşağının saxlanılması üçün aliment tələb etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, məhkəməyə ünvanladığı teleqramında iddia tələbini tam həcmdə qəbul etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 12.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 13.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 14.Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 15.Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 16.Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 17.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 18.Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 19.İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşağın saxlanılması üçün maddi yardım göstərmədiyindən iddiaçı hər ay uşaq üçün 350 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında birgə nikahdan olan xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aliment tutulmalıdır. 20.Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onun hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,875 = 350 manat) 0,875 misli həddində olmaqla hər iki uşaq üçün 1,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. 21.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün 04 iyul 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıdan həmin tarixdən başlayaraq aliment tutulmalıdır. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 25.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. 27.Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 28.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 29.Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 8400 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq, 104 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. 30.Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir.
Nəticə hissəsi: 31.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 04 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,875 misli həddində olmaqla hər iki uşaq üçün 1,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 104 (yüz dörd) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova