Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-125/2025 20.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, sabit pul məbləğində alimentin tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki evliliklərindən xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 atalığının müəyyən edilməsi, onun doğum akt qeydində düzəliş edilərək soyadının cavabdehin soyadı kimi Möylayev kimi qeyd olunmasını və Azadın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat pulun və dövlət rüsumu üçün ödədiyi 50 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia ərizəsinə əlavə barədə ərizə təqdim edib ilkin iddiasının təmin, eyni zamanda əlavə olaraq ərizəsini nəzərə alıb xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, o, Cavabdeh ilə 2020-ci ildə qeyri-rəsmi qaydada ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə birgə evliliklərindən xx.xx.2021-ci il tarixdə Mahnur və xx.xx.2022-ci il tarixdə Azad adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh Mahnur adlı uşaqlarına sənəd alarkən atalığı qəbul etmiş, lakin Azad adlı uşaqlarına sənəd alarkən atalığı qəbul etmədiyi üçün, uşağın doğum haqqında şəhadətnaməsində uşağın soyadı onun soyadına uyğun olaraq Zeynalov kimi qeyd edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra təxminən 7 ay Rusiya Federasiyasında kirayədə yaşamışlar. Hazırda cavabdehlə ayrılmışlar və cavabdeh hal-hazırda Rusiya Federasiyasındadır. Atalığın müəyyən edilməsi ilə bağlı Ağstafa rayon Qeydiyyat şöbəsinə müraciət etsə də ona imtina cavabı verilmişdir. Uşaqların saxlanılması üçün aliment təyin olunması zərurəti yaranmışdır. Hazırda valideynlərinin yanında yaşayır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Atalıq məhkəmə tərəfindən müəyyən edildikdə onun qeydə alınması yalnız məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflər 2020-ci ildə qeyri-rəsmi qaydada ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin birgə evliliklərindən xx.xx.2021-ci il tarixdə Mahnur və xx.xx.2022-ci il tarixdə Azad adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh Mahnur adlı uşağa doğum haqqında şəhadətnamə verilərkən atalığı qəbul etmiş, lakin Azad adlı uşağa doğum haqqında şəhadətnamə verilərkən atalığı qəbul etmədiyi üçün, uşağın doğum haqqında şəhadətnaməsində soyadı iddiaçının soyadına uyğun olaraq Zeynalov kimi qeyd edilmişdir. Tərəflər arasında rəsmi nikah bağlanmamış, yəni hazırkı işdə olan sübutlara əsasən müəyyən olunur ki, uşaq aralarında nikah olmayan şəxslərdən (iddiaçı və cavabdehdən) doğulmuşdur. Eyni zamanda tərəflər birgə Qeydiyyat şöbəsinə müraciət etməmişlər. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbini qəbul edibetməməsi, yəni uşağın atası olub olmaması barədə məhkəməyə hər hansı bir fikir bildirməmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən, Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş Azad adlı uşağın atasının özü olmasını etiraf etmiş, həmçinin Azad adlı uşaqla videogörüntülü zənglə ata-oğul kimi danışığı əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iş üzrə İddiaçı onun həyat yoldaşının bacısıdır. İş üzrə tərəflərin birgə nikahlarından Mahnur və Azad adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh Mahnur adlı uşağa atalıq vermiş, 2022-ci ildə anadan olmuş Azad adlı uşağa isə atalıq verməmişdir. Azad anadan olan zaman Bəhruz Rusiya Federasiyasında olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsindən görünür ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda atalıq məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi atalığın müəyyən olunması hissəsində təmin olunmalı, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X3 atasının xx.xx.1987-ci il tarixdə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuş, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olan Cavabdeh olması faktı təsdiq edilməlidir. Məhkəmə tələbin alimentlə bağlı hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı X5 adlı uşağa aliment tutulması üçün xx.xx.2024-cü il tarixində, X4 adlı uşağa aliment tutulması üçün xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafeyini, cavabdehin qeyri stabil qazancı olmasını nəzərə alaraq hesab edir ki, nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü Möylayev (Zeynalov) Azad Bəhruz oğlu adlı uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,45 = 180 manat) 0,45 misli, iki uşağa görə cəmi (400 x 0,90 = 360 manat) 0,90 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki evliliklərindən anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X3 atasının xx.xx.1987-ci il tarixdə Qazax rayonunun Köçəsgər kəndində anadan olmuş, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olan Cavabdeh olması müəyyən edilsin. Qətnamə uşağın doğum akt qeydində müvafiq düzəlişlərin aparılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü Möylayev (Zeynalov) Azad Bəhruz oğlu adlı uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, iki uşağa görə cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-125/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-125/2025
20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver