Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-130/2025 10.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuza xələl gəlməsi üzr istənilməsi, maddi və mənəvi zərərə görə təzminat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuza xələl gəlməsi üzr istənilməsi, maddi və mənəvi zərərə görə təzminat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, Ağstafa rayon Vurğun qəsəbə 1-saylı körpələr evinin müdiri vəzifəsində işləyir. Belə ki, Cavabdeh1 işdən azad olunduqdan sonra qruplaşma yaradaraq ona qarşı nalayiq ifadələr işlətmişdir. Cavabdeh1 digər işcilərlə birlikdə müəyyən telekanallara, youtube sosial şəbəkəsinə onun haqqında düzgün olmayan, şərəf və ləyaqətini alçaldan, vəzifə səlahiyyətinə xələl gətirən sözlər işlətməklə yalan və böhtan xarakterli sözlər danışaraq şər atmışlar. Cavabdehlər bu barədə rayon prokurorluğuna da müracət etmişlər. Lakin bu hal öz əksini tapmamışdır. Cavabdehlərin iddiasına əsasən guya o, bağçada uşaqlara yemək vermir, bağçanı dağıdır. Cavabdehlərin iddiaları düzgün deyil. 9 ildir birlikdə işləyirlər əgər onların iddiaları düzgündürsə belə çıxır ki, onlar onun qanunsuz hərəkətlərinə göz yummuşlar. Cavabdeh3 iddia edir ki, guya bağçanın həyətində qaz, ördək saxlanılır. Bağça dövlət tərəfindən təmin olunduğu üçün onlar müvəqqəti olaraq kənd sakinlərindən birinin evinə yerləşmişlər. Hal-hazırda da müvəqqəti olaraq oradadırlar. Səidənin qeyd etdiyi ev heyvanları həmin ev sahibinə məxsusdur. Digər Cavabdeh4 bağçanın qanuni ərazisi olan torpaq sahəsini zəbt etmiş və qeyd edir ki, guya bağçadakı uşaqların səsi onları narahat edir. Ümumiyyətlə cavabdehlər kənd ərazisində şər-böhtan xarakterli nalayiq ifadələr işlədirlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz ərizəsini təqdim edib bildirdi ki, iddiaçı özünün onlara yaşatdıqlarını onların iddiaçıya qarşı etdiklərini bildirir. İddiaçı bağçaya müdir kimi təyin edilməmişdən əvvəl, yəni 2016-cı ildən öncə onlar heç vaxt bu problemlərlə üzləşməmişlər. Lakin iddiaçı gələn bir gündən əsasən də son 3 ildə bu problemlər başlamışdır. İş vaxtı iddiaçı onlara qarşı təzyiqlər edərək şərəf və ləyaqətlərini təhqir etmişdir. O, sosial şəbəkə vasitəsi ilə müsahibə vermiş, lakin iddiaçını təhqir etməmişdir. Bağçada baş verən nöqsanlardan danışmışdır. Ona görə iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz ərizəsini təqdim edib bildirdi ki, iş vaxtı iddiaçı onlara qarşı təzyiqlər edərək şərəf və ləyaqətlərini təhqir etmişdir. Ona qarşı hədə-qorxu gəlmişdir ki, “Aygünü işdən çıxarmışdır, onu da çıxarar”. Lakin o, iddiaçını təhqir etməmişdir. Ona görə iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz ərizəsini təqdim edib bildirdi ki, iş vaxtı iddiaçı onlara qarşı təzyiqlər edərək şərəf və ləyaqətlərini təhqir etmişdir. O, 1999-cu ildən həmin bağçada təsərrüfat müdiri vəzifəsində işləyir. Onun işlədiyi vəzifəyə heç bir ali təhsil tələb olunmamışdır. İddiaçı bağçaya müdir təyin olunandan sonra anbarın açarını dəyişərək səlahiyyətini əlindən almışdır. Hər gələnin yanında savadasız olduğunu demişdir. Lakin o, iddiaçını təhqir etməmişdir. Ona görə iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz ərizəsini təqdim edib bildirdi ki, o, sözügedən bağçada 6 aylıq mövsümü ocaqçı vəzifəsində işləmişdir. Vaxtı başa çatdıqdan sonra işdən çıxmışdır. Sonradan bağçada iş yerinin olmasını bildikdə bununla bağlı müraciət etmiş, lakin iddiaçı ona etiraz etmişdir ki, iş yoxdur. O, sosial şəbəkə vasitəsi ilə müsahibə vermiş, lakin iddiaçını təhqir etməmişdir. Ona görə iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz ərizəsini təqdim edib bildirdi ki, o, bağçanın işcisi deyildir. Qaynatası və qaynanası 1959-cu ildən həmin ünvanda yaşamışdır. 1993-cü ildə o, həmin evə gəlin gəlmişdir. Evləri bağça ilə bir həyətdə olmuşdur. Bir darvazadan girib-çıxmışlar. Onlar qeyri-qanuni heç bir ərazini zəbt etməmişlər. 2006-cı ildən onların həmin əraziyə çıxarışları da vardır. O, iddiaçını təhqir etməmişdir. Ona görə iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının müdiri, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə həmin bağçanın işçiləridir. Difər Cavabdeh4 isə qeyd edilən bağçanın qonşuluğunda yaşayır. İddiaçı ilə işçiləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında işlə bağlı, digər Cavabdeh4 ilə bağlı torpaq mübahisəsi olmuşdur. Bunun üçün iddiaçı ilə cavabdehlər arasında münasibətlər gərginləşmişdir. Bu səbəbdən cavabdehlər iddiaçını tənqid etmək üçün sosial şəbəkə vasitəsilə işlədikləri, iddiaçının direktoru olduğu bağçada olan natəmizlikləri barədə video çəkilişlə müsahibə vermişlər. İş üzrə iddiaçı həmin müsahibələrin onun şərəf və ləyaqətinə toxunduğunu bildirərək qeyd edilən görüntüləri DVD diskə də köçürürdərək məhkəməyə təqdim edilmişdir. Qeyd olunan videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş, həmin zaman cavabdehlərin Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının inzibati binası təmirə dayanmış və bağça öz fəaliyyətini orada olan evlərin birində davam etdirir. Uşaqlar şəraitsiz vəziyyətdə sanitar-gigiyenik qaydalara əməl olunmadan təlim-tərbiyəyə cəlb edilir, həmçinin işçilər müdirləri tərəfindən əsassız olaraq təhqir edildiklərini bildirirlər. Görüntülərdə cavabdehlər tərəfindən iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr işlədilməmişdir. Həmin görüntülər telekanal və sosial şəbəkə vasitəsilə yayımlandıqdan sonra Em və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında monitorinq keçirilmiş və bağçada görüntülərdə qeyd olunan nöqsanlar aşkar edilmişdir. Bu səbəbdən də bağçanın müdiri olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmr və əmrin verilməsinə əsas olmuş sənədlər məhkəmə tərəfindən sorğu verilərək əldə edilmişdir. Məlum olduğu kimi internet mediası yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlar da öz fikirlərini məhz internetdə, sosial şəbəkələrdə yaymağa üstünlük verir. Azərbaycan Respublikasının Konstitusiyana uyğun olaraq hər bir vətəndaş onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə bir qayda olaraq qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. İnternet azadlığından istifadə edib hər hansı bir şəxsin kimisə təhqir etməsi, onun barəsində həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli ifadələr işlədilməsi yolverilməzdir. Hər bir internet istifadəçisi həm özünün, həm də digər şəxslərin şərəf və ləyaqətini alçaldacaq, həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli ifadələr işlətməkdən çəkinməli, təhqirə yol verməməlidir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin birinci hissəsinə görə, insan ləyaqəti qorunur və ona hörmət edilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanunumuz olan Konstitusiya ilə qorunmaqdadır. Qanunvericiliyə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması kimi üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir. Bu zaman məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərində göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 44cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, vəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Əgər işə baxılan vaxt cavabdeh kütləvi informasiya vasitəsinin fəaliyyəti dayandırılmış olarsa və ya onun istehsalına və yayımına xitam verilərsə, yayılmış məlumat haqqında hansı kütləvi informasiya vasitəsində təkzib verilməsi və bunun qaydası məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərərçəkənin arzusu da nəzərə alına bilər. Şərəf və ləyaqətin müdafiəsi hüququnun konstitusion hüquq olmasına əsaslanaraq məhkəmələrə izah edilsin ki, maraqlı şəxslər şərəf və ləyaqətlərinin müdafiəsi üçün kütləvi informasiya vasitəsinə təkzib vermək barədə ilkin müraciət etmədən birbaşa məhkəmədə iddia qaldıra bilərlər. Plenum qərarında tövsiyyə edilir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdehlər iddiaçının barəsində şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən söz və ifadələr işlətməmişlər. Onlar yalnız iddiçının direktor kimi vəzifəsinin icrasına tənqidi yanaşmışlar. Tənqid isə bir insanın doğru və ya yalnış tərəflərini tapmaq və göstərməkdir. Cavabdehlər də iddiaçının direktor kimi vəzifəsinin icrası zamanı yalnış tərəflərini taparaq sosial şəbəkə vasitəsilə yaymışlar, həmin görüntülər telekanal və sosial şəbəkə vasitəsilə yayımlandıqdan sonra Em və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında monitprinq keçirilmiş və bağçada görüntülərdə qeyd olunan nöqsanlar aşkar edildiyindən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları və sadalanan qanunvericilik normasını tətbiq edərək hesab edir ki, İddiaçı məhkəmə iclasında və məhkəməyə təqdim etmiş olduğu sənədlərdə, həmçinin DVD diskə baxış keçirilərkən cavabdehlərin onun barəsində şərəf və ləyaqəti ləkələyən hansı söz və ifadələrin işlədilməsi, həmin ifadələrin iddiaçının şərəf və ləyaqəti ləkələyən söz və ifadələr olması məhkəmə iclasında sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə iddiaçının cavabdehdən maddi və mənəvi zərər tələb etməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qanunvericiliyə əsasən şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüquqi şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsinə uyğun olaraq, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Şəxs mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirtdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Həmin Qərarının 3-cü bəndində göstərilmişdir ki, Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər Göründüyü kimi, cavabdehlərin iddiaçının barəsində şərəf və ləyaqəti ləkələyən söz və ifadələr işlətməsi, onun fəal ictimai həyat tərzindən məhrum olmaları, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və sağlamlıqlarına xəsarət yetirilməsi (stres keçirməsi) öz təsdiqini tapmamış və məhkəmə iclasında sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuza xələl gəlməsi üzr istənilməsi, maddi və mənəvi zərərə görə təzminat tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuza xələl gəlməsi üzr istənilməsi, maddi və mənəvi zərərə görə təzminat tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-130/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-130/2025
10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver