Məhkəmə qərarları › İş №2(015)-1307/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1307/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1307/2023 05.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeha qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh ilə faktiki nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat, övladı X1 3 yaşı tamam olanadək əlavə olaraq 100 (bir yüz) manat miqdarında və hamiləliyinə görə əlavə olaraq hər ay 100 (bir yüz) manat pulun onun xeyrinə tutulması və mediasiya xərcinin yarısını təşkil edən 25 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, cavabdehlə 06 avqust 2020-ci il tarixdə Köçəsgər kənd İcra Nümayəndəliyində 09 saylı qeydlə rəsmi nikah bağlamış, 24 yanvar 2021-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X3 adlı uşaqları olmuşdur. Daha sonra cavabdehlə ailə münasibətlərimiz pozulmuşdur. O, hal-hazırda 10 iyul 2023-cü il tarixdən atasının evində yaşayır və işləmir. Belə ki, o ikinci uşağa hamilə olduqdan sonra cavabdeh ona imkanının olmadığını bildirərək atası evinə gətirmişdir. Hazırda 7 aylıq hamilədir. Cavabdeh 5 aydır uşaqla maraqlanmır. 2023-cü il avqust ayının 5-də uşaqları xəstələndiyi üçün Tovuz şəhərinə xəstəxanaya aparmış, cavabdehə zəng etdikdə, uşağın yanına gəlməmiş, telefonu keçirmişdir. Daha sonra bir dəfə belə maraqlanmamışdır. Cavabdeh hal-hazırda Gəncə aeroportunda mühafizə rəisi işləyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib, məhkəməyə etiraz ərizəsini təqdim edib göstərdi ki, iddiaçının iddia ərizəsində yazıqlarının hamısı yalnışdır. Belə ki, o, 500 manat əmək haqqı almaqla, 2-ci Qarabağ Müharibəsinin veteranıdır. Müharibəyə getməmişdən əvvəl, o iddiaçı ilə zaqs kəsdirmiş, lakin müharibə olduğu üçün onu müharibəyə aparmışlar. 3 ay müharibədə olmuş, gəldikdə isə iddiaçı ilə ailə həyatı qurmuşdur. Hal-hazırda o, 500 manat civarında əmək haqqı alır, müharibə iştirakçısı olduğu üçün ondan vergi az tutulduğuna görə 480 manat əmək haqqı alır. Həmin 480 mantdan ay ərzində 15 gün smendə olduğu üçün 150 manat yol xərci olur. İddiaçı isə ondan 220 manat aliment, 100 manat hamiləliklə bağlı 100 manat uşağın xəstəliyinə görə tələb edir. Uşaqları hazırda xəstə deyil. O uşağın müailəcəsi üçün kredit götürmüş, hazırda da kredit ödəyir. İddiaçıya uşağın saxlanması üçün hər ay 150 manat pul verə bilər. Evdə yaşlı atası və anası var. İddiaçının ərizəsində qeyd etdiyi məbləğlər ondan tutulsa banka olan borcunu ödəyə bilməyəcəkdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. Cavabdeh uşaqlarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşaqların maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə müraciət edilməmişdən əvvəl isə mediasiya prosesinə cəlb edilmişlər, lakin mediasiya prosesində razılıq əldə edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Eyni zamanda, qanunvericiliyə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Hazırkı mübahisə üzrə İddiaçı Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tələb edir. İş materiallarından görünür ki, Cavabdeh hal-hazırda Aviasiya Təhlükəsizlik Baş İdarəsi Gəncə Beynəlxalq X7 təhlükəsizlik şöbəsi əməliyyat üzrə qrupunda inspektor vəzifəsində işləyir və aylıq əmək haqqısı 500 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment, eyni zamanda Musazadə Yusif adlı uşağın 3 yaşı tamam olana qədər hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməlidir. İddiaçı eyni zamanda hazırda hamilə olduğu üçün cavabdehdən hamiləliyinə görə əlavə olaraq hər ay 100 (bir yüz) manat pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarında olan tibbi həkim kağızından görünür ki, İddiaçı hamilədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci madəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehdən uşaq doğulana kimi əlavə olaraq 50 manat civarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2023-cü il tarixində iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Məhkəmə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısını təşkil edən 25 manatın cavabdehdən tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X5” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü bəndinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “X5” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X5 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 2700 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 noyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment, eyni zamanda Musazadə Yusif adlı uşağın 3 yaşı tamam olana qədər hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh ikinci uşaq doğulana kimi 50 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 47 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar