Məhkəmə qərarları › İş №2(015)-132/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-132/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-132/2025 15.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh nümayəndələri (atası) Nümayəndə1 və (anası) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun atası Cavabdeh qazancının qeyri müntəzəm və dəyişkən olmasını nəzərə alaraq bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat olmaqla, sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 2023-cü il tarixdə ailə qurmuş, lakin rəsmi nikah bağlamamışlar. Həmin evlilikdən onların xx.xx.2024-cü il tarixdə Yaqub adlı uşaqları anadan olmuşdur. Hazırda uşaq onun himayəsindədir. Hazırda cavabdeh uşağına baxmır və maddi yardım etmir. Ailə münasibətləri cavabdehlə ilk vaxtlar normal olsa da sonradan baş vermiş ziddiyyətlər ailələrinin dayaqlarını sarsıtmışdır və hazırda bir yerdə yaşamaqları mümkün deyil. Özünün və uşaqlarının artan tələbatını təkbaşına təmin edə bilmir. Alimentin könüllü verilməsi ilə bağlı ilkin olaraq Mediasiya qurumuna müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) Nümayəndə2 cavabdehin iddia tələbinə etiraz ərizəsini təqdim edib izahatında göstərdi ki, o, iş üzrə Cavabdeh anasıdır. Oğlu hazırda işsizdir və işlə bağlı məşğulluq idarəsinə müraciət etmişlər. Oğlu bundan əvvəl də 2 dəfə ailə həyatı qurmuş və həmin evlilikdən də uşaqları var. Həmçinin həmin uşaqlara da məhkəmə qaydasında oğlundan aliment tutulur. Oğlu əvvəlki uşaqları ilə ünsiyyətdə olur deyə iddiaçı boş bir səbəbə görə uşağı da götürüb evi tərk etmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (atası) Nümayəndə1 da Nümayəndə2 ilə oxşar məzmunlu izahat verdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək öhdəsində azyaşlı uşağı olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə evliliyindən 24 yanvar 2024-cü il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və uşaq hazırda iddiaçının himayəsində yaşayır. Cavabdeh uşaqlarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesinə müraciət etmiş, lakin bir nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Eyni zamanda İddiaçı Cavabdeh tələb etdiyi hər ay 235 manat aliment ödəmək iqtidarında olmasını qeyd etsə də, cavabdehin qazancları barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə cavabdehdən tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onun hüquq və mənafeyini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 24 yanvar 2024-cü il təvəllüdlü X4 adlı uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,40 = 160 manat) 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X5 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 1920 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 39,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 24 yanvar 2024cü il təvəllüdlü X4 adlı uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 39,2 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar