Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1581/2025 18.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə faktiki nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Ağstafa rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödəmə üsulu dəyişdirilərək, ondan hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahdan xx.xx.2016-cı il tarixdə Nizami adlı bir oğlan uşağı doğulmuşdur. Aralarında olan münasibət pozulduğundan ayrılmalı olublar. Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Ağstafa Rayon Məhkəməsinin 2(015)-1576/2017 saylı, 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 110 manat məbləğində müəyyən edilmişdir. Tələbkar Cavabdeh Ağstafa rayon Məhkəməsinə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin minimum əmək haqqına indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(015)-97/2025 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı indeksasiya olunaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün 0,611 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. 2019-cu ildən “Saloğlu Holding" MMC-də mebel fabrikində usta vəzifəsində çalışır, aylıq vəzifə maaşı vardır. Qazancı müntəzəmdir. O, 2009-cu ildə X3 ilə ailə həyatı qurub. Həmin evlilikdən 15 dekabr 2010-cu il tarixdə Nihad adlı bir oğlan uşağı doğulmuşdur. Həmin şəxslə ayrılmışlar və Tovuz Rayon Məhkəməsinin 2(062)-2502/2018 saylı qətnaməsi ilə hər ay 100 manat məbləğində aliment ondan tutularaq Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Ona görə də, tələbkara ödədiyi alimentin ödəmə üsulu dəyişdirilərək, onunla birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment onun aylıq qazancına yönləndirilməlidir.
a) Məhkəmə icraatı iştirakçısının izahatı:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, o, cavabdehdən başqa bir qadınla ailə qurmuş və həmin nikahdan da övladı olmaqla onlar üçün də aliment ödəyir. Hər iki uşağın alimentini ödəməkdə çətinlik çəkir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi.
5. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Ağstafa rayonu Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 352/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Aşağı Kəsəmən kəndində yaşayır.
7. İş materiallarında olan 14 avqust 2025-ci il tarixli 12 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin, X9, Karkas sexində, usta vəzifəsində işləyir və əmək haqqı aylıq 400 manat təşkil edir.
8. İş materiallarında olan, Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Ağstafa Rayon Məhkəməsinin 2(015)- 1576/2017 saylı, 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(015)-97/2025 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı indeksasiya olunmuşdur.
9. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(062)-2502/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı hər ay 100 manat məbləğində aliment tutularaq Nihad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X1 verilməsi qət edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Ağstafa Rayon Məhkəməsinin 2(015)-1576/2017 saylı, 18 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 110 manat məbləğində müəyyən edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı indeksasiya olunaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün 0,611 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Hazırkı iddia ilə iddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödəmə üsulu dəyişdirilərək, ondan hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasında alimentin tutulma qaydasının dəyişdirilməsi üçün əsas kimi aylıq qazancının sabit olmasını və həmçinin yenidən ailə həyatı qurmasını və həmin nikahdan da bir uşağının olmasını göstərmiş, onun üçün də aliment ödədiyini qeyd etmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 11.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 12.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 13.Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 14.Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 15.Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 16.Qanunvericiliyə əsasən aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. 17.Qanunverici, prinsip etibarı ilə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 18.Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. 19.Məhkəmə qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilməlidir. Lakin iddiaçı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(015)-97/2025 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)-527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı indeksasiya olunaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün 0,611 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulması qərara alınmasının onun maddi vəziyyəti ilə uyğun gəlmədiyini qeyd etsə də, iddiaçının maddi vəziyyətində onun iddiasını doğrulayan əsaslı dəyişiklik baş verməmişdir. İddiaçı tərəfindən təqdim edilən əmək haqqı arayışı göstərir ki, o, "xxxx" MMC-də daimi və rəsmi əmək haqqı ilə işləyir, əmək haqqının dəyişməsi və ya azalması kimi hallar sübuta yetirilməmişdir. İş materialları iddiaçının gəlirlərinin sabit olduğunu, onun maddi durumunun əvvəlki məhkəmə qərarları zamanı olduğu səviyyədən aşağı düşmədiyini göstərir. İddiaçının aliment məbləğinin və tutulma üsulunun dəyişdirilməsi üçün barəsində əsaslı, sübut edilmiş dəyişikliklər olmalıdır. Məhkəmənin hüquqi mövqeyinə əsasən, yalnız iddiaçının subyektiv çətinlikləri və ümumi bəyanatları alimentin azaldılmasına və ya tutulma qaydasının dəyişdirilməsinə əsas vermir. Qanun alimentin məhz uşağın mənafeyinə uyğun olaraq hesablanmasını nəzərdə tutur və uşağın mənafeyi valideynin mənafeyindən üstün tutulur.
20. İddiaçı alimentin ödəmə üsulunun dəyişdirilərək onun hər ay aldığı müavinətin ¼ hissəsi qədər aliment tutulmasını xahiş etmişdir. Nəzərə alsaq ki, borclunun aldığı müavinət 400 manat təşkil edir. Bu zaman uşaqlar üçün ¼ hissədə aliment tutulan zaman bir uşaq üçün tutulan alimentin miqdarı cəmi 100 manat təşkil edir. Bu məbləğ isə 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün müəyyən edilmiş 246 manat məbləğdən qat-qat aşağıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Bu məbləğ tərəflərin uşaqlarına da şamil olunur.
21. Bundan başqa, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. 22.Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 23.Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. 24.Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). 25.Göründüyü kimi Cavabdeh alimentin sabit məbləğində tutulması barədə məhkəməyə iddia vermiş və onun müraciəti əsasında X4 aliment sabit pul məbləğində tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Güllü X2 xeyrinə tutulan alimentin Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tutulmasına razılıq verməyərək alimentin sabit pul məbləğində tutulmasını tələb etmişdir. 26.Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddiası təmin edilə bilməz. 27.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Nəticə hissəsi: 32.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Cavabdeh qarşı alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova