Məhkəmə qərarları › İş №2(015)-1585/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1585/2025

05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1585/2025 05.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq gəlirinin və digər gəlirlərinin ½ hissəsi qədəri ilə alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib bildirmişdir ki, hazırda cavabdehlə birgə nikahdan xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 adlı uşaq cavabdehin himayəsindədir. Ona görə də cavabdehdən xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq gəlirinin və digər gəlirinin 1/3 (üçdə bir) qədəri ilə alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, o, cavabdehlə ailə quraraq nikahlarını 03 dekabr 2015-ci il tarixdə Qazax rayonu Qeydiyyat şöbəsində 282 saylı qeydlə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X4, xx.xx.2018-ci il tarixdə X5 və xx.xx.2022-ci il tarixdə X6 adlı üç uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da sonradan aralarında olan ziddiyyətlər nəticəsində münasibətləri pisləşmiş və ayrılmışlar. Hazırda Qazax şəhərində valideynlərinin yanında yaşayır. Hümbət adlı uşaqları cavabdehin himayəsində, Nərgiz və Aslan adlı uşaqları isə onun himayəsindədir. Cavabdeh Ağstafa rayonu Poylu kəndində yerləşən X9 briqadasında müddətdən artıq hərbi qulluqçu işləyir və aylıq 1200 manat əmək haqqı alır, lakin uşaqların saxlanılması üçün maddi yardım göstərmir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və hal-hazırda ayrı yaşayırlar. xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaq cavabdehin himayəsində, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqlar isə iddiaçının himayəsindədir. Cavabdeh uşaqların maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə Məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə müraciət edilməmişdən əvvəl isə mediasiya prosesinə cəlb edilmişlər. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Eyni zamanda, qanunvericiliyə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Göründüyü kimi, Cavabdeh hal-hazırda Ağstafa rayonu Poylu kəndində yerləşən X9 briqadasında müddətdən artıq hərbi qulluqçu işləməklə aylıq əmək haqqı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki Cavabdeh daimi iş yeri və əmək haqqı vardır, aylıq qazancı müntəzəmdir və tutulan aliment əmək haqqının iki uşaq üçün nəzərdə tutulmuş 1/3 (üçdə bir) hissəsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2025-ci il tarixində iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar