Məhkəmə qərarları › İş №2(015)-1667/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1667/2025

27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1667/2025 27.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında alimentin və uşağın 3 yaşına kimi saxlanılması üçün hər ay alimentdən əlavə olaraq 200 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə quraraq xx.xx.2022-ci il tarixdə nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahdan Banu adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ailənin saxlanılmasında iştirak etmir. Hazırda uşaq cavabdehin yanındadır. Cavabdehin kifayət qədər gəliri olsa da, uşağın saxlanılmasında iştirak etmir, ona heç bir maddi köməklik göstərmir. Cavabdeh N saylı hərbi hissədə işləyərək yüksək əmək haqqı alır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmənin yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə hazırlıq iclasında İddiaçı cavabdehlə alimentlə bağlı heç bir razılığa gələ bilmədiklərini bildirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə hazırlıq iclasında Cavabdeh bildirmişdir ki, övladı üçün maaşının ¼ hissəsi miqdarında aliment və hər ay əlavə olaraq 200 manat ödənilməsinə etiraz etməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: b) Mülki işin materialları:

7. İş materiallarında olan Ağstafa Rayon Polis şöbəsi tərəfindən verilmiş 3-13- 18/MQV-5049/2025 nömrəli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Əliyeva X2 rayonu, M.Ə.Rəsulzadə küçəsi 92 ünvanında qeydiyyatdadır.

8. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 364 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər.

9. Mingəçevir regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İV № 806788 seriyalı, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaq doğulmuşdur.

10. X4 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, mediasiya prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 364 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir nəfər uşağı doğulmuşdur. Uşaq hazırda iddiaçının yanındadır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştirak edərək, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Lakin məhkəmə hazırlıq iclasında cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 15.Məhkəmə alimentin tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 16.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 17.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.. 18.Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 19.Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

20. Qeyd edilməlidir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Aliment miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər valideyn işləyirsə və sabit məbləğdə gəlirə malikdirsə, bu zaman aliment tutulması onun əmək haqqısına yönəldilməklə əmək haqqısının müəyyən hissəsindən tutulur. Aylıq qazancın müəyyən hissəsindən alimentin tutulması, şəxsin qazancının dəqiq olduğu və həmin məbləğdən tutulacaq məbləğ uşağın mənafeyinə zidd olmayacağı təqdirdə mümkündür. 21.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin ¼ hissəsinin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq maaşının ¼ hissəsi tutulmalıdır. 22.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.

24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən əlavə olaraq uşağın 3 yaşı tamam olanadək hər ay sabit pul məbləğində vəsaitin ödənilməsi ilə bağlı iddiaçının tələbini və cavabdeh tərəfindən iddia tələbinin həmin hissədə də qəbul edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına kimi saxlanılması üçün hər ay əlavə olaraq 200 manat tutulmalıdır. 25.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Qeyd olunan Məcəllənin 119.1-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 8.2. maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. 28.Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir.

Nəticə hissəsi: 29.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək 200 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar