Məhkəmə qərarları › İş №2(015)-168/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-168/2025

21.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-168/2025 21.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağından ayrı yaşayan valideynin valideynlik hüquqlarının həyata keçirilməsi qaydaları haqqında tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı uşağından ayrı yaşayan valideynin valideynlik hüquqlarının həyata keçirilməsi qaydaları haqqında tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin hazırda himayəsində olan övladı xx.xx.2022-ci il təvəllüdlü X3 onunla hər həftənin şənbə günü səhər saat 09:00-dan başlayaraq bazar günü saat 18:00-dək, dövlət tərəfindən rəsmi qeyri-iş günü hesab edilən bütün bayram günlərində ünsiyyət hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə tarixdə el adəti ilə toy edərək ailə qurmuşdur. Nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər. Rəsmi nikahdan 31 avqust 2022-ci il tarixdə X3 adlı bir uşaq anadan olmuşdur. Uşaq hazırda cavabdehin himayəsindədir. O, ata olaraq atalıq borcunu yerinə yetirmək və uşağın tərbiyəsində iştirak etmək istəyir. Bunu yalnız məhkəmə qaydasında bərpa edə bilər.

a) Məhkəmə icraatı iştirakçısının izahatı:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, övladı ilə ünsiyyət qurmaq hüququndan istifadə etmək istəyir. Lakin bəzi hallar uşaqla ünsiyyət hüququna mane olur. Odur ki, hər həftənin şənbə günü səhər saat 09:00-dan başlayaraq bazar günü saat 18:00-dək oğlu Asiflə ünsiyyət hüququ verilməsini xahiş edir.

4. Məhkəmə iclasındac Cavabdeh bildirdi ki, o, cavabdehlə övladları Asifin ünsiyyətdə olma hüququna mane olmamışdır. Bu günədək iddiaçı uşaqla müəyyən vaxtlarda ünsiyyətdə olmuşdur. Lakin uşağın azyaşlı olmasını nəzərə alaraq ünsiyyət müddətinin iddiaçının istəyinə uyğun etməmişdir.

5. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Ağstafa Rayon Qeydiyyat şöbəsi tərəfindən veilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuş və həmin uşaq iş üzrə Cavabdeh himayəsindədir.

7. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs Məzil-Kommunal Təsərrüfatı Birliyinin 412 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır.

8. X5 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, X2 xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər arasında aliment və uşaqla ünsiyyət tələbi ilə bağlı mübahisə həll edilə bilməmişdir, mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

9. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, RİH başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” İddiaçı övladarı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə ünsiyyət hüququnun təmin edilməsi üçün həftənin şənbə günü saat 11:00dan bazar günü saat 11:00-dək ünsiyyət hüququ verilməsini məqsədəmüvafiq hesab edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər el adəti ilə ailə qurmuş, nikahlarını xx.xx.2022-ci ildə rəsmiləşdirmişlər. Rəsmi nikahdan 31 avqust 2022-ci il tarixdə X3 adlı bir uşaq doğulmuşdur. Uşaq hazırda cavabdehin himayəsindədir. Tərəflər arasında uşaqla ünsiyyət məhkəməyədək tərəflərin öz razılığı ilə müəyyən edilmişdir. Cavabdeh iddiaçının uşaqla görüşünə şərait yaradır, lakin uşağın azyaşlı olması ilə əlaqədar ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti ilə əlaqədar valideynlər arasında fikir ayrılığı yaranmışdır. Ona görə də, iddiaçı hazırda öz istəyinə uyğun olaraq uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Göründüyü kimi, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir.

11. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 28 oktyabr 2011-ci il tarixli, 6/2011 saylı qərarının 10.1-ci bəndində əsasən valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində nəzərdə tutulur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

13. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideyinlərin nikahının pozulması və ya etibarsız sayılması, valideyinlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

15. Həmin Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə, valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

16. Həmin Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarının tərbiyə etməyə borcludurlar.

17. Həmin Məcəllənin 61-ci maddəsinin tələbinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideyinlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideyinlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

18. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr ilk növbədə uşağın mənafeyini üstün tutmalı, valideynlər arasındakı ziddiyyətli münasibətləri uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidirlər. Hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir.

19. “İnsan hüquqlarının və X1 Haqqında” Konvensiyanın 22 noyabr 1984-cü il tarixli 7 saylı Protokolunun “Ər-arvadın hüquq bərabərliyi” adlı 5-ci maddəsində nəzərdə tutulur ki, “ər-arvad, habelə nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

20. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19 - cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. Göründüyü kimi, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir.

22. İşin araşdırılan hallarından müəyyən olunur ki, tərəflərin ayrıldıqdan sonra birgə nikahdan olan uşaq anası ilə (cavabdehlə) birlikdə yaşayır. Tərəflər arasında uşaqla ünsiyyət məhkəməyədək tərəflərin öz razılığı ilə müəyyən edilmişdir. Cavabdeh iddiaçının uşaqla görüşünə şərait yaradır, lakin uşağın azyaşlı olması ilə əlaqədar ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti barədə valideynlər arasında fikir ayrılığı yaranmışdır.

23. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının 28 oktyabr 2011-ci il tarixli, 6/2011 saylı qərarının 2.2-ci maddəsinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını,onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.

24. Həmin Qərarın 2.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.

25. Həmin Qərarın 3.1-ci maddəsinə əsasən məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1, 61.2 və 61.3-cü maddələrinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

27. Məhkəmə qeyd edir ki, məhkəmə baxışının predmeti olan məsələ uşağın mənafeyi ilə bilavasitə bağlı olan məsələdir. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Ayrılan valideynlər maksimum dərəcədə münasibətlərini uşağının mənafeyinə uyğun qurmalı, ziddiyyətli baxışlarını onlara ötürməməlidirlər. Uşağın tam mənada sağlam böyüməsi ailədə aldığı tərbiyədən asılıdır. Odur ki, valideynlər uşağını birbirinə qarşı qoymamalı, əksinə digər valideynə hörmət bəsləmək ruhunda böyütməlidirlər.

28. İş üzrə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən komissiya İddiaçı övladarı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə ünsiyyət hüququnun təmin edilməsi üçün həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək ünsiyyət hüququ verilməsini məqsədəmüvafiq hesab etmişdir.

29. Məhkəmə verilmiş Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə qismən razılaşaraq qeyd edir ki, hər iki valideynin sosial vəziyyəti uşaqların normal şəraitli mənzildə yaşamaq, qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə kifayət qədər imkan verir. Onların həyat və mənzil şəraitinin vəziyyəti barədə iş materiallarında müayinə aktı mövcuddur. İşdən görünür ki, hazırki vəziyyətdə uşaq azyaşlı olmaqla onun yaşına görə qidalanma, yuxu rejimini, tələbatlarını qarşılanmasına, uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına görə hər gün ana qayğısına daha çox ehtiyacı vardır.

30. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ilə uşağının ünsiyyətdə olması üçün ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti təyin edilməlidir. Ancaq ünsiyyət vaxtının iddiaçının tələb etdiyi qaydada verilməsini də məhkəmə məqbul hesab etmir. Belə ki, iddiaçının bayram günləri də daxil olmaqla görüş hüququnun verilməsi ilk növbədə uşaqların mənafeyinə uyğun deyildir, digər tərəfdən isə bu ünsiyyət qaydası ananın hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə də, uşağın yaşını, yaşına görə qidalanma, yuxu rejimini, tələbatlarını, ümumi mənafelərini, hazırki vəziyyətdə iddiaçının tələb etdiyi qaydada ünsiyyətin verilməsinin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək maneəsiz və sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ verilməlidir.

31. Yəni görüş vaxtı İddiaçı uşağı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək müəyyən edilməli, uşaqların cavabdehdən iddiaçının özü götürməli və uşağı cavabdehə iddiaçının özü qaytarmalıdır.

Nəticə hissəsi:

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı uşağı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00dan 16:00-dək maneəsiz və sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Uşaqla görüş yeri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilsin. Belə razılıq olmadıqda və uşaq məktəb yaşına çatana qədər görüş yerinin müəyyən edilməsi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar