Məhkəmə qərarları › İş №2(015)-1861/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1861/2025

14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1861/2025 14.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ½ hissədə alimentin tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X1, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2024-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin əmək haqqının və başqa gəlirlərinin ½ hissəsində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 27 sentyabr 2014cü il tarixdə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X4, xx.xx.2017-ci il tarixdə X5 və xx.xx.2024-cü il tarixdə X6 adlı üç övladları anadan olmuşdur. Uşaqlar hal-hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri ilk vaxtlar normal olsa da sonradan cavabdehin ailəsinə laqeyd olması səbəbindən münasibətləri pisləşmişdir. Cavabdeh “Polat Yol” şirkətində işləyərək yüksək əmək haqqı almasına baxmayaraq uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclaslarının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, iş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək himayəsində azyaşlı uşaq olduğu üçün onun iştirakı olmadan işə baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmiş, həmçinin Cavabdeh da məhkəməyə teleqram göndərərək işi ilə bağlı Qarabağa getməli olmasını, aliment tələbinə etirazı olmamasını və qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının ərizəsini və cavabdehin teleqramını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2014cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və hal-hazırda ayrı yaşayırlar. Uşaqlar hazırda iddiaçının himayəsindədir. Cavabdeh uşaqların maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə Məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə müraciət edilməmişdən əvvəl isə mediasiya prosesinə cəlb edilmişlər. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Eyni zamanda, qanunvericiliyə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Göründüyü kimi, Cavabdeh hal-hazırda "X15 Sanayi Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialında sürücü, yükləyici vəzifəsində işləməklə aylıq əmək haqqı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki Cavabdeh daimi iş yeri və əmək haqqı vardır, aylıq qazancı müntəzəmdir və tutulan aliment əmək haqqının üç uşaq üçün nəzərdə tutulmuş yarısı hissəsini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2025-ci il tarixində iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X9 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulub İddiaçı verilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar