Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-252/2024 20.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin 1//3 hissəsinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin 1//3 hissəsinin tutulması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 2010-cu ildə el adəti ilə qeyri-rəsmi qaydada ailə həyatı qurduqdan sonra nikahlarını 13 avqust 2011-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 11 iyul 2011-ci il tarixdə X3 və 08 noyabr 2013cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtlar yaxşı olsa da sonradan heç bir səbəblər olmadan cavabdehin xasiyyəti ailəyə dəyişmişdir. Bu səbəbdən də cavabdehlə ayrılmışlar. Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ilə iki uşağın saxlanılmasına görə Cavabdeh 216 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh qazancı çox yüksəkdir. Belə ki, o X7 Donanmasında “Gültəkin Əsgərova” adına gəmidə mühərrik ustası vəzifəsində çalışmaqla yüksək məbləğdə əmək haqqı alır. Lakin onun işləməsi ilə bağlı heç bir yerdən arayış əldə edə bilməmişdir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş məbləğ uşaqların saxlanılmasına kifayət etmir. Ona görə də Ağstafa Rayon Məhkəməsinin 2(015)-1158/2015 saylı 30 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin sabit pul məbləğində deyil, 11 iyul 2011-ci il təvəllüdlü X1 və 08 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çtana kimi saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə iddia tələbini qəbul etdiyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2-ci maddəsinə görə 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında. Alimentin miqdarının dəyişdirilərək ay aylıq qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulması barədə iddiaçının tələbi qeyd olunan maddələrin göstərişinə uyğundur. Belə ki, cavabdeh tərəfindən sabit pul məbləğində ödənilən aliment iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozur. Odur ki, alimentin miqdarı dəyişdirilərək ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Odur ki, alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına imkan verəcək. Məhkəmə qərarlarının icrası təcrübəsindən bəllidir ki, bir sıra hallarda valideynlər aliment ödəməkdən yayınmaq üçün ya daha az əmək haqqı olan işə keçir, ya da qeyri-rəsmi işləməklə özünü işləməyən şəxs kimi təqdim edir. Ona görə də alimentin miqdarı valideyinin rəsmi qazancının məbləğinə görə deyil, onun qazanc əldə etmək imkanlarına (qabiliyyətinə) görə müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəada istifadə olunun “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini əsaslanaraq qeyd edir ki, cavabdehin rəsmi iş yeri vardır və qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment ödəmək imkanına malikdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, № 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-1158/2015 saylı 30 iyul 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 11 iyul 2011-ci il təvəllüdlü X1 və 08 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay iki uşaq üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-252/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-252/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver