Məhkəmə qərarları › İş №2(015)-253/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-253/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-253/2025 23.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizad Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağstafa Rayon Məhkəməsinin 2(015)-632/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 04 sentyabr 2011-cil təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişəm olmasını nəzərə alaraq bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi və X2 keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin yarısının, yəni 25 (iyirmi beş) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə qeyri-rəsmi qaydada ailə qurmuş, nikahları Ağstafa rayonu Xətai KİN-də 22 aprel 2011-ci il tarixdə 15 nömrə ilə rəsmiləşdirmiş, faktiki nikahdan 04 sentyabr 2011-ci il tarixində X4 adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Cavabdehlə aralarında baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmış və bu səbəbdən də Ağstafa Rayon Məhkəməsinin 2(015)-112/2015 saylı, 12 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə arasında olan nikah pozulmuşdur. Faktiki nikahdan 04 sentyabr 2011-ci il tarixdə dünyaya gələn X1 üçün sonuncu dəfə Ağstafa Rayon Məhkəməsinin 2(015)-632/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və bundan əlavə hər ay 35 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh DOST İş MMC-də işləməklə əmək haqqı aldığı üçün əmək haqqından ümumilikdə 85 manat və əlavə 35 manat aliment tutulurdu ki, o ödəməli alimentin məbləği 120 manat təşkil edir. Hazırda cavabdeh işdən azad olunub, yalnız ev təmirləri ilə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə edir. Cavabdeh əldə etdiyi qazancdan 120 manat alimentdən başqa bir manat da olsa övladına xərcləmir. Hazırda uşağı ilə birlikdə qardaşına məxsus yaşayış evində yaşayır və xüsusilə qeyd etmişdir ki, İİİ dərəcəli əlil və anadangəlmə sağ bud-çanağın çıxığı diaqnozu ilə qeydiyyata alınmışdır. Cavabdehdən tutulan 120 manat aliment pulu uşağın tələbatlarını ödəmir. Belə ki, uşağın gündən günə artan tələbatlarını ödəmək onun üçün çox ağır olduğundan alimentin artırılmasını istəyir. Odur ki, Cavabdeh Ağstafa Rayon Məhkəməsinin 2(015)-632/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək. 04 sentyabr 2011-cil təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişən olmasını nəzərə alaraq bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi və X2 keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin yarısının, yəni 25 (iyirmi beş) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş uşaqın saxlanılmasına cavabdehin köməklik etmədiyini, yeni əməliyyat keçirdiyi üçün hal-hazırda işləmədiyini və İİİ dərəcəli əlil və anadangəlmə sağ bud-çanağın çıxığı diaqnozu olduğu üçün əmək qabiliyyətinin cox aşağı olduğunu. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirdi ki, əvvəl DOST mərkəzində işləsə də, hazırda işsizdir. Aliment ödəməyə imkanı olmadığı üçün aliment ödəyə bilməyəcədir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

5. Ağstafa RPŞ tərəfindən verilmiş AZE seriyalı, 11506286 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 04 sentyabr 2011-ci il tarixdə doğulmuşdur.

6. X5 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X2 davam edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesini davam etdirilməyə razılıq verməmişdir, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

7. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(015)-632/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli, 2(015)-112/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentinin məbləği dəyişdirilərək Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında və bundan əlavə hər ay 35 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. İddiaçı ilə Cavabdeh arasındakı birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Uşaq hazırda iddiaçının yanında qalır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, cavabdeh ilkin mediasiya prosesində iştirak etməmiş və mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmişdir. Cavabdeh həmçinin uşaqın saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(015)-632/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 12 yanvar 2015-ci il tarixli, 2(015)- 112/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında və bundan əlavə hər ay 35 manat sabit pul məbləğində alimentin qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmiş, lakin alimentin miqdarı az olduğundan və lazımi qədər uşağın təlabatını ödəyə bilmədiyindən iddiaçı cavabdehdən uşağının saxlanılması üçün tutulan aliment miqdarının artırılmasını tələb etmişdir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

16. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

17. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən hər ay 235 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X3 Ağstafa Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli 2(015)-632/2023 nömrəli qətnaməsinə əsasən anası İddiaçı yanında qalmasını nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aliment tutulmalıdır.

18. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,40 = 160 manat) 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır.

20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir.

Nəticə hissəsi:

25. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 04 sentyabr 2011ci il təvəllüdlü X4 adlı uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 39,2 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Cavabdehdan 50 manat mediasiya xərcinin yarisi olan 25 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar