Məhkəmə qərarları › İş №2(015)-270/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-270/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-270/2024 06.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında uşağın soyadının cavabdehin soyadı, yəni Cavabdeh kimi qeyd edilməsi və Həsənin saxlanılması üçün cavabdehdən 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuş və nikahlarını rəsmiləşdirməmişlər. Həmin evlilikdən onların xx.xx.2010-cu il tarixdə Həsən adlı bir uşaqları anadan olmuşdur. Hazırda uşaq onun himayəsindədir. Cavabdeh tərəfindən uşağa atalıq verilmədiyi üçün məcbur olub uşağı öz soyadına yazdırmışdır. Sonradan isə cavabdeh ümumiyyətlə atalığını verməkdən imtina etmişdir. Bu barədə o, atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində təyin edilməsi üçün Mediasiya qurumuna müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin gəliri qeyri müntəzəmdir və onun uşağı üçün aliment ödəmək qabiliyyəti mövcuddur. Ona görə də atalığın müəyyən edilməsi, yəni cavabdehin İsmayıllı soyadının uşağına verilməsi və sabit pul məbləğində 220 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərdi ki, İddiaçı Cavabdeh ilə 2009-cu ildə ailə qurmuş, onların həmin nikahdan xx.xx.2010-cu ildə Həsən adlı bir uşaqları olmuşdur. Cavabdeh müəyyən səbəbdən uşağından ayrı yaşadığı üçün ona atalıq verməmiş, o cümlədən aliment də təyin edilməmişdir. Cavabdeh İddiaçı Ağstafa rayon Köçəsgər kəndində yaşayır, hal-hazırda ikinci evlilikdən olan uşağının səhhəti ilə bağlı Bakı şəhərində müalicədədir, Bakı şəhərində müvəqqəti olaraq qalır, həm də işləyir. Cavabdeh Medasiya orqanında olarkən atalığı qəbul etdiyini demiş, lakin sonradan fikrindən dönmüşdür. Hal-hazırda atalığı qəbul edir. O, maşaın ustası olmaqla kifayət qədər gəlir eldə edir. Ona görə qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edib məhkəməyə ərizə təqdim edib izahatında göstərdi ki, o, iddia ilə tanış olmuşdur. O, cavabdeh ilə 2009-cu ildə ailə qurmuş, 2010-cu ildə Həsən adlı uşaqları dünyaya gəlmişdir. İddiaçı ilə 3-4 il birlikdə Rusiyanın Surqut şəhərində yaşamışlar. Uşaq orada anadan olmuşdur. Uşağın 3-4 yaşı olanda iddiaçı ilə ayrılmış, iddiaçı valideynlərinin yanına getmişdir. Uşağın sənədini burada almışlar və həmin vaxt o, cavabdehlə artıq ayrılmışdır. Onun bir övladı da var, ona görə də hal-hazırki işlə bağlı aliment təyin olunmasında nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Atalıq məhkəmə tərəfindən müəyyən edildikdə onun qeydə alınması yalnız məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflər 2009-cu ildə tarixdə qeyrirəsmi qaydada ailə qurmuş, həmin evlilikdən xx.xx.2010-cu il tarixdə Həsən adlı uşaqları olmuşdur. İşin bu hallarını hər iki tərəf təsdiq etmişlər. Tərəflər arasında rəsmi nikah bağlanmamış, yəni hazırkı işdə olan sübutlara əsasən müəyyən olunur ki, uşaq aralarında nikah olmayan şəxslərdən (iddiaçı və cavabdehdən) doğulmuşdur. Eyni zamanda tərəflər birgə müvafiq Qeydiyyat şöbəsinə müraciət etməmişlər. Cavabdehin isə həmin uşaqların atası olması mübahisə doğurmur və cavabdehin özü də ərizə verərək həmin uşaqların atası olduğunu etiraf edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsindən görünür ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda atalıq məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, məhkəmə cavabdehin uşağın atası olmasını etiraf etməsi barədə ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi atalığın müəyyən olunması hissəsində təmin olunmalı, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X1 atasının xx.xx.1983-cü il tarixdə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh olması faktı təsdiq edilməli, uşağın doğum haqqında akt qeydləri kitabında düzəliş edilərək, doğum aktı qeydləri kitabında soyadı “İsmayıllı”, adı “Həsən”, ata adı “Səbuhi” kimi yazılmaqla ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı” kimi yazılmalıdır. Məhkəmə tələbin alimentlə bağlı hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onun hüquq və mənafelərini, cavabdehin qeyri stabil qazancı olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü İsmayıllı (Həsənli) Həsən Səbuhi oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki evliliklərindən anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X1 atasının xx.xx.1983-cü il tarixdə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuş, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh olması müəyyən edilsin. 15 yanvar 2010-cu il təvəllüdlü X1 adına olan Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2010-cu il tarixli 957 №-li doğum haqqında akt qeydləri kitabında düzəliş edilərək, doğum aktı qeydləri kitabında soyadı “İsmayıllı”, adı “Həsən”, ata adı “Səbuhi” kimi yazılmaqla ata qrafasında “Cavabdeh”, ana qrafasında “İddiaçı” kimi qeyd edilsin. xx.xx.2010-cu il təvəllüdlü İsmayıllı (Həsənli) Həsən Səbuhi oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 dekabr 2023-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar