Məhkəmə qərarları › İş №2(015)-316/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-316/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-316/2025 24.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı təyin olunmuş alimentin ödəmə üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-640/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək, Cavabdeh hər ay bir uşağın saxlanması üçün 250 manat olmaqla iki uşağın saxlanması üçün ümumilikdə 500 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 30 iyul 2016-cı il tarixdə nikahlarını Ağstafa Rayon qeydiyyat Şöbəsində 105 nömrə ilə rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğunlaşmır, bu səbəbdən ayrılmaq məcburiyyətindədir. Bunun əsl səbəbkarı cavabdehin özüdür. Belə ki, Cavabdeh bir çox səbəblərdən, yəni cavabdehin heç bir səbəb olmadan yersiz deyinməsi, ailəsinə maddi və mənəvi dəstəyi olmaması və sair səbəblər ailənin dağılmasına səbəb olmuşdur. xx.xx.2023-cü ildən cavabdehlə ayrılmış, daha sonra yenidən barışmışdır. xx.xx.2024-cü ildə isə ayrılaraq atası evində məskunlaşmışdır. Hazırda övladı onun himayəsində olmaqla heç bir yerdən qazanc əldə edə bilmir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək bildirdi ki, uşaqlar artıq böyüdüyü üçün xərcləri də artmış, onların saxlanılmasında çətinlik çəkir. Göstərilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, onun digər evliliyindən də iki övladı vardır, onlardan biri ali təhsil alır, təhsil haqqını özü ödəyir. Səhhətində problemləri olduğundan işləyə bilmir, əlavə gəlirləri olarsa övladları üçün əsirgəməyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-640/2023 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 30 iyul 2016-cı il tarixdə Ağstafa rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişir.

7. X5 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər.

8. Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki uşaqları var.

9. Azərbaycan Respublikası Ağstafa rayon Hakimiyyəti başçısının Həsənsu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 498/g nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağstafa rayonu Həsənsu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.İddiaçı Cavabdeh ilə ailə qurmuş, cavabdehlə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı iki uşaqları dünyaya gəlmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-640/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmuşdur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 13.Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 14.Hazırkı mübahisə üzrə iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödəmə üsulunun dəyişdirilərək, əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına, cavabdehin aldığı təqaüddən başqa, digər gəlirlərinin də olduğunu, lakin uşaqların saxlanılmasına köməklik etmədiyini bildirərək, alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Lakin iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması, ərizəsində qeyd etdiyi faktlar və cavabdehin əlavə gəlirlərinin olması barədə məhkəməyə sübut təqdim etməmişdir. 15.Lakin qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

16. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə cavabdehdən tutulan hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(015)-640/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment ödəmə üsulu dəyişdirilərək Cavabdeh hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində olmaqla, cəmi 0,850 misli həddində aliment tutulub İddiaçı verilməlidir.

17. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

21. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-640/2023 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək, İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində olmaqla, cəmi 0,850 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar