Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-469/2025 02.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanması üçün 01 yanvar 2025-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi qədər aliment, cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü uşağın üç yaşı tamam olana qədər hər ay sabit pul məbləğində 100 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ildə el adəti ilə toy edib ailə həyatı qurmuşlar. Cavabdehlə nikahlarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Faktiki olaraq cavabdehlə ayrılmışdır. Uşaqlar onun himayəsindədir. Odur ki, onun himayəsində olan uşağın saxlanması üçün alimentin müəyyən edilməsi həm hazırki, həm də gələcək inkişafı baxımından uşağın ən üstün mənafelərinə uyğundur. Qanunvericiliyin tələblərinə uyğun cavabdehdən uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsində aliment tutulmalıdır. Odur ki, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun alimentin əmək haqqına yönəldilməsinə heç bir etirazı yoxdur. Lakin əlavə xərclər üçün tələb olunan 100 manat pul hissəsində iddia tələbinə etiraz edərək, uşağın bütün ehtiyaclarını özünün qarşıladığını bildirmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi.
4. İddiaçı məhkəməyə ərizə göndərərək, himayəsində azyaşlı uşaq olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
6. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahından bir uşaq – xx.xx.2024-cü il təvəllüdlü X4 doğulmuşdur.
8. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə Tovuz Regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 949 nömrə ilə qeyd edilmişdir.
9. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Cavabdeh X6 Sistemlərinin İstismarı İdarəsində mühəndis-qrup rəhbəri vəzifəsində işləyir, aylıq vəzifə maaşı 815 manat təşkil edir.
10. X7 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, barışıq sazişi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında qızıl-zinət və cehiz əşyaları tələbləri ilə bağlı razılığa gəlinsə də, nikahın pozulması və aliment tələbi ilə bağlı mübahisə həll edilə bilməmişdir, mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə tərəflər qərar qəbul etməmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. İddiaçı ilə Cavabdeh arasındakı birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Hazırda uşaq iddiaçının yanında qalır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, lakin aliment tələbi ilə bağlı mübahisə həllini tapmamış və tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Cavabdeh gəlir əldə etsə də, uşaqların saxlanılmasında iştirak etmir. Eyni zamanda cavabdeh uşağın saxlanılması üçün maddi yardım göstərmədiyindən iddiaçı ondan uşağının saxlanılması üçün aliment tələb etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 13.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
14. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür.
15. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək əlavə xərclərin qarşılanması üçün 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etməsini və tələb olunan məbləğdə aliment tutulmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
17. Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır.
19. Məhkəmə iddiaçıdan tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dördd bir hissəsi miqdarda aliment tutulur.
22. İddia ərizəsindən və cavabdehin izahatından görünür ki, Cavabdeh aylıq əmək haqqı vardır.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqı vardır, aylıq qazancı müntəzəmdir. Həmçinin cavabdeh iddiaçının əmək haqqına münasibətdə alimentin tutulmasını tələb etmişdir. Bu səbəbdən iddiaçıdan tutulacaq aliment əmək haqqının bir uşaq üçün nəzərdə tutulmuş 1/4 (dörddə bir) hissəsi təşkil etməlidir.
24. Bundan başqa, məhkəmə iddia tələbinin cavabdehdən uşaq 3 yaşına çatanadək əlavə xərclərin qarşılanması üçün 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissədə qeyd edir ki, iddianın uşağın üç yaşına çatanadək saxlanılması üçün əlavə xərclər olan 100 manat pulun tutulması hissəsində cavabdeh iddiaya etirazını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin hissədə iddia tələbinin əsaslı olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
27. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
29. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir.
Nəticə hissəsi:
33. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova