Məhkəmə qərarları › İş №2(015)-479/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-479/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-479/2024 23.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi (atası) X3, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 noyabr 2015-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 235 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə ailə həyatı qurmuş və həmin evlilikdən onların 27 noyabr 2015-ci il tarixdə X7 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da sonradan sonradan müəyyən problem yaranmağa başlamış və onlar ayrılmışlar. O, hazırda uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır və uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (atası) X5 iddia tələbini müdafiə edib göstərdi ki, iş üzrə İddiaçı onun qızıdır. Qızının cavabdehlə birgə evliliklərindən 2015-ci il tarixdə bir qız uşaqları anadan olmuşdur. Qızı artıq 4 ildir ki cavabdehlə ayrılmışlar və o, uşağı ilə birlikdə onların yanında yaşayır. Həmçinin qızı nitq qüsurludur və xəstəliyi ilə bağlı pensiya da alır. Ona görə də qeyd etdiklərini nəzərə alıb qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi göndərib iddia tələbinin qismən təmin edilməsini və ondan hər ay 75 manatın tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (atası) X4 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh onun oğludur. Onun oğlu nitq qüsurludur, həmçinin psixi problemləri var. Hər ay 78 manat oğlunun dərman xərcləri vardır. Həmçinin bir baba kimi o, hər zaman nəvəsinin ehtiyacları üçün maddi yardım etmiş, ona paltarlar və məktəb ləvazimatları almışdır. Hazırda oğlunun iş qabiliyyəti yoxdur və xəstəliyinə görə 150 manat pensiya alır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İş materiallarında olan Qazax Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 1838 nömrəli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Qazax Psixiatriya xəstəxanasında olmuşdur. Diaqnozu: F 71.1-orta dərəcəli əqli gerilik lal-karlıqla. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı X2 verilmiş arayışdan görünür ki, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 3-cü qrup ümumi xəstəlikdən əlilliyə görə hər ay 150 manat məbləğində sosial müavinət alır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və uşaq hal-hazırda iddiaçının himayəsindədir. Cavabdeh uşaqlarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl isə mediasiya prosesinə müraciət etmiş, lakin cavabdeh gəlmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Məhkəmə cavabdehdən tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları, cavabdehin 3-cü qrup əlil olmaqla nitq qüsurlu olmasını, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onun hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. “X9 Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 960 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar