Məhkəmə qərarları › İş №2(015)-550/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-550/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-550/2023 03.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin 1/3 hissəsinin tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək xx xxxxxxxx 1993-cü il təvəllüdlü Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Müşafiq oğlu məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək bildirdi ki, həmin mülki iddia tələbini stabit aliment olaraq deyil, alimentin sabit pul məbləğində müəyyən edilməklə xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə qeyri-rəsmi qaydada ailə həyatı qurduqdan sonra nikahlarını 22 noyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtla yaxşı olsa da sonradan heç bir səbəblər olmadan cavabdehin xasiyyəti ailəyə dəyişmişdir. Bu səbəbdən də ayrılmışlar və o, uşağları ilə birlikdə atası evinə məskunlaşmışlar. Bu vaxta qədər də cavabdeh atalıq borcunu yerinə yetirməmiş və uşaqlarına heç bir maddi yardım etməmişdir. Halbuki, cavabdehin qazancı çox yüksəkdir. Belə ki, o, Ağsrafa rayonu ərazisində yerləşən N saylı hərbi hissədə hərbiçi (müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu) olmaqla yüksək məbləğdə aylıq əmək haqqı alır. Uşaqların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, geyim əşyaları tələb olunur. Butun bunları uşaqlar üçün təşkil etmək ona olduqca çətindir, lakin cavabdeh uçaqların normal yaşayışnı təmin etmək üçün köməklik göstərmir. Ona görə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Müşafiq oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 22 noyabr 2018-ci il tarixdə Ağstafa rayonu Köçvəlili kənd İƏD üzrə nümayəndəliyində, həmin tarixli 10 nömrə qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, İddiaçı Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Qarayazı qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh 15 may 2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 170 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 60,80 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 may 2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 60,80 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar