Məhkəmə qərarları › İş №2(015)-602/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-602/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-602/2023 14.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Müşafiq oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 250 manat miqdarında alimentin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu vəkili və nümayəndəsi Nümayəndə Müşafiq oğlu təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Nümayəndə Müşafiq oğlu iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh ilə 2016-cı il tarixdə ailə qurmuşdur. Cavabdehlə iddiaçının nikahı xx.xx.2016-cı il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 1739 nömrə ilə rəsmiləşdirmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2018-ci il tarixdə X2 adlı uşqları anadan olmuşdur. İddiaçının cavabdehlə əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin ailəyə mənfi münasibətinə görə ayrılmaq məcburiyyətində olmuşlar. Belə ki, Cavabdeh ailəyə maddi və mənəvi dəstəyini göstərmirdi. Artıq 2022-ci ilin sentyabr ayından iddiaçı cavabdehlə ayrı yaşayır. Hal-hazırada övladları iddiaçının himayəsində olmaqla, iddiaçının atasına məxsus yaşayış evində yaşayır. Cavabdeh Qazax rayon X5 sürücü işləməkdən əlavə özünə məxsus Qazel markalı avtomobillə yüksək məbləğdə qazanc əldə edir. Buna baxmayaraq cavabdeh öz öhdəsinə düşən valideyinlik borcunu yerinə yetirmir. Ona görə də uşağın saxlanılması üçün aliment kəsilməsi zəruridir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, valideyinlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşağı daha yaxşı saxlamağa şərait yarada bilərdi. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağı üçün təşkil edə bilmir, ona görə də Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay bir uşağın saxlanılması üçün 250 manat miqdarında alimentin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini gəbul etmir. Belə ki, onun maddi vəziyyəti olduqca çətindir. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh 16.10. 2016-cı il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən həmin tarixli 1739 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. iş materiallarına əlavə olunmuş döğum haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarından xx.xx.2018-ci il təvəllüdü X2 adlı bir uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməli, həmçinin uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və hazırkı vaxta kimi atanın aliment ödəməməsi ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia qismən təmin edilməli, Cavabdeh 19 may 2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay bir uşaq üçün 250 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 150 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay bir uşaq üçün 150 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 38 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 may 2023-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar