Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-617/2024 16.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün sabit pul məbləğində aliment tələbi barədə” iddiasına dair mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh bir azyaşlı uşağının saxlanması üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 15 noyabr 2022-ci ildə qeyri-rəsmi nikah münasibətinə girməklə ailə həyatı qurmuş və el adəti ilə cavabdehin evinə gəlin köçmüşdür. Faktiki nikahlarından xx.xx.2023-cü il təvəllüdlü Adəm adlı bir uşağı doğulmuşdur. Artıq 07 yanvar 2024-cü ildən azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Bu müddətdə cavabdeh uşağına heç bir maddi yardım göstərməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşıdıraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə baxışı iclasında iddiaçının izahatına və iş materiallarına əsasən müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamamış və el adəti ilə toy edib faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşlar. Faktiki nikahlarından isə bir uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, aliment hər ay cavabdehin qazancından və başqa gəlirlərindən tutulmaqla 160 manat miqdarında müəyyən edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. O cümlədən BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli, 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay uşağına qazancından və başqa gəlirlərindən 160 manat miqdarında aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində Məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 235 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını bir uşağa görə 160 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay 160 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 -78, 100, 112-ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün sabit pul məbləğində aliment tələbinə” dair iddiası qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq Cavabdeh qazancından və (və ya) başqa gəlirlərindən hər ay 160 (yüz altmış) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-617/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-617/2024
16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver