Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-627/2025 09.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iki uşağın saxlanması üçün 200,00 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarilmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu il tarixdə qeyrirəsmi qaydada ailə qurmuşlar. Həmin evlilikdən onların 18 sentyabr 2012-ci ildə Ramal və 25 avqust 2018-ci ildə Ayla adlı iki uşaqları anadan olmuşdur. Hazırda cavabdeh uşaqlara baxmır və aliment ödəməkdən imtina edir. Aliment barədə iddiaçı Mediasiya Qurumuna müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. Hazırda aliment tələb etməsi üçün yenidən məhkəməyə mütüciət etmək zərurəti yaranmışdır. Ona görə də, məcbur qalıb yenidən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin işləyib alimenti ödəyə biləcəyini bildirir. İddiaçı ailə problemlərinin artmasının onun üçün çətinlik yaratdığını bildirir. Özünün və uşaqların artan tələbatını təkbaşına qarşılaya bilmir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Əvvəlki məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Yazılı ərizəsini məhkəməyə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Yazılı ərizəsini məhkəməyə təqdim edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi.
5. Məhkəmə iş üzrə tərəfləri dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ -İ 42618 və 423619 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş 18 sentyabr 2012-ci ildə X4, 25 avqust 2018-ci ildə X5 adlı uşaqların atası hesab edilmişdir.
7. Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ № 928142 və AZ İV №131953 seriyalı, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin 18 sentyabr 2012-ci ildə X4, 25 avqust 2018-ci ildə X5 adlı uşaqları doğulmuşdur.
8. X6 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X1 davam edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesini davam etdirilməyə razılıq verməmişdir, tərəflər mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüfdlü X5 adlı uşaqları doğulmuşdur. Uşaqlar hazırda iddiaçının yanında qalır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, lakin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
17. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
18. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşaqların saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən və cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən hər ay 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh 2 uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində aliment alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etməsini bildirərək, tələb olunan məbləğdə aliment tutulmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası MPM-nin Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
21. Məhkəmə hesab edir ki, cavabdehdən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır.
22. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,25 = 100 manat) olmaqla ümumilikdə 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır.
24. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Nəticə hissəsi:
29. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqlarının saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər bir uşaq üçün 0,25 misli olmaqla ümumilikdə 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova