Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-856/2025 10.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Ziyaddin oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Ziyaddin oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ziyaddin oğlu ilə birgə nikahlarından anadan olmuş 09 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 255 (iki yüz əlli beş) manat miqdarında aliment tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Ziyaddin oğlu ilə 2016-cı il tarixdə ailə qurmuşdur. Birgə evlilikdən 09 yanvar 2016-cı il tarixdə Adəm adlı oğlu anadan olmuşdur. Lakin xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Artıq yeddi ildir ki, ayrı yaşayırlar. Uşaqları onun himayəsindədir. Onun tələbatı hər gün artır. Cavabdeh isə bir ata kimi bunları nəzərə almır. Odur ki, 09 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 255 (iki yüz əlli beş) manat miqdarında aliment tutulması və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir.
4. Məhkəmə hazırlıq iclasında Cavabdeh Ziyaddin oğlu yazılı ərizəsini məhkəməyə təqdim edərək, səhhətində problem olduğu üçün birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün 100 manat aliment ödəyə bilər. Lakin cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahından bir uşaqları – 09 yanvar 2016-cı il təvəllüdlü X3 doğulmuşdur. 8.X4 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, X1 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ziyaddin oğlu mediasiya sessiyasında iştirak etməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.İddiaçı ilə Cavabdeh Ziyaddin oğlu arasındakı birgə nikahdan 09 yanvar 2016-cı il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Hazırda uşaq iddiaçının yanında qalır. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər mediasiya prosesində iştiraka cəlb olunmuş, lakin Cavabdeh Ziyaddin oğlu mediasiya sessiyasında iştirak etməmiş, aliment tələbi ilə bağlı mübahisə həll edilə bilməmiş və mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilə bilməmişdir.
Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 11.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 12.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 13.Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 14.Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 15.Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 16.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 17.Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 18.İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və iddiaçı uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyindən cavabdeh uşaqların saxlanılması üçün maddi yardım göstərmədiyindən cavabdehdən hər ay 255 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarına gəldikdə isə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini, tərəflərin fikirlərini nəzərə alaraq hesab edir ki, Cavabdeh Ziyaddin oğlundan İddiaçı xeyrinə 09 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,375 = 150 manat) 0,375 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. 20.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıdan həmin tarixdən başlayaraq aliment tutulmalıdır. 21.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 22.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. 26.Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. 27.“Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu”nun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 28.Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin bir il ərzində ödəmələrin məcmusunun 1800 manat olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir.
29. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutulması qanunvericiliyin tələbinə uyğundur.
Nəticə hissəsi: 30.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi
İddia tələbi təmin edilsin. Cavabdeh Ziyaddin oğlundan xx.xx.2025-ci il tarixdən başlayaraq 09 yanvar 2016-cı il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində olmaqla sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh Ziyaddin oğlundan 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh Ziyaddin oğlundan 38 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova