Məhkəmə qərarları › İş №2(015)-868/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-868/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-868/2023 17.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən haqsız olaraq onun barəsində işlətdikləri nalayiq ifadələrə görə ondan “hörmətli İddiaçı Sizdən üzr istəyirəm” ifadəsini deməsini və mənəvi zərərə görə 4000 manatın, məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə və cavabdehin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, cavabdeh onun əmisi gəlinidir. Cavabdehlə aralarında torpaq mübahisələri vardır. Bu səbəbdən cavabdeh onu yersiz olaraq təhqir edir. Cavabdehin həmin hərəkətləri isə onun şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna xələl gətirir. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, İddiaçı onun həyat yoldaşının əmisi oğludur. Aralarında torpaqla bağlı mübahisələri vardır və həmin mübahisə üzrə məhkəmənin qərarları da mövcuddur. O, heç vaxt iddiaçını təhqir etməmiş və onun ünvanına nalayiq ifadələr işlətməmişdir. İddiaçı tamamilə yalan danışır. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Qeyd olunur ki, qanunvericiliyə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması kimi üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir. Bu zaman məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Göründüyü kimi iş üzrə tərəflər qohum olmaqla aralarında torpaqla bağlı mübahisə vardır və həmin hal məhkəmə müstəvisində mübahisələndirilmişdir. İddiaçı məhkəmə iclasında və məhkəməyə təqdim etmiş olduğu sənədlərdə Cavabdeh onun barəsində şərəf və ləyaqəti ləkələyən hansı söz və ifadələrin işlədilməsi, həmin ifadələrin ən azı iki nəfər kənar şəxsin yanında, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilməsi, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formalarında yayılması barədə məhkəməyə sübut təqdim etməmiş və cavabdehin iddiaçının barəsində şərəf və ləyaqəti ləkələyən söz və ifadələr işlətmələri məhkəmə iclasında sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə iddiaçının cavabdehdən mənəvi zərər tələb etməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qanunvericiliyə əsasən şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüquqi şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsinə uyğun olaraq, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Şəxs mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirtdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Göründüyü kimi, cavabdehin iddiaçının barəsində şərəf və ləyaqəti ləkələyən söz və ifadələr işlətməsi, onun fəal ictimai həyat tərzindən məhrum olmaları, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və sağlamlıqlarına xəsarət yetirilməsi (stres keçirməsi) öz təsdiqini tapmamış və məhkəmə iclasında sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin cavabdehin barəsində xüsusi qərardad çıxarılmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə uyğun olaraq, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi hazırki iddia tələbi şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat olmaqla, mülki işə məhkəmə tərəfindən baxılarkən Cavabdeh hər hansı bir hərəkətində və ya hərəkətsizliyində cinayət əlamətlərinin olması aşkar edilməmiş və öz təsdiqini tapmamamışdır. Ona görə də cavabdehin barəsində xüsusi qərardadın çıxarılması məqsədəuyğun deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, üzr istənilməsi və mənəvi zərərə görə təzminat tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar