Məhkəmə qərarları › İş №2(015)-870/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-870/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-870/2024 03.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 yanvar 2014-cü ildə anadan olmuş X5 və 25 may 2017-ci ildə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin yarısını təşkil edən 25 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, o, cavabdehlə 2013-cü ildə ailə qurmuş, nikahlarını 12 dekabr 2013-cü ildə Ağstafa rayonu Xətai KİN-də 31 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan 08 yanvar 2014-cü ildə Gülər və 25 may 2017-ci ildə Səmayə adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ayrılmışlar və təxminən bir ildən çoxdur ki ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir və o, uşaqları və atası ilə birlikdə Bakı şəhərində yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Cavabdeh Gənclər və İdman idarəsində idman müəllimi işləyir və onun bildiyinə görə 900 manat əmək haqqı alır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib göstərdi ki, o, iddiaçıya uşaqlarının saxlanılması üçün maddi yardım edir. Uşaqları üçün aliment ödəməyə razıdır. Hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin X1 və İdman İdarəsində güləş müəllimi işləyir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İddiaçı sonuncu məhkəmə baxış iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan 08 yanvar 2014cü il təvəllüdlü X5 və 25 may 2017-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər ayrılmışlar və uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. Cavabdeh uşaqlarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşaqların saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə Məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesinə müraciət etmiş, lakin cavabdeh gəlmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. İş materiallarında olan Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemində gəlir məlumatları üzrə çıxarışın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin X1 və İdman İdarəsinə məşqçi, güləş müəllimi vəzifəsində işləyir və 1204 manat əmək haqqı alır. Eyni zamanda, qanunvericiliyə əsasən tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə belə hesab edir ki, cavabdehin rəsmi olaraq iş yeri var və hər ay stabil əmək haqqı alır. Ona görə də, cavabdehdən aliment sabit pul məbləğdə deyil, onun aylıq qazancının 1/3 hissəsində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqı vardır, aylıq qazancı müntəzəmdir və tutulan aliment əmək haqqının iki uşaq üçün nəzərdə tutulmuş 1/3 (üçdə bir) hissəsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Məhkəmə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat mediasiya xərcinin yarısını təşkil edən 25 manatın cavabdehdən tutulmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü bəndinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərci məhkəmə xərclərinə aid edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. 08 yanvar 2014-cü il təvəllüdlü X5 və 25 may 2017-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar