Məhkəmə qərarları › İş №2(015)-883/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-883/2025

11.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-883/2025 11.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən iki uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi olaraq 2018-ci ildə ailə qurmuşdur. Nikahları isə xx.xx.2019-cu il tarixdə 08 №-si ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə münasibətləri normal olsa da, sonradan, yəni uzun müddətdir ki, ailədaxili çox saylı mübahisələrə görə münasibətləri pozulmuş, ailənin dayaqlarını sarsılmış, bir-birinə inamı itmişdir. Bu səbəbdən də 2025-ci ilin fevral ayından faktiki olaraq ayrı yaşayırlar. Belə ki, cavabdehin ona və uşağa qarşı olan münasibəti, qayğısızlığı, yersiz tələbləri nəticəsində faktiki olaraq ayrı yaşamaq məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh ilə birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən iki uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı bildirdi ki,özü atassı evində yaşayır, atası 2ci qrup əlildir, özü də işləmir. Uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir, cavabdeh kifayət qədər əməmk haqqı alsa da uşaqların saxlanılmasında iştirak etmir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi.

5. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: b) Mülki işin materialları:

6. Ağstafa RİHB-nin Köçvəlili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2019-cu il tarixdə 08 nömrəli qeydlə qeyd edilmişdir.

7. Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki uşaqları vardır.

8. X6 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X3 iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı X3 iştirak etmiş, lakin Cavabdeh X3 iştirak etməmişdir.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. İddiaçı ilə Cavabdeh arasında birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Uşaqlar iddiaçının yanında qalırlar. Məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl tərəflər ilkin mediasiya prosesində iştiraka cəlb olunmağa çalışılmış, İddiaçı X3 iştirak etmiş, lakin Cavabdeh X3 iştirak etməmişdir. İddiaçı cavabdehdən uşağının saxlanılması üçün aliment tələb etmişdir. Cavabdeh isə iddianı qəbul etdiyini, heç bir etiraz etmədiyini bildirmişdir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 11.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 12.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13.Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. 14.İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini və tələb olunan məbləğdə aliment tutulmasına etiraz etmədiyini bildirmişdir. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 16.Məhkəmə hesab edir ki, cavabdehdən uşaqın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. 17.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. Cavabdeh aliment tutulması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. 18.Məhkəmə iddiaçıdan tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 19.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 20.Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dördd bir hissəsi miqdarda aliment tutulur. 21.İddia ərizəsindən və cavabdehin izahatından görünür ki, Cavabdeh aylıq əmək haqqı vardır. 22.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh daimi iş yeri və əmək haqqı vardır, aylıq qazancı müntəzəmdir. Həmçinin cavabdeh iddiaçının əmək haqqına münasibətdə alimentin tutulmasını tələb etmişdir. Bu səbəbdən iddiaçıdan tutulacaq aliment əmək haqqının bir uşaq üçün nəzərdə tutulmuş 1/3 (üçdə bir) hissəsi təşkil etməlidir. 23.Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında olan iddialarda iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müyyən edilir. Odur ki, Cavabdeh 89,96 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. 24.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin tələblərinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 25.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 28.Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilməlidir.

Nəticə hissəsi: 29.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi İddiaçı xeyrinə hər ay hər iki uşağa ümumilikdə hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq X1 xeyrinə ödənilsin. Cavabdeh 89,96 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar