Məhkəmə qərarları › İş №2(015)-900/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-900/2023

29.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-900/2023 29.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı X3 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə onun arasında “VAZ 21074” minik markalı, 2011-ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair bağlanmış 13 sentyabr 2021-ci il tarixli müqavilənin ləğv edilməsi və avtomobilin Cavabdeh alınaraq ona təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “VAZ 21074” minik markalı, 2011-ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilini 25 ay müddətinə hər ay 335 manat ödəmək şərti ilə vətəndaş Cavabdeh satmışdır. Cavabdeh pulunu həmin vaxtdan ödəmir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir hərəkət etmir və pulu ödəməkdən yayınır. Göstərilən avtomobillə bağlı Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli 2(015)-934/2022 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş və Cavabdeh 2885 manat pul və 49 manat dövlət rüsumunun tutularaq iddiaçı X5 ödənilməsi, iddia tələbinin avtomobil tələbi barədə hissəsinin təmin edilməməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(015)-934/2022 saylı qətnaməsində avtomobilin qaytarılması ilə bağlı göstərilmişdir ki, tərəflər arasında yazılı qaydada bağlanmış müqavilənin ləğv edilməsi tələbi qoyulmadan avtomobil geri tələb edilə bilməz. Belə ki, onun ilə Cavabdeh arasında 13 sentyabr 2021-ci il tarixdə avtomobilin satışına dair razılaşma (iltizam) bağlanmışdır. Keçən müddət ərzində cavabdeh avtomobilə dair müqavilədə göstərilən məbləği ödəməmişdir. Ona görə də o, həmin müqavilənin ləğv edilməsi və avtomobilin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərdi ki, X7 onun həyat yoldaşıdır. Onlar ilə cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehə 25 ay müddətinə aylıq 335 manat ödəmək şərti ilə “VAZ 21074” minik markalı, 2011-ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili icayə vermişlər. Cavabdeh 25 ay müddətində pulu ödəyib bitirdikdə ona ümumi etibarnamə verilməli idi. Lakin halhazırda müqavilə müddəti bitmiş, lakin cavabdeh borcundan cəmi 1200 manat ödəniş etmişdir. Maşın hazırda onun həyat yoldaşının adına olmaqla, etibarnaməni cavabdehə o, vermişdir. Onlar əvvəllər cavabdehdən pulun qaytarılması ilə bağlı tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə qətnaməsində tərəflər arasında qüvvədə olan müqavilə olduğu üçün iddia tələbi həmin hissədə təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsində 2885 manat pulun onun yoldaşının xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh həmin borcdan da heç bir ödəniş etmir. 25 sentyabr 2023-cü il tarixdə həmin müqavilənin müddəti başa çatır. Cavabdeh maşını aldıqda 7600 manat pulun 3200 manat pulu maşın satan şəxsə vermiş, 4400 manatını isə onlar vermişlər. Daha sonra 25 ay müddətinə aylıq 335 manat ödəmək şərti ilə onunla razılaşmışlar. Cavabdeh borcundan cəmi 1200 manat ödəniş etmişdir. 2 ildir ki, avtomobil ondadır və avtomobilin bazar qiyməti artıq aşağı düşmüşdür. Cavabdeh nə məhkəmə qətnaməsi ilə borcunu, nə də aylıq ödənişlərini ödəməmişdir. Hal-hazırda onunla heç bir razılığa gəlməmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan 2885 manat pul tutulub iddiaçıya verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qətnamə hələ də icra olunmamışdır. Belə ki, o, iddiaçıya hissə-hissə pulun qaytarılmasını təklif etmiş, o isə razılaşmamışdır. O, maşın alan zaman arendatorlar lazım olduğu üçün, iddiaçı və həyat yoldaşı ondan nə qədər pul lazım olduğunu soruşduqda, o, 4200 manat pulunun çatmadığını bildirmişdir. 3200 manat da özünün pulu olmuşdur. Belə ki, həmin şəxslər sələm verənlər, yəni 100 faizlə pul verənlərdi. Ona maşın tapıb, zəng eləməyini bildirmişlər. Bundan sonra gedib maşını 7600 manata almışlar. Həmin 4400 manatı isə maşını satan şəxsə onlar vermişlər. Daha sonra iddiaçı maşını öz adına keçirmiş və hər ay onların verdiyi pulu 100 faizlə qaytaracağını bildirmişlər. Ona aylıq 340 manat, 335 manat və 5 manat da karta verəcəyini bildirmişlər. Bundan sonra ona etibarnamə vermişlər və ödənişi ödəmədiyi təqdirdə müqaviləni ləğv edəcəklərini və maşını alacaqlarını bildirmişlər. Daha sonra həyat yoldaşı xəstələnmiş, həmin şəxslər ona telefonda nəlayıq söyüşlər söydükləri üçün, o da acığa düşməyə başlamışdır. Ailəsində problem olduğu üçün borcunun ödənilməsində gecikmələr olmuş, ona görə biraz möhlət istəmişdir. Daha sonra iş məhkəməyə çıxmış və qətnamə qəbul olunmuşdur ki, ondan 2885 manat alınsın və iddiaçıya ödənilsin. Ağstafa rayon İcra və Probasiya şöbəsində Tapdıq müəllim ilə danışmış, ora gedərək himayəsində az yaşlı uşağım olduğu və özünün də sosial işçi olması ilə əlaqədar hissə-hissə ayda 50, 60, 80 manat ödəmək imkanının olmasını bildirmişdir. İddiçının nümayəndəsindən ödəniş üçün hesab nömrəsini istədikdə, o həmin pulun onu qane etməməsini bildirmiş və 2885 manatın birdəfəlik ödənilməsini bildirmişdir. Daha sonra məhkəməyə müraciət edərək, maşının geri qaytarılmasını tələb edəcəyini bildirmişdir. Maşın hazırda onun istifadəsindədir. O, maşının alınmasında 3200 manat, daha sonra hər ay 335 manatdan 1200 manat da ödəniş etmişdir. İddiaçıya etibarnaməni bərpa etməsini, aylıq ödənişlərini ödəyəcəyini təklif etmiş, o isə razılaşmamışdır. Hal-hazırda onun ödədiyi 3200 və 1200 manat pulun ona qaytarılması şərti ilə iddiaçıya maşını qaytara bilər. Ona görə qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli X6 ilə "xxxx" MMC-nin direktoru X2 arasında bağlanmış borc müqaviləsinə əsasən, icarəyə verən, yəni X6 Azərbaycan Respublikası DİN BDYPİ Qİİ, tərəfindən xx.xx.2021-ci il tarixli BA119331 seriya №-li, texniki pasport əsasında VAZ 21074 markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini fəaliyyat üçün icarəçiyə, yəni "xxxx" MMC-nin direktoru X1 icərəyə verir. İş materiallarında olan icarəyə verən "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlı müqaviləyə əsasən Ülvi Məmmədov 25 ay müddətinə hər ay 335 manat ödəniş etmək şərti ilə “VAZ 21074” minik markalı, 2011-ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə Ülvi Məmmədov ödənişi tam həyata keçirdikdən sonra ona baş etibarnamə verilməli və 5 günlük baş etibarnamə ilə avtomobili öz adına sənədləşdirməlidir. Məlum olduğu kimi, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün isə tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Göründüyü kimi, tərəflər öz aralarında üzərlərinə öhdəlik götürməklə müqavilə bağlamışlar. Həmin müqavilənin birinci şərtindən görünür ki, Cavabdeh 25 ay müddətinə hər ay 335 manat ödəniş etmək şərti ilə “VAZ 21074” minik markalı, 2011ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Lakin cavabdeh həmin müqavilənin şərtlərini pozaraq avtomobilin ödənişlərini tam yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehdən tələb edilən həmin avtomobilin qaytarılmasına müqavilə öhdəlikilərinin icra edilməməsindən irəli gələn mülki qanunvericilik normalarının müddəaları baxımından hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.. Göründüyü kimi, "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlı müqaviləyə əsasən Ülvi Məmmədov 25 ay müddətinə hər ay 335 manat ödəniş etmək şərti ilə “VAZ 21074” minik markalı, 2011-ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə Ülvi Məmmədov ödənişi tam həyata keçirdikdən sonra ona baş etibarnamə verilməli və 5 günlük baş etibarnamə ilə avtomobili öz adına sənədləşdirməlidir. X10 müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş və müqavilə şərtlərini pozmuşdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəlləyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (maddə 423.1). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (maddə 423.2). Mülki Məcəllənin 424.3-cü maddəsi isə müəyyən edir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, qeyd olunan nəqliyyat vasitəsi iddiaçının mülkiyyəti olduğundan, cavabdehə verilən etibarnamə ləğv edildiyindən iddia təmin edilməli, "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlı müqavilə ləğv edilməli, Cavabdeh “VAZ 21074” minik markalı, 2011-ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq sahibi X4 verilməlidir. Cavabdehə izah edilməlidir ki, pul ödənişləri ilə bağlı iddiası olduğu halda məhkəmə müstəvisində iddia qaldıra bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə icarədar Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamı” adlı müqavilə ləğv edilsin. Cavabdeh “VAZ 21074” minik markalı, 2011-ci il buraxılışlı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq sahibi X4 verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar