Məhkəmə qərarları › İş №2(015)-992/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-992/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-992/2024 03.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi Cavabdeh bir uşağın saxlanması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 2014-cü il tarixində qeyri rəsmi qaydada ailə qurmuş, nikahlarını cavabdehlə 09 fevral 2019-cu il tarixində Ağstafa rayonu Xılxına KİN-də 02 nömrə ilə rəsmiləşdirilmişlər. Faktiki nikahlarından 21 may 2015-ci il tarixində X1 və xx.xx.2022-ci il tarixdə X2 adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar halhazırda onun himayəsindədir. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsada sonradan baş vermiş ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmışdır. Dəfələrlə cavabdehə şans verilsə də bundan bir nəticə çıxartmamışdır. Sonuncu dəfə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(015)-908/2018 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması və bir uşağın saxlanılması üçün 130 manat alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilsə də övladının xatirinə ailə münasibətlərini bərpa etmişdir. Cavabdehlə barışdıqdan sonra onların ikinci övladı X2 dünyaya gəlmişdir. Lakin cavabdeh yenə də xasiyyətini dəyişmədiyi üçün yenidən ayrılmışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(015)-908/2018 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciəti olmuşdur. Lakin ikinci övladının da saxlanılması üçün aliment kəsilməsi zərurəti yaranmışdır. Bundan başqa o, heç bir yerdə işləmir. Cavabdeh yüksək məbləğdə qazanc əldə edir. Belə ki, cavabdeh kənd təsərrüfatı işləri ilə məşğul olmaqla yüksək məbləğdə qazanc əldə edir. Buna baxmayaraq cavabdeh öz öhdəsinə düşən valideyinlik borcunu yerinə yetirmir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, o, iddiaçı ilə ailə münasibətlərinin pozulmasını istəmir. İki övladları var. Əvvəl də bir dəfə iddiaçı ilə münasibətləri pozulmuş, lakin sonradan yenidən barışmışlar. 3 aydır ki, münasibətləri yenidən pozulmuşdur. İddiaçı hazırda anasının evində yaşayır. Lakin o, iddiaçıya uşaqları üçün maddi yardım göndərir. Hal hazırda heç bir yerdə işləmir və Qarabağ Müharibəsi veteranıdır. Həmçinin böyrək və allergiya xəstəlikləri var. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək mülki işə onun iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddiaçının teleqramını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlərin uşaqlarını saxlamağa borclu olması, onların uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malik olması, uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulması göstərilmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq vətəndaşlar mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə və əmək, həmçinin inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə iddia ərizələri verilməmişdən əvvəl tərəflərin mediasiya prosesində iştirakına cəlb olunmalı, bununla bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, həmin qaydalara riayət edilmədən verildikdə isə iddia ərizəsi geri qaytarılmalıdır. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və digərləri başa düşülür. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan 21 may 2015-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 adlı adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-908/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 02 nömrə ilə qeyd edilmiş nikah pozulmuş və Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflər ayrılmışlar və uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. Cavabdeh uşaqlarının saxlanılması üçün maddi yardım göstərmir. İddiaçı ilə cavabdeh arasında uşağın saxlanılması ilə bağlı saziş yoxdur və cavabdeh uşağın maddi təminatlarını ödəmədiyindən iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəməyə müraciət edilməmişdən əvvəl isə mediasiya prosesinə cəlb edilmişlər, lakin mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması göstərilmişdir. İddiaçı aliment tutulması üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən həmin tarixdən başlayaraq aliment tutulmalıdır. Eyni zamanda İddiaçı Cavabdeh tələb etdiyi hər ay bir uşağa görə 235 manat aliment ödəmək iqtidarında olmasını qeyd etsə də bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə cavabdehdən tutulan alimentin miqdarı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminatının səviyyəsini, onların hüquq və mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qətnamə dərhal icraya yönəldilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçı, cavabdeh isə müharibə veteranı olmaqla hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunan şəxs olduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İş üzrə hər iki tərəf dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar