Məhkəmə qərarları › İş №2(016)-103/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-103/2023

27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-103/2023 27.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X11 qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 10 aprel 2010-cu il təvəllüdlü Elmir, 29 noyabr 2016-cı il təvəllüdlü Şövkət və 27 iyun 2018-ci il təvəllüdlü Damla adlı azyaşlı uşaqlarının saxlanılmaları üçün cavabdehdən onun xeyrinə sabit pul məbləği ilə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat aliment tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə ailə qurmuşlar. Nikahları Ağsu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə 300 saylı nikah akt qeydi üzrə qeydə alınmışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə xx.xx.2010-cu il tarixdə Elmir, xx.xx.2016-cı il tarixdə Şövkət və xx.xx.2018-ci il tarixdə Damla adlı uşaqları anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Cavabdeh ayrıldıqları vaxtdan sonra bir dəfə də olsa uşaqlarına heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən, o, cavabdehdən uşaqların saxlanması üçün aliment tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia tələbində göstərilənləri müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından uşaqları – xx.xx.2010-cu il tarixdə X13, xx.xx.2016-cı il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X12 anadan olmuşdur. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)- 184/2022 saylı qətnaməsindən görünür ki, X5 ilə X16 arasında 17 sentyabr 2009-cuil tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində 300 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçı X2, xx.xx.2010-cu il təvəllüdlü X7 isə cavabdeh X10 yanında qalması qət edilmişdir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)- 767/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X7 iddiaçı X3 himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 120 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində olduğundan, 63,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X8 xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində, sabit pul şəklində aliment tutularaq X4 ödənilsin. 63,20 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu X8 alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar