Məhkəmə qərarları › İş №2(016)-1041/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1041/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1041/2024 23.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il təvəllüdlü X6 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 235 manat olmaqla sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi olaraq xx.xx.2018-ci ildə 1 saylı Bakı “Asan” Xidmət Mərkəzi qeydiyyat şöbəsində ailə qurub nikahda olmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 və X4 adlandırdıqları uşaqları doğulmuşlar. Bildirir ki, nikahları formal xarakter daşıyır, bir ailə kimi yaşamağın mümkünsüzlüyü səbəbindən Cavabdeh Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)- 302/2024 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdehin həmin miqdarda aliment ödəmək üçün tam maddi imkana malik olmasını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı X5 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasına ərizə ünvanlayaraq baxış iclasını onun iştirakı olmadan keçirilməsini və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və xx.xx.2024-cü il tarixdə məhkəmə iclasına ərizə ünvanlayaraq baxış iclasını onun iştirakı olmadan keçirilməsini, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasını qəbul etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-302/2024 saylı qətnaməsinə əsasən, X5 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan” Xidmət Mərkəzi qeydiyyat şöbəsində 1692 nömrə ilə rəsmiləşmiş nikah pozulmuşdur. - AA6162744 serialı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mirzəyeva Əsmanur Kamran qızı xx.xx.2020-ci ildə anadan olmuşdur. Atası Cavabdehdur. - AA6162743 serialı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mirzəyeva Yağmur Kamran qızı xx.xx.2020-ci ildə anadan olmuşdur. Atası Cavabdehdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin mənafeyini, eyni zamanda iddiaçının xahişini nəzərə alaraq belə qənaətə gəlir ki, bir uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən və iddiaçı cavabdeh ilə razılaşdığından iddia qismən təmin edilməli və bir uşaq üçün hər ay 100 manat omaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 və X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün 23 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul şəklində aliment tutularaq İddiaçı verilməli, alimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 və X1 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün 23 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul şəklində aliment tutularaq İddiaçı verilsin. Аlimеntin tutulmаsı hissəsində qətnаmə dərhаl icrа еdilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar