Məhkəmə qərarları › İş №2(016)-1083/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1083/2025

13.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1083/2025 13.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2012-ci ildə anadan olmuş Aynişanın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan cavabdehin xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının 0,25 misli həddində sabit pul şəklində aimentin kəsilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə el adətinə uyğun ailə qurmuş, nikahları qeydiyyat orqanında qeydə alınmamışdır. Cavabdehlə ər-arvadlıq münasibətlərində olub birgə yaşadıqları müddətdə 16 avqust 2012-ci ildə Aynişan adlı uşaqları anadan olmuş və hazırda həmin uşaq cavabdehin himayəsinə verilsə belə cavabdeh ərə getdiyi üçün cavabdehin atası ilə birlikdə qalır. Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(016)-1368/2017 saylı qətnaməsi ilə onun hər ay qazancından 16 avqust 2012-ci ildə Aynişan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(016)- 169/2025 saylı qərərdadına əsasən Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(016)-1368/2017 saylı qətnaməsi ilə onun hər ay qazancından 16 avqust 2012-ci ildə anadan olmuş Aynişan adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutulması indeksasiya olunaraq ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,86 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Onun hazırkı maddi durumu ilə həmin məbləğdə aliment ödəmək iqtidarında deyil. Belə ki, o, yenidən ailə qurmuş, 2 övladı var. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh İddiaçı indiyə qədər 100 manat sabit pul məbləğində aliment ödəyib ki, bu da 1 uşağın yaşaması üçün çox azdır. Ağsu Rayon Məhkəməsi ədalətli qərardad çıxararaq minimum əmək haqqının 0,86 misli həddini sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilmasi haqqında qərardad çıxarmışdır. X13 16 avqust 2012-ci ildə anadan olmuşdur. Artıq böyük qızdır və onun xərcləri də getdikcə çoxalır. Hər ay müəllim yanında hazırlığa gedir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək tələbin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 2(016)-1368/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, X2 16 avqust 2012-ci il tarixdə anadan olan qızı X5 atasının İddiaçı olması müəyyən edilmiş, cavabdeh İddiaçı 16 avqust 2012-ci il tarixdə anadan olan qızı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi, alimentin məhkəməyə müraciət edildiyi xx.xx.2017-ci il tarixdən tutulması qət edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 8(016)-169/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh ərizəsi təmin olunmuş, xx.xx.2012-ci ildə doğulmuş X1 üçün İddiaçı hər ay xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,86 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. - AZ-İİ seriyalı 202576 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 arasındakı nikah xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş, İddiaçı “Əliyev”, X6 “Əliyeva” soyadı verilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən, valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, iddiaçının maddi vəziyyətini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay uşaq üçün minimum aylıq əmək haqqının 0,86 misli miqdarında aliment məbləğini ödəməkdə çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək azaldılmalıdır. Məhkəmə miqdarı dəyişdirilərək azaldılmaqla iddiaçıdan tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və cavabdehin mənafeləri ilə yanaşı iddiaçının da mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanunvericilik aliment məbləğinin müəyyənləşdirməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətə layiq hallar da nəzərə alınmalıdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə aktı ilə təyin edilmiş aliment qanunvericiliyin tələblərinə uyğun olaraq indeksasiya olunsa da, iddiaçının minimum əmək haqqının 0,86 misli məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddiaçının zəruri vəsaitə malik olmasına dair sübutlar təqdim edilmədiyindən, bunun əksinə olaraq iddiaçı tərəfindən hazıradək təyin edilmiş alimenti ödəməyə maddi imkanı olmasını təsdiq edən sübutlar təqdim edildiyindən iddia tələbi qismən təmin edilməli və uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 2(016)- 1368/2017 saylı qətnaməsi ilə təyin edilmiş və onun əsasında Ağsu Rayon Məhkəməsinin 8(016)-169/2025 saylı qərardadı ilə indeksassiya olunmuş alimentin miqdarı dəyişdirilməli, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(016)-1368/2017 saylı qətnaməsi ilə təyin edilmiş və onun əsasında Ağsu Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 8(016)-169/2025 saylı qərardadı ilə indeksassiya olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X5 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar