Məhkəmə qərarları › İş №2(016)-1123/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1123/2023

13.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1123/2023 13.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü Fidan, xx.xx.2019-cu il təvəllüdlü Aydan və xx.xx.2021-ci il təvəllüdlü Ayxan adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə el adətinə uyğun ailə qurmuş və aralarındakı nikah rəsmi olaraq qeydə alınmamışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə 11 iyun 2017-ci il tarixdə Fidan, 29 mart 2019-cu il tarixdə Aydan və 04 sentyabr 2021-ci il tarixdə isə Ayxan adlı uşaqları anadan olmuşdur. Hazırda həmin uşaqlar onunla birlikdə yaşayır. Cavabdehlə ər-arvadlıq münasibətlərinin bərpa edilməsinə heç bir ümid qalmamışdır. Belə ki, cavabdeh o və uşaqları ilə maraqlanmır. Uzun müddətdir ki, ailə təminatlarını ödəmir və spirtli içki aludəçisidir. Bu səbəbdən də cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Çünki ailəsinə hörmət etməyən, özü üçün biganə həyat yaşayan, uşağı ilə maraqlanmayan, onun maddi çatışmazlığını qarşılamayan belə bir həyat yoldaşı ilə birlikdə yaşamaqları heç cürə mümkün deyil. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ona qarşı sabit pul məbləği ilə aliment tələbinə dair iddiasını qismən qəbul edir. İddiaçı heç bir əsaslı səbəb olmadan ondan ayrılmış və valideynlərinə məxsus evə köçmüşdür. O, spirtli içki aludəçisi olmamış və 2013-cü il tarixdən spirtli içki qəbul etməkdən imtina etmişdir. Öz övladları ilə maraqlanır, onların normal fiziki və mənəvi inkişafında iştirak edir. Ağsu rayonu A.Mirzəyev adına Nəmirli kənd ümumi orta məktəbi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 39 nömrəli arayışla təsdiq edilir ki, Cavabdeh məktəbdə dalandar vəzifəsində işləməklə 371 manat əmək haqqı alır. Onun qazancı (gəliri) müntəzəmdir, dəyişən deyil, qazancını natura və ya xarici valyuta ilə almır, qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür, iddiaçının marağını əhəmiyyətli dərəcədə pozmur. Onun qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment almaqla qalan məbləği iddiaçı ünvanlı sosial yardım hesabına təmin edə bilir. Odur ki, 11 iyun 2017-ci il təvəllüdlü Fidan, 29 mart 2019-cu il təvəllüdlü Aydan və 04 sentyabr 2021-ci il təvəllüdlü Ayxan adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı xeyrinə Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) etirazda göstərilənləri müdafiə edərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı xeyrinə Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı 865720 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 iyun 2017-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “Cavabdeh”, anası “İddiaçı” olması qeyd edilmişdir. - AZ-İV seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 mart 2019-cu il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “Cavabdeh”, anası “İddiaçı” olması qeyd edilmişdir. - AZ-İV seriyalı 556191 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 sentyabr 2021-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “Cavabdeh”, anası “İddiaçı” olması qeyd edilmişdir. - Ağsu rayonu A.Mirzəyev adına Nəmirli kənd ümumi orta məktəbi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 39 nömrəli arayışdan görünür ki, Cavabdeh məktəbdə dalandar vəzifəsində işləməklə 371 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 130 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, 66,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 29 sentyabr 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat məbləğində, sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 66,80 (altmış altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar