Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-134/2023 27.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi (vəkili) X5 iştirakları ilə, İddiaçı X2 cavabdeh X3 qarşı “nikahın pozulması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla cavabdeh X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli nikahın pozulmasını, birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Əsra, xx.xx.2019-cu ildə anadan olmuş Tuqay adlı uşaqlarının onun yanında saxlanmalarını, uşaqların saxlanmaları üçün cavabdehdən onun xeyrinə sabit pul məbləği ilə hər ay bir uşağa görə 193 manat, iki uşağa görə 386 manat aliment tutulmasını və ona hədiyyə olunmuş qızıl-zinət əşyalarının və ya dəyərinin 4.500 manat, o cümlədən tərəfindən ödənilmiş 100,40 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikahla qeydiyyatdan keçməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Əsra, xx.xx.2019-cu ildə anadan olmuş Tuqay adlı iki uşaqları anadan vardır. İlk vaxtlar münasibətləri normal olsa da son illər cavabdeh başqa qadınla faktiki yaşadığından münasibətləri pisləşmişdir. Bu səbəbdən aralarında olan nikah qeydinin pozulması, azyaşlı uşaqlarının onun yanında qalması, aliment və ona hədiyyə olunan qızıl-zinət əşyalarının tələb olunmasına dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Birgə nikah dövründə bir neçə daşınmaz əmlaka o cümlədən, Sumqayıt şəhəri 16-cı mikrorayon ünvanında yerləşən “Panorama City” çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, iki otaqlı mənzil almışlar və həmin mənzili birgə nikah dövründə qazanılmış pul hesabına tam təmir etdirmişlər. Cavabdeh onu zorla evdən qovan zaman ailə qurarkən ona hədiyyə edilmiş ağ qızıldan nişan üzüyü Türkiyə istehsalı 5 qram-500 manat, ağ qızıldan sırqa 10 qram-1.000 manat, ağ qızıldan bilərzik Türkiyə istehsalı 10 qram-1.000 manat, boyunbağı 20 qram- 2.000 manat olan qızıl-zinət əşyalarını əlindən alaraq özündə saxlamışdır. Birgə nikahlarından olan xx.xx.2017-ci il tarixdə anadan olmuş Əsra, xx.xx.2019-cu ildə anadan olmuş Tuqay adlı iki uşaqları onun yanında qalır. Onların saxlanılması üçün birgə yaşadıqları müddətdə hər uşağa ayda 250 manat olmaqla iki uşağa 500 manat pul xərcləmişlər. Həmin səviyyəni qorumaq üçün cavabdehdən ayda hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment alınıb ona verilməsini tələb edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə xx.xx.2014-cü il tarixdə bağlanmış AZ-İ 965906 nömrəli nikahın pozulmasını, birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2019-cu ildə anadan olmuş X8 onun yanında saxlanılmasını və uşaqların minimal aylıq xərclərinin ödənilməsinə görə hər uşaq üçün 220 manat, iki uşağa görə 440 manat alimentin tutularaq ona verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında çıxış edərək göstərdi ki, cavabdeh nikahın pozulmasına razıdır, uşaqların anasının yanında saxlanmasına etirazı yoxdur, işləyir, aylıq 405 manat əməkhaqqı alır və hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəyə bilər. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflər 26 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından uşaqları – xx.xx.2017-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X9 anadan olmuşlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh nikahın pozulmasına razıdır, uşaqların anasının yanında saxlanmasına etirazı yoxdur və hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəyə bilər. İş materiallarından görünür ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Normanın tələbindən görünür ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqda, nikah onun pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə eyni zamanda qeyd edir ki, nikah məhkəmə qaydasında pozularkən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi məhkəmənin həll etdiyi məsələlərdən olduğundan, tərəflərin birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmamış uşaqları iddiaçının yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış uşaqları faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında qalmalıdırlar. Məhkəmə iddianın “alimentin tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia göstərilən hissədə qismən əsaslıdır. AM-in 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay bir uşaq üçün 170 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 12 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X7 ilə X6 arasında xx.xx.2014-cü il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində 319 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2017-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X9 anaları X2 yanında qalsınlar. xx.xx.2017-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X1 12 dekabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində, sabit pul şəklində aliment tutularaq X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-134/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-134/2023
27.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver