Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-16/2024 09.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, nikah üzüyü 6 qram 535 prob, komplekt sırqa 12 qram 585 prob, sep 14 qram 585 prob, qolbaq 7.6 qram 585 prob, üzük (setka formasında) 5.4 qram 583 prob, uşağa hədiyyə olunan qolbaq 3 qram ümumilikdə 4.500 manat dəyərinin alınaraq ona verilməsini xahiş etmişdir İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş əridir. O, cavabdehlə el adəti ilə ailə qurmuş nikahı qeydiyyat orqanında qeydə alınmamış qeyrirəsmi ər-arvad münasibətlərində olmaqla birlikdə yaşamışlar. Ailə qurandan sonra Ağsu rayonu, Abasxanlı kəndində yaşamışlar. Cavabdeh evdə söz-söhbət yaradaraq davadalaş salmış, bu səbəbdən də o, ata evinə gedən zaman aşağıdakı özünə məxsus və nikah dövründə ona hədiyyə olunan qızıl - zinət əşyalar yaşadığı evdə qalmışdır. Nikah üzüyü 6 qram - 535 prob dəyəri 510 manat, komplekt 12 qram 585 prob dəyəri 1.020 manat, sep 14 qram 585 prob dəyəri 1.190 manat, qolbağ 7.6 qram 585 prob 646 manat, üzük (setka) formasında 5.4 qram 583 prob dəyəri 459 manat, uşaqa hədiyyə olunan qolbaq 3 qram dəyəri 255 manat - ümümilikdə 4.080 manat dəyərində qızıl-zinət əşyalar. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, ata evinə gedən zaman ona hədiyyə olunan qızıl-zinət əşyalarını yaşadığı evdən çıxarmamışam. Onlar orda olanda qızıllarını ondan almışlar. Bəzilərini alıb, lombarda qoymuşlar. O, evdən çıxanda uşaqları və özü üçün paltar götürmüşdür. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddia əsassızdır. Belə ki, iddiaçının qızıl-zinət əşyaları olmamışdır. Çünki həmin zaman onun atası ev tikdirdiyi üçün qızıl almağa imkanı olmamışdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(016)-312/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi anaları İddiaçı himayəsində saxlanılmaları, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-682/2023 saylı qərardadı əsasında təyin edilmiş ekspertizaya "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli rəydən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, 2(016)-682/2023 saylı mülki iş üzrə təqdim edilən fotoşəkillərdə əks olunmuş və iddianın predmeti olan qızıl-zinət əşyalarının ədalətli bazar dəyəri 10 oktyabr 2023-cü il tarixinə 2.925 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, bunu təsdiq edən hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, iddia etdiyi hallara dair mötəbər sübutları, o cümlədən həqiqətən qızıl-zinət əşyalarının cavabdehdə olmasını və ya onun razılığı olmadan cavabdeh tərəfindən lombarda qoyulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: "xxxx" ASC-nin Bravo 3 filialı, VÖEN: **********, Muxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-16/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-16/2024
09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver