Məhkəmə qərarları › İş №2(016)-306/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-306/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-306/2023 15.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh X8 qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlə birgə nikahlarından xx.xx.2020-ci ildə doğulmuş X4 yanında saxlanmasına görə 18 yaşına çatanadək hər ay uşaqlar üçün minimum yaşayış meyarı olan 220 manat, xəstəliyinin müalicəsi üçün hər ay əlavə olaraq 100 manat, cəmi 320 manat cavabdehdən onun xeyrinə aliment ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları xx.xx.2019-cu ildə RF-nın Kaluqa vilayətinin Dzerjinski rayon bələdiyyəsinin VVAQ şöbəsində bağlanmışdır. Birgəyaşayışları zamanı hamilə olarkən cavabdeh nikahlarını həmin nikahları bağlanan orqanda 25 oktyabr 2019-cu ildə pozduraraq onu vətənə - ata evinə göndərmişdir. xx.xx.2020-ci ildə Ayla adlandırdıqları qızları Bakı şəhərində yaşayan qayınanasının evində olarkən doğulmuşdur. Cavabdeh onu Rusiya Federasiyasında aldadaraq nikahını pozdurub Azərbaycana göndərmiş, lakin uşaq doğulandan sonra ailə-uşağı ilə maraqlanmadığından ata evinə gəlməli olmuşdur. Uşaq doğulduqdan az sonra o, mütəmadi olaraq cavabdehə zəng etmiş, uşağın saxlanması üçün pul göndərməsini bildirmişdir. 2022-ci ilin fevral ayınadək cəmi iki dəfə və cəmi 300 manat pul göndərmiş, daha heç vaxt pul göndərməmişdir. İki dəfə 8 fevral 2022-ci ildə və 13 iyun 2022-ci ildə o,s cavabdehin telefon nömrəsinə mesaj yazmışdır ki, uşağın saxlanması üçün pul göndərsin, xəstədir, həkimə aparacaq, dərman və s. almağa pul göndərsin, lakin göndərməmişdir. 3 aydan sonra artıq uşağın 3 yaşı tamam olur. Özü də işləmir və cavabdeh onun bütün karyerasını məhv etmişdir. Odur ki, cavabdehdən aliment tələb edir. Qanunvericiliyə görə əvvəlki 3 il müddətinə aliment ödənilməsi təyin edilə bilər, bu şərtlə ki, aliment alınması üçün tədbir görülsün. O, bununla əlaqədar dəfələrlə telefon zəngləri ilə yanaşı mesaj da cavabdehin telefonuna yazmışdır. Gördüyü tədbirin təsdiqi üçün həmin yazdığı mesajlardan göndərdiyi mesajları öz telefonunun yaddaşından bir vərəqədə kağız üzərinə sübut kimi köçürmüşdür. Odur ki, uşağın doğulduğu tarixdən aliment ödənilməsini tələb edir. Onu da əlavə edir ki, uşaq əsas dioqonozu: J 06.8 Kəskin respirator xəstəlik, hipertermik sindrom və yanaşı dioqonoz :febril qıcolma R 56 0 üzrə xəstəlikdən mütəmadi müalicə etdirməli olur. Odur ki, normal müalicəsi üçün xeyli pullar tələb olunur. Buna görə də, yəni uşağın əlavə xərclərinə görə də pul ödənilməsini tələb edir. Ailə münasibətlərində aralarında hər hansı saziş bağlanmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından uşaqları – xx.xx.2020-ci il təvəllüdlü X9 anadan olmuşdur. İş materiallarından olan İ-HK 692854 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında olan nikah 25 oktyabr 2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarından olan Respublika Uşaq Klinik Xəstəxanası tərəfindən verilmiş 2298 nömrəli epikrizdən görünür ki, X1 respirator xəstəlik, hipertermik sindrom diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 170 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “uşağın xəstəliyinin müalicəsi üçün hər ay əlavə olaraq 100 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. AM-in 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İş materiallarında göründüyü kimi, X1 respirator xəstəlik, hipertermik sindrom diaqnozu qoyulmuşdur. Odur ki, X4 xəstəliyinə görə cavabdehdən tutulacaq alimentin məbləği hər ay 20 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 17 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, 41.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 may 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X6 17 fevral 2023-cü il tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat, xəstəliyinin müalicəsi üçün hər ay əlavə olaraq 20 (iyirmi) manat məbləğində, sabit pul şəklində aliment tutularaq X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu X6 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar