Məhkəmə qərarları › İş №2(016)-334/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-334/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-334/2025 01.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-560/2024 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında bağlanmış nikah 29 aprel 2021-ci il tarixində ləğv edilmişdir. Akt qeydlər kitabında isə 27 nömrə ilə qeyd edilmişdir. Cavabdeh, X2 ilə birgə nikahlarından 1 övladları 16 noyabr 2012-ci il tarixli X5 dünyaya gəlmişdir. Birgə nikah dövründə bir müddət mehriban yaşamaqlarına baxmayaraq, sonradan aralarında mübahisələr yaranmışdır. Həmin səbəbdəndə nikahları pozulmuşdur. Ağsu Rayon Məhkəməsinin iş 8(016)-11/2025 nörəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən üzərinə ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimat ilə məhkəməyə müraciət edilmiş və Ağsu rayon məhkəməsində ölkədən kənara çıxmaq hüququ mədudlaşdırılmışdır. Əlavə olaraq qeyd edir ki, Ağsu rayon məhkəməsində nikahları pozulmuş və bir uşağa görə 180 manat aliment Cavabdeh xeyrinə ödəmək haqqında qətnamə qət edilmişdir. O, fəhlə işləyir və başqa gəlir yeri yoxdur. Hər ay bir uşaqa görə 180 manat aliment ödəmək onun üçün çox çətindir. Qış aylarında isə iş gördürənlər çox az olur, pərakəndə iş tapmaq daha çox çətin olur. Ağsu 1 saylı Mediasiyaya Təşkilatına ərizə ilə alimentin azaldılmas üçün müraciyyət etmişdir. Cavabdeh İMS-da iştirak etdi. İş mübahisəli olduğundan Mediasıya arayışını aldıqdan sonra o, qeydiyyatda olduğu Ağsu Rayon Məhkəməsinə alimentin azaldılması üçün müraciyyət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, fəhləliklə məşğuldur və ayda 180 manat məbləğində alimenti ödəmək imkanı yoxdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, iddia tələbini qəbul etmir, 2025-ci il üzrə uşaq üçün yaşayış minimumu 246 manatdır, təyin edilmiş aliment uşağın saxlanılmasına çatmır. İddiaçı usta kimi ev təmiri ilə məşğul olur. Yəni işi vardır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-560/2024 saylı qətnaməsindən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(016)- 954/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı 16 noyabr 2012-ci il tarixli X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - xx.xx.2021-ci il tarixli, AZ-İ № 345731 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş və nikahın ləğv edilməsi haqqında akt qeydlər kitabında 27 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının heç bir yerdə işləməməsi onun cavabdehlə birgə nikahlarından olan uşağının saxlanması üçün maddi yardım göstərmək vəziyyətindən azad etmir. Əksinə, ailə qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu uşaqlar üçün 2024-cü il üzrə 235 manat, 2025-ci il üzrə 246 manat məbləğində müəyyən edildiyi halda, məhkəmə qətnaməsi ilə daha az məbləğ 180 manat təyin edilmiş, hazırda iddiaçı 180 manat məbləğindən də aşağı məbləğə azaldılmasını tələb edir, lakin buna əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar