Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-34/2023 06.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X31 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Abdurrəhman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqısatqısına dair notariat müqaviləsinin ləğvi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Abdurrəhman oğlu və Ağsu Rayon Notariat Ofisinə qarşı “xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqısatqısına dair notariat müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN 0003, KOD 40903048 olan Dövlət Akt əsasında birgə paylı mülkiyyətlərində olan 9,09 ha torpaq sahəsi ilə əlaqədar Ağsu rayon dövlət notariat kontorunda (hazırkı adı notariat ofisi) xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin ləğv edilməsinə və tərəfindən ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, babası X28, nənəsi X14, bibisi X25, anası X17, bacıları X3 və X4, bibisi oğlu X30, bibisi qızı X11 və özünə Ağsu rayonu Aqrar islahat Komissiyasının 1998-ci il 19 mart tarixli 03 nömrəli qərarı ilə Ağsu rayonun Bəyimli kəndinin ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün birgə paylı mülkiyyətlərinə “Torpağa mülkiyyət hüququna dair” JN 0003, KOD 40903048 olan Dövlət Akt əsasında 9,09 ha torpaq sahəsi verilmişdir. Babası və nənəsi 2005-ci ildə ölmüşlər. Böyüyəndən sonra bir müddət Bakı şəhərində yaşadığından torpaqdan istifadə etmək marağında olmamışdır. Anası və bacıları da qadın olduqlarından bu işlə məşğul ola bilməmişlər. Yalnız 2021-ci ilin iyun ayında birgə mülkiyyətlərində olan pay torpaqlarının Cavabdeh1 Abdurrəhman oğlu tərəfindən psixi xəstəliyi olan bibisi qızı X8 psixi qüsurundan istifadə edərək aldatma yolu ilə etibarnamə almaqla Cavabdeh2 qanunsuz olaraq satıldığını öyrənmişdir. Nə özü, nə də dövlət aktında adları olan şəxslərdən heç biri alqı-satqı ilə əlaqədar etibarnamə verməmiş, nə də hər hansı bir sənədə imza etməmişlər. Odur ki, bu qanunsuz əməldə təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün 2021-ci ilin həmin aylarında Ağsu rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Prokurorluq araşdırma apararaq 24 sentyabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edərək surətini ona göndərmişdir. Həmin qərardan göründüyü kimi bu qanunsuz alqı-satqı əməliyyatında iştirak edən X5 öldüyündən barəsində AR CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanması rədd edilmiş və ona xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair notariat müqaviləsinin ləğvi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ağsu rayon prokurorluğunda araşdırmanı aparan müstəntiq vəzifəsi üzrə stajor Sona Ağayevanın cinayət işi başlanmasının rədd edilmə qərarı ilə də müəyyən edilmişdir ki, qeyd edilən Dövlət Aktında adları qeyd edilən X1 torpaq sahəsinin alqı-satqısı üçün digər adları qeyd edilən sağ olan şəxslərin heç biri etibarnamə, razılıq və ya imza etməmişlər. Yəni notariat hərəkəti tam qanunsuz edildiyindən aiqı-satqı müqaviləsi də ləğv edilməlidir. Paylı mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz olaraq alqı-satqısının edilməsindən yalnız 2021-ci ilin iyun ayının əvvəllərində xəbər tutub öyrənmiş və bu barədə dərhal rayon prokurorluğuna şikayət ərizəsi vermişdir. Həmin torpağın alqı-satqısı barədə bibisi qızı X18 və əri də onlara heç bir məlumat verməmişlər. Həmçinin torpağın alqı-satqısı ilə əlaqədar aktda adları qeyd olunan şəxslərin heç birinə pul da verilməmişdir. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair" JN 0003, KOD 40903048 olan Dövlət Aktı əsasında birgə paylı mülkiyyətlərində olan 9.09 ha torpaq sahəsi ilə əlaqədar Ağsu rayon dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixli 4Ə/-01-386 saylı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 etibarnamə üzrə nümayəndəsi kimi izahatında göstərdi ki, Meyvə Məlikova anasıdır. Anası İ qrup əlildir. Bu səbəbdən evdən çölə çıxmaq imkanı yoxdur. Mübahisəli torpaq sahəsinin satılmasından onun xəbəri olmamışdır. Bu barədə onun da razılığı alınmamışdır. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin (nümayəndələrinin) məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Ağsu rayon notariat ofisi xx.xx.2023-cü il tarixli, 47 saylı məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Cavabdeh1 Abdurrəhman oğlu izahatında iddia tələbinə etiraz edərək göstərmişdir ki, sözü gedən torpaq sahəsi razılıq əsasında alınmışdır. İddiaçıya məxsus torpağı İlham adlı şəxs almış, pulu da iddiaçının dayısı oğluna vermişdir. İddiaçıdan torpaq almamışdır. Həmin torpaq sahəsinin satışından alınan pulla iddiaçının ailəsi öz evlərini təmir etdirmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 19 dekabr 2022-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, mübahisəli əmlakın alqısatqısında iştirak etməmişdir. Bacısı Nişanənin də bu hadisədən xəbəri yoxdur. O, fiziki və əqli cəhətdən qüsurludur. O da alqı-satqı prosesində iştirak etməyib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 16 yanvar 2023-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, bibisi ona zəng edərək torpaq sahəsinin satılması ilə bağlı xalasının əri Süleyman və baldızının əri Ayazla birlikdə Şamaxı şəhərinə getmişlər. Getmək istəməsədə onu and verərək məcbur aparmışlar. Şamaxı şəhərində tanımadığı bir yerə getdilər. Orada torpaq sahəsini Xəyyam adlı şəxsin alacağını bildirdilər. Həmin vaxt maşında kök kişi oturmuşdur. Yazıb-oxuması yoxdur. Hərfləri tanımır. Həmin vaxt ona 150 manat pul verildi. Həmin məbləğə də paltar almışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 16 yanvar 2023-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, alqı-satqıdan xəbəri olmamış, hər hansı orqana getməmiş və hansısa sənədə imza etməmişdir. Bu barədə sonradan eşitmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 16 yanvar 2023-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, alqı-satqıdan onun da xəbəri olmamışdır. Bu barədə mübahisə yaranarkən qardaşı Vüsaldan eşitmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağın mülkiyyətə verilməsinə dair JN-002B, kod-40903048 olan şəhadətnamənin surətindən görünür ki, X28 və ailə üzvləri olan X14, X26, X17, X3, X4, İddiaçı, X30 və X8 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 19 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə 0,29 ha torpaq sahəsi verilmişdir. - Torpağa mülkiyyət hüququna dair JN-0003, kod-40903048 olan Dövlət Aktının surətindən görünür ki, X28 və ailə üzvləri olan X14, X26, X17, X3, X4, İddiaçı, X30 və X8 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 mart tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 9,09 ha torpaq sahəsi verilmişdir. - 13 sentyabr 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli 7E/03-1347 saylı etibarnaməsinə əsasən X10 adından çıxış edən Ağsu rayonu Çiyni kəndində yaşayan Cavabdeh1 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0003, kod-40903048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X20 məxsus Ağsu rayon Hacıqədirli kəndində yerləşən 49-71 ballı, İİ-İİİ-cü keyfiyyət qrupu əkinə aid olmaqla ailə üzvlərinin razılığına əsasən 9,09 ha torpaq sahəsi Cavabdeh2 satmışdır. Alqı-satqı müqaviləsi 13 sentyabr 2007-ci il tarixdə rəsmiləşdirilmiş və müqavilədə X10 adından etibarnamə əsasında Cavabdeh1 imza etmişdir. Tərəflər satılan torpaq sahəsini 4500 manat qiymətləndirmişlər. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X28 xx.xx.2005-ci ildə Ağsu rayonu, Hacıqədirli kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 03 nömrə ilə qeydiyyat aparılmışdır. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X12 xx.xx.2005-ci ildə Ağsu rayonu, Hacıqədirli kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 04 nömrə ilə qeydiyyat aparılmışdır. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidməti 20 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2017-ci ildə elektron informasiya sisteminə daxil edilmiş müayinə sənədindən görünür ki, X17 təkrar müayinədən keçirilərkən müddətsiz birinci dərəcəli əlillik qrupu almışdır. - Ağsu rayon Dövlər Arxivi tərəfindən 13 yanvar 2022-ci il tarixdə verilmiş 05 nömrəli arxiv arayışından görünür ki, Ağsu rayonu Dövlət Arxivində saxlanılan Sarvan kənd sovetinin Hacıqədirli kəndi 2001-2005-ci illərə aid 4 saylı təsərrüfatbaşına kitabın 135-ci səhifəsində Vüsal Məlkovun mərhum babası X15 təsərrüfat başçısı olmaqla adına 9,86 ha, o cümlədən 9,62 ha kənd təsərrüfatbaşına yararlı, çoxillik əkmələr 0,22 ha, tikili altına 0,22 ha torpaq sahəsi olması qeyd edilmişdir. - Ağsu rayon prokurorluğunun müstətinqi vəzifəsi üzrə stajor Sona Ağayevanın xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə rayon prokurorluğuna müraciət edərək ona və digər 8 qohumuna məxsus olan pay torpaq sahəsinin, onların razılıqları olmadan satılmasını bildirmiş, ərizə araşdırılaraq qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X5 öldüyündən, barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, İddiaçı qərarın surəti göndərilməklə, qərardan şikayət etmək hüququ, eləcə də, Ağsu rayonu Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsinin X19 tərəfindən Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli, 4Ə/01-386 saylı notarial müqavilənin ləğvi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş notariat sənədlərindən görünür ki, Ağsu rayon İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Həmidovun imzası və nümayəndəliyin möhürü ilə təsdiq edilmiş Ağsu rayonu Hacıqədirli kənd sakinləri X17, X3, X4, X30, X26, islamov Müslüm Mikayıl oğlunun adından xx.xx.2007-ci il tarixli ərizə tərtib edilməklə JN-0003, kod-40903048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Nəci Məlikova məxsus 9,09 ha torpaq sahəsinin onlara çatan hissəsinin satılmasına etiraz etmədikləri və hər biri tərəfindən imzalanmış ərizə Ağsu rayon Dövlət Notariat Kontoruna təqdim edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 4/1048 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 10 iyul 2007-ci il tarixli Ağsu rayon dövlət notariat kontoruna ünvanlanmış ərizədə “İmzalar:” hissəsində “1”, “2”, “3”, “4”, “5” rəqəmlərinin qarşısındakı imzalar – X16 tərəfindən yox, X27 tərəfindən yox, X30 tərəfindən yox, X17 tərəfindən yox, Bəkirova (Məlikova) Pakizə Güloğlan qızı tərəfindən yox, Qəhrəmanova (Məlikova) Vüsalə Güloğlan qızı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpağa mülkiyyət hüququna dair JN-0003, kod-40903048 olan Dövlət Aktına əsasən X28 və ailə üzvləri olan X14, X26, X17, X3, X4, İddiaçı, X30 və X8 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 mart tarixli 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 9,09 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə 13 sentyabr 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli 7E/03-1347 saylı etibarnaməsinə əsasən X10 adından çıxış edən Ağsu rayonu Çiyni kəndində yaşayan Cavabdeh1 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0003, kod-40903048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X20 məxsus Ağsu rayon Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsi Cavabdeh2 satmışdır. Alqı-satqı müqaviləsi 13 sentyabr 2007-ci il tarixdə rəsmiləşdirilmiş və müqavilədə X10 adından etibarnamə əsasında Cavabdeh1 imza etmişdir. Tərəflər satılan torpaq sahəsini 4500 manat qiymətləndirmişlər. Qeyd edildiyi kimi torpaq sahəsi X28 və ailə üzvləri X14, X26, X17, X3, X4, İddiaçı, X30 və X8 mülkiyyətinə verilmişdir. Torpaq mülkiyyətçisi X28 xx.xx.2005-ci ildə, ailə üzvü olan X14 isə xx.xx.2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə 4Ə/01-386 reyestr nömrəli müqaviləyə dair notariat işinin surətlərindən görünür ki, sadalanan torpaq mülkiyyətçilərindən yalnız X10 adından, Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli 7E/03-1347 saylı etibarnaməsinə əsasən Cavabdeh1 çıxış etməklə JN-0003, kod-40903048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X28 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 9,09 ha torpaq sahəsi Cavabdeh2 satılmışdır. Alqı satqı müqaviləsinə əlavə edilmiş Ağsu rayonu Hacıqədirli kənd sakinləri X17, X3, X4, X30, X26, islamov Müslüm Mikayıl oğlunun adından tərtib edilmiş xx.xx.2007-ci il tarixli razılıq ərizəsi ərizədə adları qeyd edilən şəxslər tərəfindən deyil, başqa şəxslər tərəfindən imza edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X30, X7 və X4 izahatlarında mülkiyyətçiləri olduqları torpaq sahələrinin satılması barədə məlumatları olmadıqlarını, torpağın satılması ilə bağlı heç kimə etibarnamə və razılıq vermədiklərini, hər hansı notariat orqanına getmədiklərini, satılması barədə son vaxtlar, yəni iddiaçı xəbər tutub bu barədə rayon prokurorluğuna şikayət etdikdən sonra məlumatları olduqlarını göstərmişlər. Yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında torpaq satılması ilə bağlı xalasının əri Süleyman və baldızının əri Ayaz tərəfindən and verilərək məcbur aparılması nəticəsində oxuyub-yazma bilmədiyindən hansısa sənədə imza etdiyini və bunun müqabilində ona 150 manat pul verildiyini qeyd etmişdir. Bu hallar İddiaçı rayon prokurorluğuna müraciət edərək ona və digər 8 qohumuna məxsus olan pay torpaq sahəsinin, onların razılıqları olmadan satılması barədə xx.xx.2021-ci il tarixli ərizəsinin araşdırılması zamanı da əksini tapmışdır. Belə ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ağsu rayonu Hacıqədirli kənd sakini X2 rayon İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işlədiyi müddətdə, öz vəzifə səlahiyyətlərindən sui istifadə, yəni üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Ağsu rayonu Hacıqədirli kənd sakinləri X17, X3, X4, X30, X26, islamov Miislüm Mikayıl oğlunun adından xx.xx.2007-ci il tarixli ərizə tərtib etmiş, həmin rəsmi sənəd hesab olunan ərizəyə bilə-bilə adları qeyd edilən şəxslərin adından saxta imzalar qoyulmasını təmin edərək, ərizəni Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi imzalayıb, nümayəndəliyin möhürü ilə təsdiq etməklə Ağsu rayon Dövlət Notariat Kontoruna təqdim etmiş və nəticədə adları qeyd edilən şəxslərin birgə mülkiyyətində olan Ağsu rayonu Hacıqədirli kəndi ərazisində yerləşən 9,09 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməklə, həmin şəxslərin qanunla qorunan mülkiyyət hüququna mühüm ziyan vurmuşdur. Bununla da, X5 öldüyündən, barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, İddiaçı qərarın surəti göndərilməklə, qərardan şikayət etmək hüququ, eləcə də, Ağsu rayonu Hacıqədirli kəndində yerləşən 9,09 ha torpaq sahəsinin X19 tərəfindən Cavabdeh2 satılması ilə bağlı xx.xx.2021-ci il tarixli, 4Ə/01-386 saylı notarial müqavilənin ləğvi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi barədə xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilci vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun gostərişinə və ya buna vəkiledilmiş dovlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə gorə başqa şəxs (təmsil edilən)adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir vəonlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair tələb üzrə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından görünür ki, iddiaçı ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin satılmasından məlumatı olduqdan sonra Ağsu Rayon Prokurorluğuna müraciət etmiş və rayon prokurorluğu tərəfindən araşdırma aparılan zaman alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş razılıq ərizəsində qeyd edilən imzaların ərizədə göstərilən şəxslər tərəfindən icra olunmadığı müəyyən edilmiş, lakin ərizəni təsdiq edən X5 öldüyündən, barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmasının xx.xx.2021-ci il tarixli qərarla rədd edilərək iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçıda bundan sonra xx.xx.2022-ci il tarixdə hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən (xx.xx.2021-ci il tarixdən) bir il ərzində (xx.xx.2022-ci il tarixdə) əqdi məhkəmədə mübahisələndirmiş və bu səbəbdən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X10 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Ağsu rayon Dövlət Notariat kontorunda bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X10 adından çıxış edən Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 sentyabr 2007-ci il tarixdə Ağsu rayon Dövlət Notariat kontorunda bağlanmış 4Ə/01-386 saylı torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-34/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-34/2023
06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver