Məhkəmə qərarları › İş №2(016)-381/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-381/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-381/2025 16.04.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq Cavabdeh verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2000-ci il tarixdə 518 saylı nikah aktı üzrə rəsmi nikaha girib ailə qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. 24 noyabr 2017-ci il tarixli qətnaməyə əsasən nikahları pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi hər uşağa görə hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat aliment təyin olunmuşdur. Ağsu Rayon Məhkəməsinin 2(016)-1249/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-1783/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və İddiaçı hər ay hər uşaq üçün 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. O, cavabdehdən ayrıldıqdan sonra xx.xx.2019-cu il tarixində 124 saylı nikah akta əsasən rəsmi olaraq X16 ilə ailə qurmuş, həmin nikahdan da xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X17 adlı uşaqları var. Həmin uşaqların da tələbatları və xərcləri onun öhdəliyindədir. X16 ilə də aralarında olan narazlığa əsasən ayrılmışlar və ayrıldıqdan sonra Aysel ona qarşı aliment tələbinə dair iddia qaldırmış və Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(016)-1044/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X17 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq X11 ödənilməsi qət edilmişdir. O, “Azneft” İB-nin Dalğıc Xidmətində matros işləyir və əmək haqqısı 1.310 manat təşkil edir. Bundan başqa valideynləri ilə birlikdə yaşayır, anası, atası və əlil olan qardaşına baxır. X4 “Şəkərli Diabet tip 2 orta ağır formada” diaqnozu ilə endokrinoloji dispanserdə qeydiyyatda dayanır. X2 birinci qrup əlildir. Qeyd olunan ailə üzvlərinin xərclərini, tələbatlarını, müalicəsini o çəkir. Həmçinin də aldığı əmək haqqının 1/3 hissəsi məbəğində Cavabdeh, 1/4 hissəsi məbləğində X11 aliment ödəyir. Göründüyü kimi, Cavabdeh uşaqların saxlanması üçün ödənilən aliment məbləği gəlirinin 1/2 hissəsindən çox olduğundan azaldılması zərurəti yaranmışdır. Cavabdeh hal-hazırda işləyir və aylıq qazancı var. Ona görə də Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasını istəyir. Aralarında olan mübahisənin mediasiya prosesində həlli ilə əlaqədar müraciət olunsa da mediasiya prosesində razılıq əldə etməmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iclasında çıxış edərək bildirdi ki, iddiaçının dedikləri yalandır. O ikinci həyat yoldaşı ilə ayrılmamışdır. Sadəcə birinci həyat yoldaşına verdiyi alimentin məbləğinin azaldılması üçün ikinci həyat yoldaşından da rəsmi ayrılmış və ona aliment ödəyir, baxmayaraq ki, birlikdə yaşayırlar və həqiqətən ayrılmamışlar. Cavabdeh işləmir, maddi imkanı çox zəifdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “sabit pul şəklində aliment tutulmasının dəyişdirilib qazancın üçdə bir hissəsində aliment tutulması” tələbinə dair iddiası təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment dəyişdirilmiş, xx.xx.2014cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(016)-1044/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, 23 sentyabr 2020-ci il təvəllüdlü X13 və 06 iyun 2022-ci il təvəllüdlü X10 yеtkinlik yаşlarınа çаtаnаdək saxlanmaları üçün 23 iyul 2024-cü il tarixdən hesablanmaqla cavabdeh İddiaçı hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsin əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən, valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 76.1.3-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Hazırkı halda X7 və X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay 2 uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə ziddir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının X13 və X17 adlı iki uşağının saxlanılması üçün Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(016)-1044/2024 nömrəli qətnaməsi ilə iddiaçıdan aliment tutulduğundan, hazırkı iş üzrə X7 və X1 üçün iddiaçıdan tutula biləcək aliment miqdarı onun gəlirinin yarısının, yarısı, yəni 1/2 hissəsinin 1/2 hissəsini, başqa sözlə gəlirinin 1/4 hissəsini təşkil edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yеtkinlik yаşlarınа çаtаnаdək saxlanmaları üçün İddiaçı hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(016)-600/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliment dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yеtkinlik yаşlarınа çаtаnаdək saxlanmaları üçün İddiaçı hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsinin 1/2 hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar