Məhkəmə qərarları › İş №2(016)-406/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-406/2023

10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-406/2023 10.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh X9 iştirakları ilə, İddiaçı X3 cavabdeh X11 qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü Mələk Fatimə və xx.xx.2019-cu il təvəllüdlü Ayişənin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 193 manat alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 01 oktyabr 2021-ci il tarixdə pozulmuş və bu barədə Ağsu rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü Mələk Fatimə və xx.xx.2019-cu il təvəllüdlü Ayişə adlı uşaqları anadan olmuşdur. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 2(016)-595/2021 saylı qətnaməsinə əsasən hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində ona ödənilməli olan alimenti ödəməkdən yayınaraq ödənişləri etməmişdir. Sonradan onu aldadaraq bildirmişdir ki, həmin alimenti ödəməyə imkanı yoxdur, lakin sosial yardım düzəltməyə ona kömək edər, ona görə də o, alimentdən imtina etməlidir. O qanunu bilməyən bir insan olaraq ona inanaraq cavabdehlə birgə Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gedərək alimentdən imtina etməsi ilə bağlı bilmədiyi sənədlərə qol çəkmişdir. Lakin bu günə kimi cavabdeh ona verdiyi sözləri yerinə yetirməmiş, sadəcə onu aldadaraq məhkəmə tərəfindən kəsilən alimentdən imtina elətdirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, işləyir və 400 manat əməkhaqqı alır. Boşanandan bura uşaqları hər gün gəzdirir, pul verir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, tərəflər 20 may 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından uşaqları – 22 dekabr 2015-ci il təvəllüdlü X2 və 05 mart 2019-cu il təvəllüdlü X10 doğulmuşlar. İş materiallarından olan Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)- 595/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh X1rşı “nikahın pozulması” ilə bağlı iddiası təmin edilmiş, X12 ilə X5 arasında 20 may 2015-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1275 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 22 dekabr 2015-ci il təvəllüdlü X2 və 05 mart 2019-cu il təvəllüdlü X10 anaları X3 yanında qalmaları, 22 dekabr 2015-ci il təvəllüdlü X2 və 05 mart 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X8 01 sentyabr 2021-ci il tarixdən başlayaraq, hər ay, hər bir uşaq üçün 120 (yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarından olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Xanbulaq kənd İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 rayonu, Elabad kəndində qeydiyyatda olmaqla aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı - Dabbaghnaghızadeh Masoumeh, qızları - X2 və X10. Rəsmi nikahda ayrı olsalar da, hal-hazırda bir evdə yaşayırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay bir uşaq üçün 130 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-595/2021 nömrəli qətnaməsi ilə X8 X3 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. 22 dekabr 2015-ci il təvəllüdlü X2 və 05 mart 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X8 hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində, sabit pul şəklində aliment tutularaq X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz manat) manat məbləğində dövlət rüsumu X8 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar