Məhkəmə qərarları › İş №2(016)-432/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-432/2023

06.06.2023 · Müqavilələrin ləğv edilməsi - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-432/2023 06.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X48 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ona dair olan hissədə etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ona dair olan hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0042 KOD 40912048 olan torpağa birgə paylı mülkiyyət hüququna dair Dövlət Aktı əsasında torpaq sahəsinin Ağsu rayon dövlət notariat kontorunda bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə/01-127 saylı alqı-satqısına dair müqavilənin ona dair olan hissədə etibarsız hesab edilməsi və öz payıma düşən 8/1 hissəsinin müəyyən edilib naturada bölünüb ona verilməsinə, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona qaytarılmasına dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildən kənddən çıxaraq bir müddət Bakı şəhərində, 2007-ci ildən isə hazıra kimi isə Ağsu rayonunun Qaravəlli kəndində yaşayır. O vaxta kimi isə kənddə atası, analığı, bacı və qardaşları ilə bir evdə yaşamışdır. Ağsu rayon X25 14 dekabr 1988-ci il tarixli, 14 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Ağsu rayonu Qaravəlli kəndində yerləşən 10,53 ha pay torpağı atası X22, ögey anası X10, qardaşım X16, sonuncunun arvadı X27, Kəmaləddinin oğlu X6, bacısı X32, qardaşı X35 və onun birgə mülkiyyətinə verilmiş, həmin pay torpağı üzrə 7N-0042 saylı , xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi olduğu təsdiq edilmişdir. 2022-ci ilin əvvəllərində məlumat aldı ki, paylı mülkiyyətinə aid olan həmin birgə paylı torpaq sahəsi o zamankı Ağsu rayon dövlət notariat kontoru vasitəsi ilə qonşu kənd sakini Cavabdeh1 xəbəri olmadan satılmışdır. Bundan sonra Ağsu rayon dövlət notariat kontoruna müraciət etsə də, uzun müddət keçdiyi üçün müqavilənin Ədliyyə Nazirliyinin arxivində saxlandığını bildirmişlər. Bundan sonra vəkil vasitəsi ilə Ədliyyə Nazirliyinə müraciət edərək xx.xx.2008-ci il tarixdə imzalanmış müqavilənin sənədlərinin surətlərini rəsmi qaydada əldə edərək həmin müqavilə sənədlərinə baxış keçirən zaman, 12 may 2008-ci ildə adından Ağsu rayon dövlət notariat kontoruna ərizə yazılaraq imzalandığını, həmin ərizəyə əsasən, guya 10,53 ha. pay torpaq sahəsinin ona çatan hissəsinin satılmasına etiraz etmədiyini müəyyən etdi. Lakin qeyd edilən ərizədən heç vaxt məlumatı olmamış, həmin ərizəni imzalamamış, ərizədə olan imzaların heç biri ona aid deyildir. Qeyd edilən ərizə həmin vaxt Ağsu rayon Növcü kənd ərazi bölgəsi üzrə nümayəndəsi işləmiş Cavabdeh2 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Onu da qeyd edir ki, torpaq satışında saxta sənədlər tərtib edib öz bacısı oğluna torpağın satışını və digər sənədləşməni təşkil etmişdir. Odur ki, öz payına düşən torpaq payının müəyyən edilib qaytarılması üçün ölkə Prezidentinə və Respublikanın Baş Prokuroruna etdiyi müraciət məktubları Ağsu rayon prokuroruna göndərilmiş və prokurorluğun araşdırması zamanı yuxarıda göstərdikləri öz təsdiqini tapmışdır. Lakin prokurorluq cinayət məsuliyyətinin cəlb etmə müddəti keçdiyindən Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi və ona məxsus pay torpaq sahəsinin razılığı olmadan satılması ilə bağlı dəymiş ziyanın ödənilməsi və digər tələblərlə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması barədə 16 iyun 2022-ci il tarixldə qəbul edilmiş qərar ona göndərilmişdir. Bütün bunlar cavabdehlərin ona qarşı saxtakarlıq cinayəti etməsi və nəticədə əsassız varlanması nəticəsində baş vermişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 həmin torpaq ərazisində icazəsiz dəyirman tikiblər. 10 ildir kartla pul alıb. 3 ildr onlardan ötrü məhkəmələrə müraciət edir. Cavabdehin təqdim etdiyi 3000 manat almasına dair xx.xx.2021-ci il tarixli sənəd üzrə 3000 manatı almış, lakin həmin sənədi o, yazmamış, sadəcə imzalamışdır. Göstərilən məbləği isə ona torpaqdan hazıradək istifadəyə görə kompensassiya kimi vermişlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib göstərmişdir ki, sözü gedən torpaq sahəsi razılıq əsasında 2007-ci ildə alınıb. Həmin pul da iddiaçının atasına verilib. Alqı-satqı prosesi bir neçə il əvvəl olduğu üçün dəqiq vaxtını xatırlamır. Alqı-satqı müqaviləsi notarial qaydada notariat kontorunda rəsmiləşdirilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada qarşı tərəflə razılıq əsasında torpağın həmin dövr üçün nəzərdə tutularaq pulu ödənilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda torpağın dəyəri qalxdığı üçün iddiaçı məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, həmin dövrdə Çiyni kənd ərazi dairəsi üzrə icra nümayəndəsi işləmişdir. Hazırda təqaüddədir. Torpaq satılanda orada olmuşdur. Orada olan imzaları da kənddə çəkmişlər. Təxminən 5-6 ay əvvəl bu məsələ ilə bağlı Prokurorluğa çağırılanda iddiaçının atası etiraf etdi ki, torpağın pulu alınıb. O vaxt alınan torpağın pulu iddiaçının ailəsinə ödənilib. Ailədə hamısı torpağın satılmasını bilmişdirlər. Hətta bundan əlavə iddiaçının müraciəti əsasında 2021-ci ilin 20 dekabr tarixində 3000 manat da pul ödəmişlər. Bununla bağlı iddiaçının yazdığı ərizəni də məhkəməyə təqdim etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. X7 məhkəmə iclasında göstərmişdir ki, ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 10 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə öz payını, yəni 1,5 ha hissəsini satmışdır. Oxuyub yaza bilmir. Torpağın satılması üçün etibarnaməni notariusda işləyən Təranə xanıma vermişdir. Torpaq sahəsi ailə üzvləri tərəfindən əkilməmişdir. Həmin ərazini də görməmişdir. İmzanı özü çəkmişdir. Həmin torpaq sahəsini satdığına görə 600 manat pul almışdır. Daha doğrusu etibarnamə verdiyi Təranə xanım həmin pulu almışdır. Torpağın satılmasından həmin vaxt İddiaçı məlumatı olmamışdır. X13 məhkəmə iclasında göstərmişdir ki, birgə mülkiyyətlərinə verilmiş torpaq paylarının satılmasından məlumatı olmamışdır. Az-Granata MMC-də xadimə işləyir. Cavabdeh1 tanımır. Torpağın satılmasından həmin vaxt İddiaçı məlumatı olub-olmamasını bilmir. X8 məhkəmə iclasında göstərmişdir ki, Kəmaləddin Məmmədovun arvadıdır. Torpaq payı ona, yoldaşına, oğluna verilmişdir. Qaynatasının torpaq sahəsini satmasından xəbəri olmayıb. Cavabdeh2 həmin ərazini icazəsiz özəlləşdirib. Hər hansı sənədə imza etməmişlər. Satıldığı zaman iştirakçı da olmamışlar. Qaynatasının 5000 manat pul almağından xəbəri yoxdur. Torpağın satılmasından həmin vaxt İddiaçı məlumatı olubolmamasını dəqiq bilmir. X5 məhkəmə iclasında göstərmişdir ki, torpağın atasının satmasından məlumatsız olmuşdur. Həmin torpaq sahəsini 2001-ci ilə kimi əkib-becərmişdir. Sonra isə əkməmişdir. Sonradan eşitmişdir ki, həmin ərazini Fəxrəddin özəlləşdirməklə əkib-becərir. Atasının 5000 manat almasından xəbəri yoxdur. Torpağın satılması ilə bağlı hər hansı sənədə imza etməmişdir. Subsidiya almamışdır. Torpağın satılmasından həmin vaxt İddiaçı məlumatı olub-olmamasından dəqiq məlumatı yoxdur. X1 məhkəmə iclasında göstərmişdir ki, 2021-ci ilin sonlarında Rauf ona demişdir ki, torpağı alıb ona pul verməmişlər. Həmin vaxt Rauf uşaq olmuş, hazırda isə borcu vardır. Onun da Raufla qohumluq münasibətləri vardır, nənələri dayı qızı, bibi qızıdır. Rauf ondan kömək istəmiş, o da kömək edəcəyini bildirmişdir. Həmin vaxtlar torpağın bir hektarı üçün 1500 manat hesablanırmış. Oda hazırda torpaqdan istifadə edən tərəfdən xahiş etmişdir ki, Rauf yardım etsinlər. Onlar da Raufa 1950 manat yardım edəcəklərini demiş, bundan sonra o, Raufun borcunu bağlaması üçün 1950 manat deyil, 3000 manat pul verilməsini xahiş etmişdir. Qarşı tərəfdə razılaşmış və Raufa 3000 manat pul vermişlər. Rauf yazı yaza bilmədiyini bildirdiyindən ərizəni o, özü yazmış və Raufa oxumuş, Rauf da həmin yazıya imza etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt Rauf torpağın atası tərəfindən satıldığından məlumatlı olmuşdur, eyni zamanda həmin pulu kompensasiya kimi yox ona düşən pay torpağının əvəzi kimi hazırkı dövrün qiymətinə uyğun olaraq artıqlaması ilə almışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Torpağa mülkiyyət hüququna dair JN-0042, kod-40912048 olan Dövlət Aktının surətindən görünür ki, X22 və ailə üzvləri olan X10, X16, X32, İddiaçı, X28, X9, X24 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli 14 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 10.53 ha torpaq sahəsi verilmişdir. - 03 avqust 2008-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli 7E/02-704 saylı etibarnaməsinə əsasən X12 adından çıxış edən Ağsu şəhəri, Babək küçəsi ev 3/12-də yaşayan X29 və Ağsu rayon, Çiyni kəndində yaşayan Cavabdeh1 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0042, kod-40912048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X17 məxsus Ağsu rayonu Qaravəlli kəndində yerləşən 42 ballı, İİİ keyfiyyət qrupu əkinə aid olmaqla ailə üzvlərinin razılığına əsasən 10.53 ha torpaq sahəsi Cavabdeh1 satmışdır. Alqı-satqı müqaviləsi xx.xx.2008-ci il tarixdə rəsmiləşdirilmiş və müqavilədə X12 adından etibarnamə əsasında X29 imza etmişdir. Tərəflər satılan torpaq sahəsini 5300 manat qiymətləndirmişlər. - Ağsu rayon Dövlət Notariat Ofisinin Torpaq sahəsinin alqı-satqı müqaviləsinə dair 4Ə/01-127 №-li iş materiallarına əlavə edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli ərizədən görünür ki, Ağsu rayonu Qaravəlli kənd sakinləri X10, X16, X32, İddiaçı, X28 mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X17 məxsus 10,53 ha torpaq sahəsinin onlara çatan hissəsinin satılmasına etiraz etməmiş və hər biri imzaları ilə bu halı təsdiq etmişlər. - X4 tərəfindən xx.xx.2021-ci il tarixdə yazılmaqla İddiaçı, X37 və X2 iştirakı və imzaları ilə təsdiq edilmiş sənəddən görünür ki, İddiaçı ona məxsus 1.31 ha pay torpağının dəyəri olan 3000 manat pulu X18 X2 iştirakı almış, həmin torpaqla bağlı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacağı qeyd edilmiş, bu yazı sözlərilə qohumu Xəyyam Allahverdiyev tərəfindən yazılmışdır, sənədin doğruluğu imzalarla təsdiq edilmişdir. - Ağsu rayon prokurorunun böyük köməkçisi X30 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ona məxsus torpaq sahəsinin razılığı olmadan satılması barədə AR Milli Məclisinə etdiyi müraciəti aidiyyəti üzrə Ağsu rayon prokurorluğuna göndərilmiş, ərizə araşdırılaraq qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh2 barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən, barəsində cinayət işi başlanmasının rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə, qərardan şikayət etmək hüququ, eləcə də, ona məxsus pay torpaq sahəsinin razılığı olmadan satılması ilə bağlı dəymiş ziyanın ödənilməsi və digər tələblərlə bağlı mülki mühakimə icraatı qaydasında məhəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpağa mülkiyyət hüququna dair JN-0042, kod-40912048 olan Dövlət Aktına əsasən X22 və ailə üzvləri olan X10, X16, X32, İddiaçı, X28, X9, X24 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 14 dekabr tarixli 14 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 10,53 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə 03 avqust 2008-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış 4Ə/01-127 №-li reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli 7E/02-704 saylı etibarnaməsinə əsasən X12 adından çıxış edən Ağsu şəhəri, Babək küçəsi ev 3/12-də yaşayan X29 və Ağsu rayon, Çiyni kəndində yaşayan Cavabdeh1 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0042, kod- 40912048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X17 məxsus Ağsu rayonu Qaravəlli kəndində yerləşən 42 ballı, İİİ keyfiyyət qrupu əkinə aid olmaqla ailə üzvlərinin razılığına əsasən 10,53 ha torpaq sahəsi Cavabdeh1 satmışdır. Alqı-satqı müqaviləsi xx.xx.2008-ci il tarixdə rəsmiləşdirilmiş və müqavilədə X12 adından etibarnamə əsasında X29 imza etmişdir. Tərəflər satılan torpaq sahəsini 5300 manat qiymətləndirmişlər. Hazırda iddiaçı torpağın 2008-ci ildə satılmasından məlumatının olmadığını, razılıq ərizəsindəki imzanın onun imzası olmadığını və bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun payına düşən 8/1 hissəsinin müəyyən edilib naturada bölünüb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda torpağın satılmasından 2022-ci ilin əvvəllərində məlumatı olduğunu qeyd etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddiaçının torpağın satılmasından əvvəlcədən məlumatlı olduğunu, ona xx.xx.2021-ci il tarixdə həmin torpağa görə əlavə olaraq 3000 manat pul verdiyini, bu səbbədən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunanlardan göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir, hazırkı halda da X22 üçüncü şəxslər qarşısında təmsilçilik üçün X19 qanunla müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Burada, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Yuxarıda istinad edilən 06 may 2008-ci il tarixdə notariat qaydada təsdiqlənərək reysterdə qeyd edilmiş etibarnamə ilə X3 Hakim Məhərrəm oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq və sair bu kimi səlahiyyətlər vermiş, həmin etibarnamə əsasında X29 hərəkət etmiş və alqı-satqı müqaviləsi müqaviləsi bağlamışdır. Torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanması və digər əməliyyatlar zamanı 06 may 2008-ci il tarixli etibarnamə əsasında hərəkət edən Təranə Əliyevanın səlahiyyətlərinin legitimliyi barədə maraqlı şəxslər, xüsusən hazırkı iddiaçı tərəfindən heç bir iddia irəli sürülməmişdir, bu günədək də həmin etibarnamə ləğv edilməmişdir. Bu hal isə, iddiaçının mübahisəli torpaq sahəsinin atası X12 adından X29 tərəfindən satılmasına yönəlmiş iradə ifadəsinə şübhə yaranmamasına dəlalət edir. Bu zaman nəzərə alınmalıdır ki, sözügedən etibarnamənin verilməsindən sonra torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd olan şəxslər Ağsu rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizə verərək torpaq sahəsinin satılmasına razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilənlərlə müəyyən olundu ki, X12 adından müvafiq səlahiyyətlərlə verilmiş etibarnamə əsasında hərəkət edən X29 ilə Cavabdeh1 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh1 əmlakın dəyərini ödəməklə əmlakı qəbul etmişdir. İddiaçı iddia ərizəsində onun alqı-satqı müqaviləsindən məlumatı olmadığını qeyd etsə də bunlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki X1 məhkəmə iclasında verdiyi izahatında İddiaçı torpağı almış X37 tərəfindən 3000 manat pul verilməsini təmin etmiş, həmin məbləği alması, ona düşən 1,31 ha pay torpağı ilə bağlı heç bir şikayəti olmayacağı barədə İddiaçı özü yaza bilmədiyindən Xəyyam Allahverdiyev tərəfindən ərizəsi yazılmış, həmin yazının doğruluğunu İddiaçı imzası ilə təsdiq etmiş, digər şəxslər tərəfindən də xx.xx.2021-ci ildə sənəd imzalanmışdır. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdığı iddia tələbində istinad etdiyi hallara dair, yəni torpağın alqı-satqısından əvvəlcədən xəbəri olmaması, 2022-ci ilin əvvəllərində məlumat alması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh tərəf isə iddiaçının mübahisə predmeti olan torpağın atası tərəfindən satılması barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olmasına və buna görə əlavə pul almasına dair istinad etdiyi halları məhkəməyə təqdim etdiyi sənəd və şahid ifadəsi ilə sübut etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hazırkı halda müəyyən edildi ki, X29 ilə Cavabdeh1 arasında hazırda mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün bank xərcləri, rüsumlar ödənilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 03 avqust 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2008-ci il tarixdə mübahisəli torpaq sahəsini, onun həmin tarixdəki mülkiyyətçisi olan X12 verdiyi etibarnamə ilə müvafiq səlahiyyətlərlə hərəkət edən X29 ilə alqı-satqı müqaviləsi bağlamaqla almış, əmlakın dəyərini tam ödəmişdir. Bundan əlavə hazırda iddiaçı alqı-satqısına dair müqavilənin ona dair olan hissədə etibarsız hesab edilməsi və öz payına düşən hissənin müəyyən edilib naturada bölünüb ona verilməsini tələb edir. Halbuki iddiaçı ona düşən 1,31 ha pay torpağı ilə bağlı 3000 manat pul alması barədə özü yaza bilmədiyindən qohumu Xəyyam Allahverdiyev tərəfindən qeyd edilmiş, həmin yazının doğruluğunu İddiaçı və digərləri xx.xx.2021-ci ildə imzaları ilə təsdiq etmişlər. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X14 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərarda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda eyni hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlmişdir ki, vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Bütün bu qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə tam əsas verir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, Təranə Əliyeva ilə Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilə etibarsız hesab edilə bilməz, həmin əqdin etibarsız sayılması üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı Cavabdeh1 vicdanlı əldə edəndir. Əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək yaşayış sahəsi əldə etmiş və yaşayış sahəsi olan mənzilə dair hüquqlarını reyestrdə qeydə aldırmışdır. Bununla da, vicdanlı əldə edən kimi Cavabdeh1 iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Bununla da, müəyyən olundu ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdeh tərəf hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edərək, bu barədə ərizə təqdim edib, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı da alqı-satqı müqaviləsindən 2022ci ildən məlumatı olduğunu qeyd etsə də iş materiallarında olan iddiaçı tərəfindən imza edilmiş xx.xx.2021-ci il tarixli sənədlə ona məxsus 1,31 ha torpaq sahəsi üzrə 3000 manat pulu aldığını, həmin pay torpağı ilə bağlı heç bir şikayətinin olmayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Belə olan halda, məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2017-ci il tarixli, 4 nömrəli Bülleteni) Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəf 03 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından sonra onun nəticələrini mübahisələndirdikləri halda, bununla bağlı qanunla müəyyən edilmiş 01 (bir) il ərzində deyil, bir ildən artıq müddət ötdükdən sonra məhkəmədə iddia qaldırmışlar ki, hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişlər. İddiaçı iddia müddətini üzrlü səbəbdən buraxdığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Cavadeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göründüyü kimi iddiaçı əqdin etibarsızlığı ilə bağlı bir illik iddia müddətini ötürmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək də mövcud iddia tələbi rədd edilməlidir. Çünki qanunvericiliyin tələblərinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi sübuta yetirilməməklə yanaşı, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında iş üzrə iddia müddəti tətbiq edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ona dair olan hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ona dair olan hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar