Məhkəmə qərarları › İş №2(016)-558/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-558/2023

03.07.2023 · Müqavilələrin ləğv edilməsi - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-558/2023 03.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair» tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2023cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən alqısatqı müqaviləsi üçün ödədiyi 2.000 manat məbləğində pulun, dövlət rüsumu kimi dövlət büdcəsinə və vergiyə ödədiyi ümumilikdə 640 manat məbləğində pulun, 100 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, kirayədə yaşadığı üçün balaca torpaq sahəsi alıb, balaca bir otaq tikib orada yaşamaq istəmişdir. Əsas fikri, bir-iki sot torpaq almaq imiş, amma satılan torpaqlar 4-5-6 sot olduğundan, özü elan yazdırıb insanların çox olduğu yerlərdə divar və elektrik dirəklərinə yapışdırmış, yenə müsbət cavab olmamışdır. Sonra bir nəfər Ağsu rayonu, Ülgüclü kəndindən Cavabdeh 2-3 ildir torpaq satmağa alıcı axtardığını demiş və o, səhəri 01 noyabr 2022-ci il tarixdə gedib Ülgüc kəndində Cavabdeh tapmışdır. Cavabdeh satacağı torpağı ona göstərmiş, o, Zahirə az torpaq almaq istədiyini demiş, Cavabdeh 5 sotdan az satmayacağını demiş və o, 5 sota görə nə qədər pul istəyəcəyini soruşmuşdur. O, kənd yeri olduğuna görə hər sota 400 manat, 5 sota isə 2.000 manat istəyəcəyini demişdir. Cavabdeh 2.000 manata 5 sota razılaşmış, qeydiyyat necə olacağını soruşmuş, o, 5 sot torpaq sahəsinianı adından çıxarıb onun adına keçirəcəyini və özünün o dəqiqə 2.000 manat pulunu verəcəyini bildirmişdir. Zahir torpağı onun adına keçirən kimi 2.000 manat alacağını bildirmişdir. Onlar razılaşmış və ayrılmışlar, sonra 11 noyabr 2022-ci ildə o, Azərbaycan Beynəlxalq Bankından 2.100 manat kredit alıb, noyabrın 14də Zahirlə görüşmüş və kredit kağızlarını ona göstərib 2.000 manatın hazır olduğunu demişdir. Zahir kredit kağızlarını alıb oxumuş və onda bir canlanma əmələ gəlib sənədləri tezliklə düzəldəcəyini demişdir. Sonra 1 dekabr 2022-ci ildə Zahir ona zəng edib torpağı 5 yox 8 sota satacağını demiş, o, Zahirə kredit kağızlarını əvvəlcədən gördüyünü və oxuduğunu, ona 2.000 manatdan artıq pul verə bilməyəcəyini bildirmişdir. Zahir 3 sotun 1.200 manat etdiyini, 200 manatı bağışladığını, 1.000 manatını 6-7 aydan sonra verə biləcəyini demişdir. O, fikirləşmiş torpağa və kirayəyə görə razılaşmalı olmuşdur. 2 dekabr 2022-ci ildə görüşmüş və razılaşmışlar. Sonra dekabr ayının ortalarında axşam Zahir ona zəng edib ondan beh alacağını demiş və o da behin adətdən olduğunu, Zahirin 300-400 manat istəyəcəyini fikirləşmiş, səhəri gün görüşmüşlər. Zahir özünü incidilmiş kimi göstərmiş, torpaq şöbəsinin və notariatın müdirlərini söyüb onların çox pul istədiyini demişdir. Sonra Zahir ondan 1.000 manat pul beh alacağını demiş və o, 1.000 manatı Zahirə vermişdir. Sonra Zahir onun inamından istifadə edib, dekabrın 27-də zəng edib 2-ci 1.000 manatını istəmiş, Zahirin 2-ci 1.000 manatı istəməsi ona müəmmalı gəlmiş, səhəri görüşmüşlər. O, bu işin sonunun çox müəmmalı olacağını demişdir. O, Zahirdən istədiyi 1.000 manatı neyləyəcəyini soruşmuş, Zahir 1.000 manatla, sənədləri tam hazırlayıb torpağı onun adına keçirəcəyini bildirmişdir. O, 2-ci 1.000 manatı dekabr ayının 28-də Zahirə vermiş, sonra Cavabdeh 05 yanvar 2023-cü il tarixdə axşam zəng edib, səhər Şamaxıya gedəcəklərini demiş Zahirlə yanvarın 6-da Ağsu rayon Torpaq şöbəsində görüşmüşlər. Sonra Cavabdeh yanına bir qadın gəlmiş, o, Zahirin bacısı olduğunu düşünmüş, Zahirdən qadının kim olduğunu soruşmuş, qadın Zahirə sənəd düzəltməyə kömək etdiyini demişdir. Bu da ona müəmmalı görünmüş, onlar Şamaxıya günorta naharda çatmış, Asan xidmətə getmiş, nahar etmişlər və o, naharın pulunu ödəmişdir. Pulu ödəyəndə Zahir pulu görmüş və başına gələn qəzalar burdan başlamışdır. Sonra onlar torpaq şöbəsinə getmişlər, Zahir və qadın ona demişlər ki, burda onluq bir iş yoxdur, onlar çıxarış və forma bir almalıdırlar və daha sonra onunla Asan xidmətə getməlidirlər. Onlar şöbədə 15-20 dəqiqə olmuşlar və Zahir dəllalla razılaşıb, ondakı pulları rüsumlara ödəməyi razılaşıb işə başladılar. Zahir qaça-qaça gəlib onun şöbəyə getməli olduğunu deyib tələsdirmiş, o da tez şöbəyə getmiş, şöbədə Zahirlə dəllal qadın onun tez bankomata 140 manat pulu ödəməyini deyib tələsdirmişlər. O, 140 manat pulu nəyə görə ödəyəcəyini soruşmuş, onlar torpağa görə çıxarış üçün olduğunu bildirmişlər. O, pəncərənin o tərəfində oturan şöbənin iki qadın işçisinə yaxınlaşıb araşdırmaq istəmiş, Zahirlə dəllal qadın qarşısına keçib qoymamışlar. Asan xidmətə yola düşmüşlər. Zahir cibini tam məmurların soyduqlarını, dəllal qadın isə bunların adamın lap dərisini soyduqlarını dedi. Onlar Asan xidmətə çatmış, 2-ci mərtəbədə oturmalı olmuşlar. Zahir gəzinmiş, dəllal isə əvvəl bir zabitlə sonra biri ilə kağız işləri görmüşdür. Sonra saat 4 olardı qadınla Zahir gəlib onun 140 manat pul ödəməli olduğunu, onları gecikdirməməyini demişlər. O, bankın kassasına yaxınlaşıb araşdırmaq istəmiş, yenədə qarşısını kəsib araşdırmağa qoymamışlar və onu onları gecikməkdə günahlandırmışlar. Sonra qadın üzünü oturan adamlara tutub onun onları gecikdirdiyini, özünün isə evdə kiçik uşağ qoyub gəldiyini demiş, hamı onlara baxmışdır. O, sonra gəlib yoxlayacağını fikirləşib kassaya 141 manat pul vermiş, çeki isə Zahir götürmüşdür. Kassadan 41 manat pul da istəmişlər. O, 41 manat pulu da vermiş, yenə çeki Zahir götürmüşdür. Sonra qadınla Zahir harasa gedib tez gəlmiş və onun 161 manat pul ödəməyini demişlər. O, nəyə görə olduğunu soruşmuş, Zahir elə indicə 8 sot reyestrdən keçib onun sisteminə oturduğunu demişdir. O, burda heç bir sistem olmadığını demişdir. Zahir ödəməsini, daha sonra gedib yoxlayacaqlarını demiş, o, Zahirə inanıb 161 manatı kassaya ödəmiş, yenə çeki Zahir götürmüşdür. O, yoxlamağa getmək istəmiş, lakin qadın qışqırıb yenə 160 manat istəmişdir. O, 160 manat pulun nə üçün olduğunu soruşmuş, Zahir və qadın aldığı 8 sotun vergisi olduğunu demişlər. O, 160 manat pulu vermiş onlar yenidən 37 manat pul da istəmiş, onu da ödədikdən sonra müqavilə bağlamağa getmişlər. Müqavilə imzalanmış, müqaviləni ona vermək istəməmişlər, ona görə ki, bütün rüsumlar orda göstərilir. O, müqaviləni Zahirin əlindən çəkib almış, sonra 100 manat pul da istəmişlər. O demişdir ki, gedək araşdıraq kassaya ödəniş etsin, onlara yox. Sonra Ağsuya yola düşmüşlər. Maşın gedib dönüb gələnə kimi qadın maşında getmiş, Zahirlə o, yolun kənarında qalmışlar ki, Zahir 100 manat pulu ondan alsın, o, 100 manatı verməmişdir. Heç onda pul da qalmamışdı. Qadının kim olduğunu soruşmuş, Zahir onun adının Təranə olduğunu demişdir. Sonra maşın dönüb gəlmiş, onlar maşına oturmuş, Ağsuya yola düşmüşlər. Zahir və Təranə ondan 540 manat pul rüsum adı ilə dələduzluqla almışlar. Qadın, yəni Təranə ona bir siyahı da vermişdir ki, rüsumlardı 540 manat pul həmin siyahı da ondadır. Sonra maşında Təranə onu qısnayıb 100 manat pulu tələb etmiş, onlar Ağsuya çatmış və bankomatdan 100 manat pulu çıxartdırıb almışlar və ödədiyi məbləğ 640 manat olmuşdur. Sonra sutka yarım o, çox pis olmuş, təcili yardıma da zəng edə bilməmiş, 2 gündən sonra özünə gəlməyə başlamışdır. Yanvarın 11-də Təranə ilə görüşmüş və mübahisə etməyə başlamışlar. O, Baş Prokurorluğa şikayət edəcəyini demiş, Baş Prokurorluğu eşidən kimi hərşeyi üstündən götürüb, Zahirin üstünə atıb onu günahlandırdı və onu aldadıb öz rüsumlarını ona ödətdirdiyini dedi. Sonra o, Zahirə zəng edib Ağsuda görüşmək istədiyini demiş, Zahir qəti etiraz etmişdir. Sonra yanvarın 17-də o, Şamaxıya getmiş, əvvəl torpaq şöbəsində olmuş, orda Zahirin heç bir ödəniş etmədiyini demişlər. Daha sonra o, Asan xidmətə getmiş, orda ona Zahirdən şikayət etməsini məsləhət bilmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, o, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, 8 sot torpaq sahəsini 2.000 manata iddiaçıya satmışdır. Müqavilədə 3.000 göstərilmişdir. Çünki, iddiaçı müqavilə bağlndıqdan sonra mənə 1.000 manat pul verməli idi. Lakin hələ də o, pulu cavabdehə ödəməmişdir. Cavabdeh torpağa aid olan bütün sənədləşmələri aparmışdır. Torpağın iddiaçının adına olmasına dair çıxarış da hazırdır. Sadəcə iddiaçının Asan xidmətə gedib çıxarışı götürməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 yanvar 2023-cü il tarixdə Şamaxı repional “ASAN xidmət” mərkəzi Notariat Ofisində bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh öxünə məxsus Ağsu rayon Ülgüc kəndində yerləşən 39 ballı, İV-cü keyfiyyət qrupu əkinə aid olmaqla ailə üzvlərinin razılığına əsasən 0.08 ha hissəsini 5,03 ha torpaq sahəsini İddiaçı satmışdır. Alqı-satqı müqaviləsi 26 yanvar 2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Tərəflər satılan torpaq sahəsini 3.000 manat qiymətləndirmişlər. - xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, cavabdehə alqı-satqı müqaviləsini etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh mülkiyyətində olan Ağsu rayonu, Ülgüc kəndində yerləşən ümumi sahəsi 0.23 ha torpaq sahəsinin 0.08 ha hissəsi 26 yanvar 2023cü il tarixdə AN-İ seriyalı, ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 3.000 manat müqabilində İddiaçı satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, İddiaçı əmlakın dəyərini ödəməklə əmlakı qəbul etmişdir. Beləliklə, iddiaçı Cavabdeh X1 qarşı qaldırdığı iddia tələbində daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarsızlığına dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmədiyindən, iddia tələbi “cavabdehdən alqı-satqı müqaviləsi üçün ödədiyi 2.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “dövlət rüsumu kimi dövlət büdcəsinə və vergiyə ödədiyi ümumilikdə 640 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Hazırkı halda müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında hazırda mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün bank xərcləri, rüsumlar ödənilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 16 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Hazırkı halda müəyyən edildi ki, X2 ilə bağlanmış 16 yanvar 2023-cü il tarixli əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyildir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin iddianın “dövlət rüsumunun tutulması barədə” hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci isə iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu iddianın rədd edilməsinə müvafiq olaraq iddiaçıya aid edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair» tələblərinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar