Məhkəmə qərarları › İş №2(016)-462/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-462/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-462/2024 08.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü Səbinə, xx.xx.2010-cu il təvəllüdlü Səbuhi və xx.xx.2017-ci il təvəllüdlü Uğurun yetkinlik yaşına çatanadək saxlanmaları üçün sabit pul məbləği ilə hər ay bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat alimentin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə evlənib ailə qurmuşlar və nikahları qeydiyyat orqanında qeydə alınmamışdır. Ağsu Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(016)-265/2019 saylı qətnaməsi əsasında nikahları pozulmuşdur. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə 10 noyabr 2007-ci ildə Səbinə, 05 fevral 2010-cu ildə Səbuhi və 14 oktyabr 2017-ci ildə Uğur adlı uşaqları andan olmuşdur. Həmin uşaqlar hal-hazırda onunla birlikdə və onun himayəsində yaşayır. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri pisləşmiş və ayrıldıqları gündən bu günə kimi cavabdehdən aliment tələb etməmişdir. Uşaqları yetkinlik yaşına çatmayıb. Cavabdeh maddi vəziyyətləri ilə maraqlanmır, heç bir kömək göstərmir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, iddiaçıya aliment verməyə razıdır, əvvəllər uşaqlara görə İlahəyə 240 manat köməklik etmişdir. Sonradan işi olmadığı üçün maddi köməklik edə bilməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-265/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Ağsu rayon Qeydiyyat şöbəsində xx.xx.2007ci il tarixdə 222 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 analarının yanında qalması qət edilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. - AZE seriyalı 11836543 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Heydərov Səbuhi xx.xx.2010-cu il tarixdə doğulmuş, atasının “Cavabdeh”, anasının “İddiaçı” olması qeyd edilmişdir. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi əsaslıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində olduğundan, 56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində, sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar