Məhkəmə qərarları › İş №2(016)-512/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-512/2024

12.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-512/2024 12.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək mühafizəçi işlədiyi müddət ərzində - iş vaxtından artıq vaxt ərzində işə cəlb olunmağı, gecə vaxtı, bayram günləri, şənbə-bazar günləri işlədiyi artıq iş saatlarına görə əlavə əmək haqqının ödənilməsi, həmçinin işlədiyi əlavə iş saatlarına görə əlavə əmək haqqının ona ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2023cü il tarixinədək Ağsu Rayonunun Pirhəsənli kəndində yerləşən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. ******* nömrəli, xx.xx.2015-ci il tarixli əmək kitabçasında yazılanlardan görünür ki, 01 may 2015-ci il tarixdə "Az-Granata” MMC-də mühafizəçi vəzifəsinə işə götürülmüşdür. 04 may 2022-ci il tarixdə "xxxx" MMC-də təhlükəsizlik xidmətinin nəzarətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə "xxxx" MMC-dən işdən azad edilmişdir. "xxxx" MMC-nin işçisi kimi təhlükəsizlik təlimi kursunda iştirak edib müvəffəqiyyətlə başa vurmuş və xx.xx.2022-ci il tarixli Sertifikat almışdır. İşlədiyi müddət ərzində həmişə məsuliyyətli olmuş, vəzifə təlimatına uyğun qaydada işləmiş və rəhbərlik tərəfindən verilən tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. xx.xx.2023-cü il tarixində öz ərizəsi ilə işdən azad edilərkən həmin iş yerinin rəhbərliyindən sonuncu dəfə yazılı şəkildə xahiş etmişdir ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək işlədiyi müddət ərzində ödənilməli olan gecə növbələri, iş saatının 12 saat olması, bayram-günləri, şənbə və bazar günləri işlədiyinə dair son haqq-hesabın ödənilməsi təmin edilsin. İşlədiyi müddət ərzində də buna dair iş üzrə cavabdeh olan "xxxx" MMC-nin rəhbərliyinə dəfələrlə müraciətlər etmişdir. Lakin indiyədək cavabdeh müraciətlərinə rəsmi cavab verməmiş və haqlı tələbini könüllü olaraq təmin etməmişdir. Odur ki, X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə rəsmi ərizə ilə müraciət etdi. X5 Xidmətinin X1 göndərilmiş 3-17-5/2-M-41210/2023 saylı, 23 noyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciəti qanunamüvafıq qaydada araşdırılmışdır. Ona göndərilmiş həmin məktubda qeyd edilmişdir ki, X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-41320/2023 saylı məktub göndərilmiş və bu məktub SS862198150AZ) xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən qəbul edilməsinə baxmayaraq onlar tərəfindən X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə müvafiq sənədlər təqdim edilməmişdir. Həmin cavab məktubunda qeyd olunduğu kimi, lakin o 06 noyabr 2023-cü il tarixdə X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə gələrək ərizəsinə uyğun müvafiq izahat vermişdir. Amma cavab məktubunda yazılmışdır ki, müraciətində qeyd etdiyi məsələ ilə bağlı təsdiqedici sənədləri şöbəyə təqdim etməmişdir. Təsdiqedici sənədləri necə təqdim edə bilər...? Həmin sənədlərin hamısı cavabdehdədir və onlar da göründüyü kimi araşdırmadan yayınmış və cavab verməmişlər. X5 Xidmətinin X1 göndərilmiş sözügedən cavabda daha sonra yazılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015ci il tarixli, 1410-İVQ saylı Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü ilin yanvarın 1-dək dayandırıldığına görə müraciətimlə bağlı onlar tərəfindən yerində araşdırma aparılması mümkün olmamışdır. Əgər Cavabdeh MMC tərəfindən sənədlər təqdim ediləcəyi təqdirdə onun müraciətinə yenidən baxılaraq əlavə cavab veriləcəyi qeyd olunmuşdur. Sonda iddia tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 2015-ci ildən 2023-cü ilə kimi "xxxx" MMC-də mühafizəçi işləməklə aylıq əmək haqqı 250- 300 manat arası olmuşdur. Növbəli iş olmuşdur. Növbədə olduğu iş saatı 12 saat olmuşdur. İşlədiyi şənbə-bazar, nə də bayram günlərinin haqqı ödənilməmişdir. Əmək müqaviləsində isə bunlar nəzərdə tutulmuşdur. Əlində bununla bağlı hər hansı sübutu yoxdur. Lakin iş saatları ilə verilən əmək haqqı üzrə çıxarışlardan müəyyən etmək olur. Həmin vaxtlar belə halları işdən çıxarılmalarından qorxduqları üçün dilə gətirməmişdir. Bu vəziyyətlə digər iş yoldaşları da qarşılaşmışlar. Sonradan onlar da məhkəməyə müraciət etmişlər. 2023-cü ildə işlədiyi zaman iş saatlarına uyğun əmək haqqı almışdır. Lakin 2015ildən 2023-cü ilədək işlədiyi müddətdə isə əmək haqqı düzgün hesablanmamış və az verilmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən cavabdehin işçisi olduğu müddət ərzində qanunvercilikdə nəzərdə tutulmuş bütün ödənişlərin ona ödənilməsi təmin edilmiş, işəgötürən kimi cəmiyyət qanunla, həmçinin əmək müqaviləsi ilə ona aid olan bütün öhdəliklərin icrasını tam təmin etmişdir. Bundan başqa məlumdur ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixdən bir il əvvələ (mediasiya müddəti çıxılmaqla) olan hissədə iddia müddətinin tətbiqi barədə qərar qəbul edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsada nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Dağlıq Şirvan Regional Şöbəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, vətəndaş İddiaçı onlara müraciət etmiş, məsələni araşdırmışlar. Lakin "xxxx" MMC tərəfindən sənədlər onlara təqdim edilməmiş, onların da yerində araşdırma aparmağa səlahiyyətləri olmadığından bu barədə vətəndaşa məlumat verilmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" MMC Şirə və şərab zavodunun direktoru arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı həmin tarixdən "xxxx" MMC Şirə və şərab zavodunda mühafizəçi kimi işin birinci 3 ayı sınaq müddəti hesab edilməklə işə başlamışdır. - xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı iş vaxtının cəmlənmiş uçotuna keçid ilə bağlı təklifə dair bildirişə imza etmiş və əmək müqaviləsinə ediləcək dəyişikliklərlə razılaşmışdır. - İddiaçı ilə "xxxx" MMC Şirə və şərab zavodunun direktoru arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İşçiyə aylıq 400 manat əmək haqqı ödənilir. Əmək haqqı 400 manat məbləğində tarif haqqından (vəzifə maaşından), tarif haqqına (vəzifə maaşına) 0 manat miqdarda əlavədən ibarətdir. İşçi həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İşçi iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə çevik/dəyişkən iş vaxtı rejimi altında işləyir. - İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC Şirə və şərab zavodunda mühafizəçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə Təhlükəsizlik xidmətinin nəzaərtçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 229/23 saylı əmrlə işdən azad edilmişdir. - Maraqlı şəxs Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanlanmış 3-17-5/2-M-41210/2023 saylı məktubdan görünür ki, "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-41320/2023 saylı məktub göndərilmiş və bu məktub xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən qəbul edilməsinə baxmayaraq onlar tərəfindən X5 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə müvafiq sənədlər təqdim edilməmişdir. Müraciətlə bağlı izahatı alınmış, izahatında qeyd edilən məsələ ilə bağlı təsdiqedici sənədlər şöbəyə təqdim edilməmişdir. Tərəflərindən yerində araşdırma aparılması mümkün olmamışdır. - "xxxx" MMC-nin İdarə Heyətinin sədri tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli, 004 saylı məktubdan görünür ki, "xxxx" MMC-də işlədiyi müddət ərzində əmək haqqının əmək müqaviləsində göstərilən məbləğdə və qaydada heablanaraq verilməsi barədə cavab verilmişdir. - "xxxx" MMC-nin İnsan resursları üzrə baş mütəxəssisi tərəfindən tərtib edilmiş tabeldən görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayında 16 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-77 saat, bayram günlərində əlavə saat - 22, iş saat sayı – 176 saat), fevral ayında 14 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-77 saat, iş saat sayı – 154 saat), mart ayında 16 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-77 saat, bayram günlərində əlavə saat - 22, iş saat sayı – 176 saat), aprel ayında 13 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-66 saat, iş saat sayı – 143 saat, məzuniyyət günlərinni sayı – 3 gün), may ayında 12 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-66 saat, bayram günlərində əlavə saat - 11, iş saat sayı – 132 saat, məzuniyyət günlərinni sayı – 6 gün), iyun ayında 15 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-66 saat, bayram günlərində əlavə saat - 22, iş saat sayı – 165 saat), iyul ayında 15 gün (gecə növbəsinə düşən iş saatlarının sayı- 88 saat, iş saat sayı – 165 saat), avqust ayında 3 gün (gecə növbəsinə düşən iş saatlarının sayı-11 saat, iş saat sayı – 30 saat, bülleten -16) işləmişdir. Beləliklə, tərəflərin izahatları və iş materiallarına əlavə edilən sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC Şirə və şərab zavodunda mühafizəçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci ildə Təhlükəsizlik xidmətinin nəzarətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə İddiaçı iş vaxtının cəmlənmiş uçotuna keçid ilə bağlı təklifə dair bildirişə imza edərək əmək müqaviləsinə ediləcək dəyişikliklərlə razılaşmış, bundan sonra onunla "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 229/23 saylı əmrlə işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işlədiyi müddət ərzində gecə növbəsinə düşən iş saatlarının sayı, bayram günlərində əlavə saat, iş saat sayı, məzuniyyət günlərinni sayı və bülletendə olduğu vaxtlar hesablanaraq ona əmək haqqı müəyyən edilmişdir. Bu hal özünü məhkəməyə təqdim edilən iddiaçı barəsində tərtib edilmiş sosial arayışda da əksini tapmışdır. Bundan başqa məhkəmə iclasında iddiaçı 2023-cü ildə işlədiyi dövrdə iş yeri üzrə işəgötürən tərəfindən qanunla, həmçinin əmək müqaviləsi ilə ona aid olan bütün öhdəliklərin icrası tam təmin edildiyini etiraf etmiş, mübahisə etdiyi dövrün 2015-ildən 2023-cü ilədək işlədiyi müddət olduğunu, həmin müddətdə əmək haqqının düzgün hesablanmadığını və az verildiyini qeyd etmiş, lakin buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, işçiyə ödəniləcək aylıq əmək haqqı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. 96-cı maddəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddənin 2-ci bəndində göstərilmişdir ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçinin əmək haqqı işəgörürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilmişdir. İddiaçı 2015-ci ildən 2023-cü ilədək işlədiyi müddət ərzində əmək haqqının düzgün hesablanmadığını və az verildiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə İddiaçı istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh MMC-dəki fəaliyyəti xx.xx.2015ci ildən xx.xx.2023-cü ilədək dövrü əhatə edir. İddiaçı öz tələbini əsaslandırarkən 2015-ci ildən 2023-cü ilədək işlədiyi müddət ərzində əmək haqqının düzgün hesablanmadığını və az verildiyini bildirmişdir. Lakin işlədiyi vaxtdan, yəni xx.xx.2015-ci ildən 2023-cü ilədək müddət ərzində pozulmuş hüquqlarının bərpası üçün qanunvericliklə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməyərək iddia müddətini ötürmüşdür. Belə ki, Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 296.4-cü maddəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyində yuxarıda qeyd edilən tələblərlə əlaqədar məhkəməyə müraciət etmə müddətini tənzimləyən xüsusi norma mövcuddur. İddia müddətinin tətbiqi məsələləri isə əmək qanunvericiliyində tənzimlənmədiyi üçün, bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları hüdudlarında öz həllini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki qаnunvеricilikdə iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 375.2-ci mаddəsinə əsаsən, məhkəmə tərəfindən iddiа müddəti yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıхаrılаnаdək vеrdiyi ərizə əsаsındа tətbiq еdilir. Mübаhisə tərəfinin tətbiq еdilməsi bаrədə ərizə vеrdiyi iddiа müddətinin kеçməsi məhkəmənin iddiаdаn imtinа bаrəsində qərаr çıхаrmаsı üçün əsаsdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti bаrədə aşağıdakılar qеyd еdilmişdir: birincisi, iddiа müddəti hüquq münasibətlərı iştirakçılarını intızamlandırır, onlarıöz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizаmının nizamlanmasına kömək edir. İkinci, iddiа müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-cı il tarixli qərarında dеyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Eyni zamanda, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 376-cı mаddəsinə əsаsən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.2015-ci ildən 2023-cü ilədək işlədiyi müddət üçün əmək hüquqlarının müdafiəsi üçün iddia müddətini ötürmüşdür. Əgər iddiaçı iddia tələbində qeyd etdiyi kimi əmək haqqı düzgün hesablanmamışdırsa və ya az verilmişdirsə, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə biləcəyi halda hazırkı iddia tələbi ilə vaxtında məhkəməyə müraciət etməmişdir. Əmək haqqının düzgün hesablanmaması və ya az verilməsi ilə bağlı davam edən münasibətdə öz etirazını bildirməmiş və işəgötürənlə bununla bağlı problem yaşamamışdır. Eyni zamanda məhkəmə iclasında iddiaçı etiraf etmişdir ki, hər ay cavabdeh tərəfindən əmək müqaviləsinə uyğun ona əmək haqqı verilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun hesabdan çıxarışlarından və digər sənədlərdən də görünür ki, iddiaçıya hər ay müvafiq məbləğdə əmək haqqı hesablanmış və sığorta ödənişləri də ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar