Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-533/2024 17.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat tərəfindən ödənilmiş mediasiya xərcinin alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahı Ağsu Rayon Məhkəməsinin 2(016)- 898/2018 saylı işi üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması haqqında Ağsu rayon Qeydiyyat idarəsindən 16 iyul 2018-ci ildə 258400 AZ-İ №-li Şəhadətnamə almışdır. Onların birgə nikahından 3 uşaqları doğulmuşdur. 6 ildir ki, uşaqları təkbaşına saxlayır. Bir qızını ali təhsilli edib ərə vermiş, ikinci qızı da ali təhsil alırdı, maddi imkanı olmadığından təhsili yarımçıq saxlanıb. Üçüncü övladı olan X3 xx.xx.2007-ci ildə doğulmuşdur və hazırda 11-ci sinifdə oxumaqla yanaşı, həm də hazırlıq kursuna gedir, hazırlıq kursuna da pul ödəməli olmuşdur. Özü gözətçi işləyir. Maddi imkanı olduqca zəifdir. Ona görə də heç olmasa oğlunun 18 yaşına çatana kimi maddi köməyə ehtiyacı var. Odur ki, məcbur olub cavabdehdən aliment tələbini edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, nikahları pozulduqdan sonra o, uşaqları ilə əlaqələrini kəsməmiş, daimi olaraq onlarla əlaqə saxlamış və imkanı daxilində onlara yardım göstərməyə çalışmışdır. Hal-hazırda o, başqa şəxslə ailə həyatı qurmuş, o, ailəsi ilə Sabunçu rayonunun, Sabunçu qəsəbəsində kirayədə yaşayır və həddən artıq çətinliklə kirayə haqqını ödəyir, ailəsinin dolanışığını çətinliklə təmin edir. Həyat yoldaşı İİİ qrup əlildir, əmək fəaliyyəti ilə məşğul olmur, o özü də işləmir, ona görə də onun tərəfindən alimentin ödənilməsi mümkün deyil. Hal-hazırda qaynanası onkoloji xəstədir. Onun müalicəsi çox böyük xərclər tələb edir. Buna görə də onlar çox çətinliklə yaşayır. Həyat yoldaşı özü iki uşağa görə aliment ödəyir. İddiaçı kənd təsərrüfatı ilə məşğul olur, onun dolanışığı onlara nisbətən daha yaxşıdır. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək iddia tələbini qismən qəbul etdiyini və iddiaçıya uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində aliment verməyə razı olduğunu bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 11 mart 2007-ci il tarixdə doğulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 2(016)-898/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə X4 arasında Ağsu rayon Sarvan Kənd Ərazi Nümayəndəliyində xx.xx.1999-cu ildə bağlanmış və 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. - AZ-İ seriyalı 258400 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddia tələbinin 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 04 mart 2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat məbləğində, sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-533/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-533/2024
17.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver