Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-600/2023 05.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X8 qarşı “sabit pul şəklində aliment tutulmasının dəyişdirilib qazancın üçdə bir hissəsində aliment tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu Rayon Məhkəməsinin 2(016)-1249/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş sabit pul məbləğində aliment tutulmasının dəyişdirilməsini və cavabdehdən iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aliment tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun X14 ilə nikahı cavabdehin qaldırdığı iddia əsasında Ağsu Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(016)-80/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin məhkəmənin 24 noyabr 2017-ci il tarixli, 2(016)- 1783/2017 saylı qətnaməsi ilə azyaşlı uşaqları 03 fevral 2014-cü il təvəllüdlü X2 və 21 aprel 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi cavabdehdən onun xeyrinə sabit pul məbləği ilə hər ay hər uşağa görə 100 manat, iki uşağa görə isə 200 manat aliment tutulması qət edilmişdir. Lakin heç bir yerdə işləmir, şəxsi təsərrüfatı və hər hansı bir digər gəlir mənbəyi olmamışdır, uşaqların saxlanması üçün cavabdehdən tutulan aliment həmin vaxtda uşaqların normal yaşayışlarını təmin etmirdi. Belə ki, uşaqların normal qidalanması, paltar və geyimlərlə təmin olunmaları sağlamlıqlarının qorunması üçün hər ay hər uşağa görə 2018-ci ildəki yaşayış meyarına görə ən azı 180 manat pul tələb olunurdu. Bu səbəbdən də heç bir yerdə işləmədiyindən valideynləri onların dolanacağına kömək etmək məcburiyyətində qalırdılar. Cavabdeh isə heç bir əlavə yardım etmirdi. Bu səbəblərdən də 2018-ci ildə cavabdehdən onun xeyrinə uşaqların saxlanması üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılmasını tələb edən iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh həmin vaxtlarda da Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin Dəniz Mühafizə sahəsində işləyirdi, əmək haqqı almaqla yanaşı əlavə ödənişləri də var idi. Lakin o vaxt cavabdeh məhkəməyə təqdim etdiyi AR Dövlət Neft Şirkəti “Azneft" İB-nin Dalğıc xidməti tərəfindən verilmiş 20 sentyabr 2018-ci il tarixli arayışını Ağsu Rayon Məhkəməsi əsas götürüb məhkəmənin müəyyən etdiyi alimentin miqdarını dəyişdirib özünün 2(016)-1249/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün 115 manat, iki uşağa görə 230 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxartmışdır. Belə ki, qeyd edilən arayışda göstərilmişdir ki, “Azneft” İB-nin Dalğıc xidmətinin 2 nömrəli sahəsinin 5-ci dərəcəli xilasedən matrosu işləyən X7 SOCAR üzrə işçilərin əmək haqqının xx.xx.2018-ci il tarixində kütləvi artımından sonrakı dövr üzrə orta aylıq tarif maaşı 545,08 manat təşkil edir. Lakin o vaxt o bilirdi ki, cavabdehin aylıq əmək haqqı qeyd ediləndən qat-qat çox idi. O, hansısa yolla əmək haqqını az göstərtmişdir. Həmin vaxt o, cavabdehin üstünə müəyyən səbəblərdən düşə bilməmiş, lakin sonradan cavabdehlə işləyən işçilərlə əlaqə yaratmaqla onun aylıq əmək haqqının 1500-2000 manat olduğunu öyrənmişdir. Cavabdeh ondan ayrılandan sonra evlənmiş, ikinci a r v a d ı n d a n da iki uşağı olmuşdur. Yanındakı uşaqlarına nisbətdə onun yanında saxlanılan uşaqlara neçə illərdir ki, biganə yanaşaraq hədsiz dərəcədə az aliment ödəyir. Hətta həmin miqdar ödənişləri də vaxtlı vaxtında ödəmir. Cavabdeh əmək haqqını hər ayın 11-də aldığı halda sonuncu ay üzrə alimenti bu günə kimi ödəməmişdir. Alimenti ödəyəndə özü kartına yükləyir. Sorğusu əsasında SOCAR “Azneft” İB-nin Dalğıc Xidməti tərəfindən verilən arayışında göstərilmişdir. Cavabdeh uzun müddətdir ki, yüksək əmək haqqı aldığı halda bunun çox cüzi hissəni iki uşağının saxlanmasına görə aliment ödəyir. Onun maddi vəziyyəti isə əvvəlki məhkəmə qətnaməsi çıxarılan vaxtlardakı kimidir. Aliment ödənilməsi barədə aralarında saziş yoxdur və hətta razılıq da yoxdur. Belə ki cavabdeh yüksək qazancı olduğu halda heç ilkin mediasiya sessiyasına da gəlib iştirak etməmişdir. Yanında saxlanılan uşaqlara o çox diqqət yetirir, onlardan biri hətta əlaçı oxuyur. Onların təminatı da yüksək olmalı, bu günün tələblərinə uyğun olaraq təmin olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb əsassızdır. O, cavabdehlə xx.xx.2000-ci il tarixdə 518 saylı nikah aktı üzrə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. 24 noyabr 2017-ci il tarixli qətnaməyə əsasən nikahları pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi hər uşağa görə hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat aliment təyin olunmuşdur. İddiaçı tələbində qeyd edib ki, o, SOCAR şirkətində 2.088 manat əməkhaqqı alır, qeyd olunanlar yanlışdır. Əmək müqaviləsindən çıxarışa əsasən onun əmək haqqı 1.310 manat təşkil edir. xx.xx.2019-cu il tarixində 124 saylı nikah aktına əsasən o, rəsmi olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X19 adlı uşaqları var. Həmin uşaqların tələbatları və xərcləri onun öhdəliyindədir. O, valideynləri ilə birlikdə yaşayır, anasına, atasına və əlil olan qardaşına o baxır. X4 “Şəkərli Diabet tip 2 orta ağır formada” diaqnozu ilə endokrinoloji dispanserdə qeydiyyatda dayanır. X1 birinci qrup əlildir. Qeyd olunan ailə üzvlərinin xərclərini, tələbatlarını, müalicəsini o çəkir. Hesab edir ki, iddiaçının tələb etdiyi xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü Şəfa Samir qızının yetkinlik yaşlarına çatana kimi qazancının üçdə bir hissəsində alimentin tutulması tələbi təmin edilməməlidir. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana kimi bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat ödəməyə razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1249/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdeh X8 qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-1783/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və X3 hər ay hər uşaq üçün 115 manat olmaqla, cəmi 230 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Vəkil sorğusu əsasında “Azneft” İB Dalğıc Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 “Azneft” İB-nin Dalğıc xidmətinin 2 nömrəli sahəsinin 5-ci dərəcəli dalğıcı vəzifəsində işləyir və orta aylıq əmək haqqı 2.088,40 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 76.1 və 76.1.2.2-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın tələbinə əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. AM-in 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən hər ay, aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2 maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1.000 manatdan 10.000 manatadək olduğundan, 103 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(016)-1249/2018 nömrəli qətnaməsi ilə X3 İddiaçı xeyrinə tutulan aliment dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün cavabdeh X6 qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh X3 103 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-600/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-600/2023
05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver