Məhkəmə qərarları › İş №2(016)-675/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-675/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-675/2025 17.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2025-ci il üçün müəyyən olunmuş meyar həddində aliment cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində el adəti ilə ailə qurmuşlar. Ağsu rayon Qeydiyyat şöbəsində 195 saylı nikah aktı qeydə alınıb. Cavabdeh ailəsi tərəfindən şiddətə məruz qaldığı üçün 2025-ci ilin fevral ayından ata evində yaşayır. Hamiləlik dövrünü ağır keçirtdiyi üçün xüsusi qayğı və həkim nəzarətinə ehtiyacı vardır. Bu səbəbdən uşaq dünyaya gələnə qədər, cavabdehin ona etinadsız və laqeydsiz yanaşması bitənə qədər atasının evində yaşamaqda davam etmişdir. Cavabdehə ayrıca tikilmiş evə köçməkləri, sakit və firavan həyatlarını yaşamağa dəvət etsə də heç bir nəticə verməmişdir. Hamiləlik dövrünü ağır keçirtdiyi üçün, xüsusi qayğı və həkim nəzarətinə ehtiyac olduğu üçün işləmək içkanı məhdud olmuşdur, zəruri dava-dərman təminatı ilə ciddi çətinliyi vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, aliment ödəmək üçün imkanının olmadığını bildirmişdir. Aldığı təqaüdü öz müayinə xərclərini güclə qarşıladığını, doğulmamış uşağa aliment ödəməyə razı olmadığını, uşaq doğulduqdan sonra öz razılığı ilə aliment ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Ağsu rayonu, Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tаriхdə vеrilmiş АZ İİ № 562245 saylı nikah haqqında şəhаdətnаmənin surətindən görünür ki, xx.xx.2024-cü il tаriхdə Cavabdeh ilə İddiaçı аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 195 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəbiyev, arvada isə Cəbiyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü İddiaçı həqiqətən hamilədir, hamiləliklə əlaqədar “Ağsu RMX” PHŞ-in qadın məsləhətxanasında nəzarətdədir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları Ağsu rayonu Qeydiyyat Şöbəsində xx.xx.2024-cü ildə il tarixdə nikahın bağlanması akt qeydləri kitabında 195 № ilə qeyd edilmişdir. Hazırda iddiaçı hamilədir. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Hazırda iddiaçı cavabdehdən aliment tutulmasını xahiş edir. 2025-ci il yanvar ayının 01-dən qüvvəyə minmiş “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ər arvad hazırda ayrı yaşadıqlarından, arvad hamilə olduğundan və maddi yardıma ehtiyacı duyduğundan, həmçinin ər bu köməyin göstərilməsindən imtina etdiyindən hamiləlik dövründə aliment tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əlavə edilmiş 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını, həmçinin hamiləlik dövründə ona aylıq lazım olan zəruri xərclərin dəqiq məbləğini təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, alimentin tutulması ilə bağlı iddia tələbi cavabdehin zəruri vəsaitə malik olmasına, həmçinin hamiləlik dövründə ona aylıq lazım olan zəruri xərclərin dəqiq məbləğinə dair sübutlar təqdim edilmədiyindən qismən təmin edilməli sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə iddia tələbinin nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan tərəfin qarşı tərəfdən aliment tələbi hissəsi üzrə qeyd edir ki, hazırda məhkəmənin icraatında nikahın pozulmasına dair hər hansı tələb və ya nikahın pozulmasına dair hər hansı məhkəmə qətnaməsi yoxdur. Eyni zamanda gələcəkdə də bu tələblə bağlı hər hansı iddianın olubolmayacağı bilinmir. Odur ki, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının hamiləlik dövründə xx.xx.2025-ci il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməli, qətnаmə dərhаl icrа еdilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçının hamiləlik dövründə xx.xx.2025-ci il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnаmə dərhаl icrа еdilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar