Məhkəmə qərarları › İş №2(016)-718/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-718/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-718/2023 14.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşira Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh oğulna qarşı «üzr istənilməsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan həmin məlumatları yazılı qaydada təkzib etmək və üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona vurduğu mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 20.000 manat miqdarında pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun, cəmi 20.150 manat məbləğində pulun tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla Ağsu rayonu, Cəlayir kəndində yerləşən kənd orta məktəbində uzun müddətdir ki, fiziki hazırlıq üzrə müəllim işləyir. Məktəb kollektivində çox mehriban və qarşılıqlı hörmətə əsaslanan mühiti vardır. xx.xx.1997-ci il təvəllüdlü, Ağsu rayonu Cəlayir kənd sakini Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova “mailto:ulvihmdov2@gmail.comElektron ünvan ünvanından aşağıdakı məzmunda elektron müraciət edərək göstərmişdir ki, “Cənab Nazir, Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X4 radikal dini qrupların üzvləridir və kənd camaatı arasında dövlət və dövlətçilik əlehinə təbliğatla məşğuldurlar. X4 Bakı İslam Universitetinin məzunudur və bir neçə il bundan qabaq Cəlayir kənd məscidində məscidin axundu Hacı Balakişinin etirazına baxmayaraq dini dərs adı ilə azyaşlı uşaqlara dövlət və hakimiyyət əlehinə müxalif ideyalar aşılamağa çalışmışdır. Mən və mənim həmyaşıdlarım da həmin şəxsin dərslərinin müxalif ideyaları ilə tanış olmuşuq. Kənd məscidinin axundu Rəhimov Balakişinin səyi nəticəsində və nardaran hadisələrindən sonra bu şəxs kənddə müxalif fəaliyyətinə ara vermişdir. İddiaçı isə daima kənddə hakimiyyət əlehinə çıxışlar etmiş məktəbdə şagirdlərə dini radikal ideyalar aşılamağa cəhd göstərmişdir. Dillərindən “haqq”, “quran” düşməyən bu şəxslər dini öz çirkin məqsədləri üçün istifadə edirlər. Son zamanlar bu şəxslər Azərbaycan Respublikasının hüquq mühafizə orqanları əməkdaşları haqqında müxalif internet kanallarında əsassız, qərəzli və böhtan çıxışlar edirlər. Bu sadəcə istiqamətini dəyişmiş təbliğatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunlara həmin kanallarda cavab verməsinə baxmayaraq bunlar həmin qərəzli hərəkətlərini davam edir, camaat arasında dövlət və hakimiyyətə qarşı inamsızlıq yaradırlar. Bu şəxslərin əməllərinin cavabsız qalmamağını sizdən xahiş edirəm”. Cavabdeh o və X4 barəsində yazmış olduğu həmin müraciətlə əlaqədar Ağsu Rayon prokuroru Rəşad Mansurov tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Ağsu rayon Cəlayir kənd sakini Cavabdeh X4 barəsində Ağsu Rayon Polis Şöbəsinə böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı rayon prokurorluğuna ünvanlanmış xx.xx.2021-ci il tarxili müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh Muğbil Qənbərov barəsində dövlət və dövlətçilik əleyhinə təbliğat aparması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş müraciətlər əsasında Ağsu rayon Polis Şöbəsinin İTB-də araşdırma aparılmış, araşdırma nəticəsində müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmadığından, müraciət arayışla işə alınmışdır. Odur ki, Cavabdeh Muğbil Qənbərov barəsində böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnuz vardır”. Göründüyü kimi, Cavabdeh o və Muğbil Qənbərov barəsində yazmış olduğu həmin müraciət əsassız olduğundan və müraciətdə qeyd edilənlər təsdiqini tapmadığından işə alınmışdır. Bundan əlavə, tərəfindən Cavabdeh barəsində cinayətin törədilməsi ilə bağlı bilə-bilə yalan xəbərçilik etməsi ilə bağlı prokurorluğa edilmiş müraciətlər əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh müraciətində onun barəsində göstərmiş olduğu xüsusatlar inkar edilmişdir. Belə ki, Cavabdeh izahatında göstərmişdir ki, M.Qənbərovun və İddiaçı radikal dini qruplaşmanın üzvləri olduğunu eşitmiş, onların konkret olaraq hansı dini qruplaşmaya mənsub olduqlarını bilməmişdir. Belə olan halda müraciət edən şəxs məlumatın mənbəyini təqdim etməlidir, lakin belə bir mənbə iş materiallarında mövcud deyildir. Göründüyü kimi, şəxsin özünün vermiş olduğu izahatdan da açıq-aşkar görünür ki, onun barəsində iddia etdikləri əsassız olmaqla, onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olmuş, barəsində mənfi rəy formalaşdırmışdır. Cavabdeh onun Cəlayir kənd məktəbində dövlətçilik əleyhinə müxtəlif fikirlər səsləndirdiyini eşitdiyini göstərdiyi halda həmin məlumatın mənbəyini göstərməmiş, verdiyi həmin məlumatı təsdiq edəcək bir sübut belə təqdim etməmişdir. Buradan da belə nəticəyə gəlmək mümkündür ki, Cavabdeh heç bir əsası və sübutu olmayan fikirlərlə AR DİN-ə müraciət etmişdir. Cavabdehin barəsində verdiyi həmin yalan məlumat onu bir müəllim kimi nüfuzdan salmışdır. Bir şəxsi dövlət əleyhinə təbliğat aparmaqda günahlandırmaq ağır bir ittiham olmaqla cavabdehin qeyd etdiyi həmin yalan məlumatlar cəmiyyətə, dövlətə, Vətənə sədaqətli və yararlı fərdlərin yetişdirilməsində mühüm rol oynayan bir müəssisədə, yəni məktəbdə müəllim kimi fəaliyyət göstərdiyi halda onu şübhəli bir vəziyyətə salmış və barəsində mənfi rəyin formalaşmasına şərait yaratmışdır. Bundan əlavə, Cavabdeh ona qarşı qərəzli olmasını təsdiq edən daha bir sübut da odur ki, 07 sentyabr 2020-ci il tarixdə (bu iş üzrə DİN-nə müraciətindən 3 gün əvvəl) Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq cavabdeh onun “Rusiyada müəllim işlədiyi dövrdə narkotiklə bağlı kriminal aləmlə əlaqədə olub, ona görə də Rusiyada müəllimlik hüququndan məhrum edilib” qeyd etmişdir. Bununla bağlı, onun cavadeh Cavabdeh qarşı “şərəf və ləyaqət, təkzib, üzr istənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-599/2022 saylı qətnaməsi vardır ki, məhkəmə tərəfindən Cavabdeh üzərinə Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi olaraq müraciət edərək təkzib edilməsini qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4623/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bütün bu faktlar Cavabdeh göstərilən məzmunda müraciət edərkən izahatında göstərdiyi kimi özünün vətəndaşlıq borcunu deyil, onun barəsində cinayət işinin başlanması, bundan istifadə edərək həbsinə nail olmaq üçün yaxın qohumları ilə birlikdə bütün imkanlarından istifadə etdiyini və ona qarşı qərəzli münasibətini təsdiq edir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələnməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Cavabdeh tərəfindən həmin müraciətdə göstərilənlər onun şərəf və ləyaqətini ləkələmişdir. Belə ki, o, Ağsu rayon Cəlayir kənd tam orta məktəbdə müəllim işləməklə kənd sakinləri və müəllim kollektivi arasında hörməti olan bir şəxsdir. Cavabdeh həmin müraciətdə qeyd etdikləri ilə ona böhtan atmış, onu dövlət əleyhinə fikirlər yaymaqda, hakimiyyət əleyhinə çıxışlar etməkdə, dini radikalizmdə təqsirləndirmişdir. Bütün bunlar, onun şərəf və ləyaqətini ləkələmişdir. Həmin məlumatlar isə həqiqətə uyğun olmamaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi daşıyır. Belə ki, həmin məlumatlarla əlaqədar Ağsu Rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində məlumatların doğruluğu sübuta yetirilməmişdir. Həmçinin, Cavabdeh Azərbaycan Respublikası X9 etdiyi müraciətində Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X1 radikal dini qrupların üzvləridir, kənd camaatı arasında dövlət və dövlətçilik əleyhinə təbliğatla məşğul olmasını bildirdiyi halda bunu təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. O, izahatında onların həmin əməli etdiyindən şübhələndiyini, fəaliyyətilərinin yoxlanmasını bildirir. Ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəlliminin özünü bu cür müdafiə etməyə çalışması isə çox gülüncdür. Məgər, o, hər hansı müəssisə sahibi, yoxsa hər hansı bir vəzifəli şəxs olmaqla səlahiyyət sahibidir ki, onun fəaliyyətinin yoxlanmasını istəyir? Əgər həqiqətən verdiyi məlumatda şübhəsi var idisə bunu məlumat verərkən də bildirmiş olardı. Lakin görünən odur ki, cavabdeh onun barəsində mənfi rəy formalaşdırmaq istəmiş, hətta daha irəli gedərək onun həbsinə nail olmaq istəmişdir. Bundan əlavə, o həmin müraciətində fəaliyyətinin yoxlanılması kimi bir fikir ifadə etməmiş, birbaşa olaraq barəsində yalan məlumat verməklə “onun əməlinin cəzasız qalmamasını” istəmişdir. Bundan əlavə, Cavabdeh ərizəsində göstərdiyi onun radikal dini qruplaşmanın üzvü olmağı barədə məlumatları kənd camaatı arasında yayılan söz-söhbətlərdən, adı yadında qalmayan şəxslərdən aldığını, onun hansı radikal dini qruplaşmanın üzvü olmağını bilmədiyini göstərir. Belə olan halda sual yaranır ki, barələrində şikayət etdiyin şəxslərin hansı radikal dini qruplaşmanın üzvü olmasını bilmirsənsə, onda həmin şəxslərin barəsində bu cür ittihamla niyə çıxış edirsən? Cavab isə məlumdur. Cavabdeh onun barəsində bilərəkdən yalan məlumatlar verməklə onun şərəf və ləyaqətini alçaltmaq, mənəvi sarsıntı yaşamağını arzu edərək, barəsində mənfi rəy formalaşdırmaq istəmişdir. Bu Cavabdeh onun barəsində həmin yalan məlumatı bilərəkdən yaymaqla onun şərəf və ləyaqətini alçaltmaq istəyinin bariz sübutudur. Belə ki, bu hal cavabdehin ona qarşı münasibətinin qərəzli olmasını, buna görə Cavabdeh da ondan qisasçılıq hissi ilə yazdığını göstərir. Cavabdeh dayısı X2, qardaşı Ağsu rayon Polis Şöbəsinin müstəntiqi X7, həmin şöbənin baş təhqiqatçısı X5 ilə birlikdə 2021-ci ilin sentyabr-dekabr aylarında ard-arda üç dəfə xüsusi ittiham qaydasında Ağsu Rayon Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə şikayət edərək onun və M.Qənbərovun 03 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etdiyi halda, guya özünün vətəndaşlıq borcunu yerinə yetirib, onların fəaliyyətinin yoxlanmasını istədiyini göstərmişdir. Onun qeyriləri ilə birlikdə xüsusi ittiham qaydasında şikayətlərini maddi və prosessual əsaslar olmadığından Ağsu Rayon Məhkəməsi icraata götürməkdən imtina etməsinə dair qərarlar qəbul etsə də, Cavabdeh ona və M.Qənbərova qarşı olan qərəzli münasibəti qəbul edilmiş sonuncu 08 dekabr 2021-ci il tarixli qərarından Səki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət vermiş və xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətinə baxılarkən də ondan şikayətçi olduğunu bildirmişdir . Bütün bu hallar da cavabdehin ona qarşı qərəzli mövqedə olduğunu, AR DİN-ə yalan və böhtandan ibarət məlumatlar verməklə onun qanunsuz olaraq böhtandan ibarət məlumatlar əsasında həbsinə nail olmaq, ona mənəvi zərər vurmaq, şərəf və ləyaqətini ləkələyən məlumatlar verməklə barəsində yaşadığı kənddə, tanıdığı insanlar arasında, cəmiyyət içərisində, işlədiyi kollektivdə mənfi rəyin formalaşdırmağa çalışmışdır. Cavabdeh tərəfindən əsassız olaraq AR DİN-ə müraciət edilməsi nəticəsində onun şərəf və ləyaqəti ləkələnmiş, ona ciddi mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin bu hərəkətləri nəticəsində o, ciddi sarsıntı keçirmiş və ali təhsilli müəllim kimi ləyaqəti alçaldılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında göstərdi ki, o, iddiaçı ilə bağlı dövlət orqanlarına müraciət etmişdir. Çünki iddiaçı dövlət orqanında işləyən dövlət işçilərinə qarşı həmişə şər-böhtan xarakterli məlumatlar yaymışdır. O özü də bələdiyyə sədri işlədiyi müddətdə ona qarşı da belə ifadələr işlətmişdir. Onun ərizəni yazmaqda məqsədi iddiaçının fəaliyyətinin araşdırılmasıdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon Prokurorluğu tərəfindən X3 ünvanlanmış məktubdan görünür ki, Ağsu rayon Cəlayir kənd sakini Cavabdeh X4 barəsində Ağsu Rayon Polis Şöbəsinə böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı rayon prokurorluğuna ünvanlanmış xx.xx.2021-ci il tarxili müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh Muğbil Qənbərov barəsində dövlət və dövlətçilik əleyhinə təbliğat aparması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş müraciətlər əsasında Ağsu rayon Polis Şöbəsinin İTB-də araşdırma aparılmış, araşdırma nəticəsində müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmadığından, müraciət arayışla işə alınmışdır. Odur ki, Cavabdeh Muğbil Qənbərov barəsində böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-1034/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “üzr istənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiası rədd edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 599/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(016)- 1034/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən AR Təhsil Nazirliyinə yazılı müraciət olunaraq “...o, (İddiaçı) Rusiyada müəllim işlədiyi dövrdə narkotiklə bağlı kriminal aləmlə əlaqədə olub, ona görə də Rusiyada müəllimlik hüququndan məhrum edilib” müraciətinin həqiqətə uyğun olmayan hesab edilməsi barədə yazılı təkzib verilməsi, ləyaqətin müdafiəsi ilə bağlı Cavabdeh mənəvi zərərin əvəzi kimi 1.000 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-4623/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmişkassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-599/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 150 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. - 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. - 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. - 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. - 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarları: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. - “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. - “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. - Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdı Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Yuxarıda sadalanan mülki qanunvericiliyə görə, şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə - hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Nəzərə almaq lazımdır ki, şəxs barəsində məlumatların yayılması faktı - şərəf və ləyaqətin müdafiə şərtlərindən biridir. Başqa sözlə, şərəf və ləyaqətin müdafiəsi barədə iddianın təmin edilməsi üçün şəxs barədə məlumatlar yayılmış olmalıdır. Məlumatın yayılması dedikdə - onların üçüncü şəxslərin nəzərinə çatdırılması və həmin şəxslərə bildirilməsi başa düşülür. Burada söhbət şəxsin şərəf və ləyaqətini pozan məlumatların bir neçə şəxsə və ya çoxsaylı şəxslərə bildirilməsindən gedir. Məlumatın heç olmazsa, hər hansı üçüncü şəxsə çatdırılması məlumatın yayılması sayılır. Ona görə də məlumatın bir nəfər şəxsə bildirilməsi onun yayılmayacağını istisna etmir. Daha sonra, məhkəmə şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqimənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti - yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə - ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlinir ki, hətta yayılma halı olmadan da ünvanlandığı şəxsin şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı, nüfuzdan salan, ağır cinayətlərdə ittiham edən ifadələrin ona bildirilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması əsası ilə keçirdiyi istirab və sarsıntının əvəzi olaraq məhkəmə qaydasında mənəvi zərərin tutulmasını istisna etmir. İşin hallarından da göründüyü kimi, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə elektron müraciət ünvanlayaraq “Cənab Nazir, Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X4 radikal dini qrupların üzvləridir və kənd camaatı arasında dövlət və dövlətçilik əlehinə təbliğatla məşğuldurlar. X4 Bakı İslam Universitetinin məzunudur və bir neçə il bundan qabaq Cəlayir kənd məscidində məscidin axundu Hacı Balakişinin etirazına baxmayaraq dini dərs adı ilə azyaşlı uşaqlara dövlət və hakimiyyət əlehinə müxalif ideyalar aşılamağa çalışmışdır. Mən və mənim həmyaşıdlarım da həmin şəxsin dərslərinin müxalif ideyaları ilə tanış olmuşuq. Kənd məscidinin axundu Rəhimov Balakişinin səyi nəticəsində və nardaran hadisələrindən sonra bu şəxs kənddə müxalif fəaliyyətinə ara vermişdir. İddiaçı isə daima kənddə hakimiyyət əlehinə çıxışlar etmiş məktəbdə şagirdlərə dini radikal ideyalar aşılamağa cəhd göstərmişdir. Dillərindən “haqq”, “quran” düşməyən bu şəxslər dini öz çirkin məqsədləri üçün istifadə edirlər. Son zamanlar bu şəxslər Azərbaycan Respublikasının hüquq mühafizə orqanları əməkdaşları haqqında müxalif internet kanallarında əsassız, qərəzli və böhtan çıxışlar edirlər. Bu sadəcə istiqamətini dəyişmiş təbliğatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunlara həmin kanallarda cavab verməsinə baxmayaraq bunlar həmin qərəzli hərəkətlərini davam edir, camaat arasında dövlət və hakimiyyətə qarşı inamsızlıq yaradırlar. Bu şəxslərin əməllərinin cavabsız qalmamağını sizdən xahiş edirəm” qeyd etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh qeyd olunan məzmunlu elektron ərizənin onun tərəfindən yazıldığını, ərizəni yazmaqda məqsədinin iddiaçının fəaliyyətinin araşdırılmasından ibarət olduğunu və aidiyyəti üzrə həmin nazirliyə müraciət etməsini inkar etməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarının 11-ci vərəqəsində olan iddiaçı barəsində Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdəki söz və ifadələrin ləyaqəti ləkləyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur. Məhkəmə sonda iddiaçı tərəfindən tələb olunan mənəvi zərərlə bağlı məbləği həddən artıq çox hesab edərək bildirir ki, iddiaçı həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, “Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1.000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 142,50 manatı iddiaçıya, 7,50 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətin həqiqətə uyğun olmayan hesab edilməsi barədə yazılı təkzib verilsin. Ləyaqətin müdafiəsi ilə bağlı Cavabdeh mənəvi zərərin əvəzi kimi 1.000 (bir min) manat və dövlət rüsumu olaraq ödənilmiş 7,50 (yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 142,50 (yüz qırx iki manat əlli qəpik) manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar