Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-879/2024 12.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşağa görə 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin və 56 manat tərəfindən ödənilmiş mediasiya xərcinin alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda olan nikah Ağsu Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(016)-1018/2018 saylı qətnaməsinə əsasən ləğv olunmuşdur. Bu barədə nikahın ləğv olunması haqqında akt qeydlər kitabında 97 nömrə ilə qeyd edilmişdir. Nikahın pozulması haqqında Şəhadətnamə 05 dekabr 2018ci ildə Ağsu rayon Qeydiyyat şöbəsindən verilmişdir. Birgə nikahdan 3 uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ağsu Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(016)- 1018/2018 saylı qətnaməsinə əsasən üç azyaşlı uşaqları onun himayəsinə verilmişdir. Cavabdeh "xxxx" şirkətində işləyir və yaxşı pul qazanır. Buna baxmayaraq, o, üç azyaşlı uşaqlarına baxmır və baxmaq da istəmir. O isə işləmir, valideynlərinin köməyi ilə özünü və uşaqlarını saxlayır. Hesab edir ki, uşaqlarının atası da uşaqlarına aliment ödəməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını münkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, "xxxx" ASC-də gözətçi vəzifəsində işləyir və 560 manat məbləğində əmək haqqı alır. Hazırda evlidir, 1 uşağı daha var. Buna görə də, iddia tələbini qismən qəbul edir, hər ay 3 uşağa görə cəmi 200 manat məbləğində aliment verə bilər. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 10646495 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “Cavabdeh”, anası “Urfanə Dəmirova” olması qeyd edilmişdir. - AZE seriyalı 10646500 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “Cavabdeh”, anası “Urfanə Dəmirova” olması qeyd edilmişdir. - AZE seriyalı 10646494 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “Cavabdeh”, anası “Urfanə Dəmirova” olması qeyd edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-1018/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında Ağsu rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci ildə bağlanmış və 152 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçı X2 yanında saxlanması, iddiaçı aliment tələbindən imtina etdiyindən həmin hissə üzrə icraata xitam verilməsi qət edilmişdir. - AZ-İ seriyalı 284890 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. - “Elektron Məhkəmə Sistemi”ndə əldə edilmiş çıxarışdan görünür ki, cavabdeh "xxxx" ASC-də “gözətçi” vəzifəsində işləyir və 678 manat məbləğində əmək haqqı alır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə - AM) 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə və tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 120 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, aliment tutulmağa AM-in 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddia tələbinin 56 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, 74 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 29 may 2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində, sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş 56 manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-879/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-879/2024
12.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver