Məhkəmə qərarları › İş №2(016)-918/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-918/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-918/2024 16.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı "aliment" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma oğludur. O, cavabdeh X4 30 yanvar 1982-ci il tarixdə dünyaya gətirmiş, ona qarşı tam valideynlik vəzifəsini həyata keçirmiş, onun qayğısına qalaraq, onu böyüdüb boya-başa çatdırmış, sonra isə evləndirmişdir. Cavabdeh ailə həyatı qurduqdan sonra, ona qarşı olan münasibəti soyumuş, ona heç bir qayğı göstərməmişdir. Son bir ildir ki, bir oğul kimi onunla maraqlanmır, ona maddi cəhətdən köməklik etmir. Onda olan məlumata görə, oğlu Cavabdeh öz ailəsi ilə boşanmış, onlara aliment ödəyir, amma ona ödəmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunun uyğyun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, hazırda kənddə deyil, Bakı şəhərində oğlan övladları ilə birlikdə yaşayır. Əmək pensiyası alır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılaraq iddianı qəbul etdiyini qeyd etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasınını vaxtı və yeri barədə məlumatlandırsada məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024 tarixində keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək göstərmişdir ki, İddiaçı hazırda Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi, Dimitrov küçəsi, ev 17 ünavanında 3 övladı ilə kirayədə qalır. X18 ikinci dəfə ailə həyatı qurub. Hazırda İddiaçı 2 oğlu ilə birlikdə qeyd edilən ünvanda yaşayır. Evin kiçik oğlu ailə həyatı qurmayıb, işləyir və anasına baxır. Keçmiş həyat yoldaşı Cavabdeh isə "Dübrar" su şirkətində işləyir və o da anası ilə birlikdə yaşayır. İddiaçı dövlətdən pensiya alır. Hazırki tələb ona təyin edilmiş aliment məbləğinin ödənilməməsi məqsədini daşıyır. Dəfələrlə övladına alimetntin verilməyəcəyini qeyd ediblər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxx 1982-ci ildə anadan olmaqla atası X7, anası İddiaçıdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 5414/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilməklə iddiaçı X8 ilə Cavabdeh arasında Ağsu rayon Kalva kənd ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli akt qeydi ilə tərtib olunmuş 01 fevral 2006-cı il tarixli nikah pozulmuş, iddiaçı X8 ilə Cavabdeh birgə nikahlarında doğulmuş xx.xx.2006-cı il təvəllüdlü İddiaçıə Taleh qızı, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 iddiaçı X1 himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2021ci il tarixdən başlayaraq iddiaçı X8 ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü İddiaçıə Taleh qızının, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin alınaraq X6 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 5703/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5414/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 175 manat aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. - Elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı hal-hazırda 220 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V bəndinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Qanunvericilik valideynlərin uşaqlarını saxlamaq vəzifələrini müəyyən etməklə yanaşı 18 yaşına çatmış, yəni artıq əmək qabiliyyəti olan uşaqların öz valideynlərinin qayğısına qalmaq, onların maddi təminatlarını ödəmək, bir sözlə valideynlərini saxlamaq vəzifəsi milli-mənəvi dəyərlərdən olmaqla yanaşı yetkinlik yaşlarına çatmış və əmək qabiliyyətli uşaqların məsuliyyət halında maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq vəzifəsini müəyyən etmişdir. Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə övladı olan Cavabdeh arasında alimentin ödənilməsi barədə saziş olmadığından alimentin məhkəmə qaydasında tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76.1ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsi yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsini müəyyən edərkən övladın yetkinlik yaşına çatması və əmək qabiliyyətli olması ilə yanaşı valideynin maddi yardıma ehtiyacı olması və əmək qabiliyyəti olmamasını zəruri şərt olaraq göstərmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olmaqla Bakı şəhərində, cavabdeh olan oğlu Cavabdeh və digər oğul övladı ilə birlikdə yaşayır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilən məlumata görə İddiaçı hal-hazırda 220 manat pensiya alır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan teleqramda iddianı qəbul etdiyini qeyd etmişdir. Maraqlı şəxs qismində işə əlavə edilmiş Maraqlı şəxs məhkəməyə ünvanladığı ərizədə də iddiaçının təqaüd aldığını, ona təyin edilmiş alimentin verilməməsi məqsədilə belə bir tələb irəli sürüldüyünü qeyd etmişdir. MPM-in: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edildiyi kimi İddiaçı oğlu hazırki iş üzrə cavabdeh olan Cavabdehla eyni evdə yaşamaqla, həmçinin maddi imkanı olmaqla hal-hazırda 220 manat pensiya aldığı halda övladlarının ona qayğı göstərmədiyini və maddi cəhətdən kömək etmədiyini qeyd etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5703/2024 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, İddiaçı hazırki tələbi oğlu Cavabdeh tərəfindən övladlarının saxlanılması üçün aliment ödənilməsi barədə qətnamənin icrasının qarşısının alınması və yaxud ləngidilməsi məqsədini daşıya bilər. Çünki qeyd edildiyi kimi iddiaçı və cavabdeh eyni ünvanda birlikdə yaşayırlar. Cavabdeh məhkəmədə iştirak etməsədə iddianı qəbul etmişdir. Həmçinin məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi barədə teleqramların eyni gündə (xx.xx.2024-cü il tarixdə), müxtəlif saatlarda məhkəməyə ünvanlanması da tərəflərin birlikdə hərəkət etməsi fikrini formalaşdırır. Həmçinin İddiaçı pensiya almaqla maddi yardım alır və ona qayğı göstərilmədiyini, maddi cəhətdən yardıma ehtiyacı olduğunu, övladları ilə birgə yaşamadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçının özünün maddi durumunun ağır olmaqla övladından onun saxlanılması üçün aliment tələb etməsi həqiqəti əks etdirməkdən çox başqa məqsəd olmasına, yəni cavabdehin Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5703/2024 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün təyin edilmiş alimentin ödənilməsindən yayınma ehtimalının olmasını əks etdirir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edi ki, iddiaçı cavabdehə qarşı bir oğul kimi onunla maraqlanmadığına, ona maddi cəhətdən köməklik etmədiyinə görə 200 manat sabit pul məbləğində aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, lakin bu halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bunun əksi olaraq maraqlı şəxs cavabdehin yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün təyin edilmiş alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin icrasından yayınma ehtimalının olmasını məhkəmə araşdırması zamanı sübut etmişdir. Bundan başqa cavabdehin iddianı etiraf etməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddianı etiraf edərək qəbul etsədə maraqlı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması səbəbindən məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı "aliment" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar