Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-96/2024 03.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onlar barəsində dərc etdirdiyi “Teref.az” kütləvi informasiya vasitəsində xx.xx.2021-ci il tarixdə yazdığı “X2 at oynadır” başlıqlı, xx.xx.2023-cü il tarixdə “Gündem” kütləvi informasiya vasitəsində və Youtube sosial şəbəkəsində “Ağsunun icra başçısı nə günə orda oturub? İcra nümayəndəsi və bələdiyyə sədri qoçuluq edir” başlıqlı yazılar, 05 iyul 2021-ci il tarixdə “İfadə tv” kütləvi informasiya vasitəsində yazdığı “Ağsuda rayon İcra Hakimiyyətinin icra nümayəndəsinə cinayət işi açıldı”, “Azərinfo.az” kütləvi informasiya saytında yazdığı “Ağsu sakini haqqını tələb edir Giley”, 12 yanvar 2021-ci il tarixdə “Gündəm” kütləvi informasiya vasitəsində “Prezidentin ayırdığı 7 milyondan İddiaçı1 nə qədərini mənimsəyərək özünə, dədəsinə, əmisinə, qudalarına məxsus evləri təmir etdirib” başlıqlı, “Aktualinfo.org” saytında müxtəlif başlıqlı həqiqəti əks etdirməyən yazıların təkzib olunması və cavabdehdən hər bir iddiaçıya 5.000 manat olmaqla, ümumilkdə 10.000 manat mənəvi zərərin alınaraq iddiaçıların xeyrinə ödənilməsini və cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibi olduğundan, onun barəsində xüsusi qərardad çıxarılaraq cinayət işinin araşdırılmasını müvafiq prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh dəfələrlə özünü müharibə veteranı kimi təqdim edərək müxtəlif məzmunlu şikayət ərizələri yazmışdır. İcra nümayəndəliyində cavabdehin müharibə veteranı olub-olmaması ilə bağlı Müdafiə Nazirliyinə və Ağsu rayon Prokurorluğuna müraciətlər edilməsində məqsəd cavabdehin icra nümayəndəliyində olan sənədlərdə veteranlar siyahısında olmaması, eləcə də hərbi biletində çoxlu düzəlişlərin edilməsini müşahidə etmişlər. Həmin hərbi biletdən də görünür ki, mavi qələmlə 1994-cü ilin üzərindən 1993-cü il kimi qeyd edilmişdir. Həmin sənədlərdə anlaşılmazlıq olduğundan onlar Müdafiə Nazirliyinə və Ağsu rayon Prokurorluğuna müraciətlər etmişlər. Cavabdeh kütləvi informasiya vasitələrində Tərəf.az, İfadə tv, Azerinfo.az, Gündəm kütləvi informasiya vasitələrində şərəf və ləyaqətlərini alçaldan, ailələri və yaxınları haqqında olmayan böhtanlar yazaraq dövlət orqanlarına ərizə ilə müraciət edərək onları yalan olduğunu bilə bilə ağır cinayətlərdə günahlandırmış, ictimaiyyət arasında nüfuzdan salan həqiqətə uyğun olmayan məlumatlar yaymaqla şərəf və ləyaqətlərini alçaltmış, işgüzar fəaliyyətlərinə mane olmuşdur. Cavabdeh onlar haqqında böhtan xarakterli və mənəvi ziyana səbəb olan ifadələr və yazılar dərc etdirmişdir. Cavabdeh kütləvi informasiya vasitələrinə vermiş olduğu başlıqlardan bir neçə faktlar göstərmək istəyirlər. Gündəm kütləvi informasiya vasitəsində “Ağsuda icra nümayəndəsi və bələdiyyə sədri kənd sakinini ölüm həddinə çatdırıblar RƏZALƏT” başlıqlı yazı dərc etdirmişdir. Həmin yazıda yazılıb ki, guya o, oğlu X3 xx.xx.2020-ci ildə Vətən Müharibəsində iştirak etməmək üçün xəstə adı ilə saxlatdırmış və sonradan xəstə ola-ola onu DTX-nin Ağsu şöbəsinə işə düzəltdirməkdən ötrü, dəridən qabıqdan çıxmışdır. Bundan əlavə, DİN-ə yazır ki, İddiaçı1 intihar edərsə onluq deyil. Nəticədə şərəf və ləyaqətini alçaltmışdır. Onun sağlamlıq və mənəviyyatına ziyan yetirilmişdir. Bütün bu olanlar onda mənəvi sarsıntı və iztirab yaratmışdır. Nəticədə Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdə ona bildirmişlər ki, keçirdiyi mənəvi sarsıntı və iztirab nəticəsində diabet xəstəsi olmuş, X1 diabet xəstəsi kimi qeydiyyata alınmışdır. Cavabdehin onların barəsində yazdığı Teref.az kütləvi informasiya vasitəsində xx.xx.2021ci il tarixdə yazdığı X2 at oynadır başlıqlı, xx.xx.2023-cü il tarixdə gündem kütləvi informasiya vasitəsində və Youtube sosial şəbəkəsində Ağsunun icra başçısı nə günə orda oturub? - icra nümayəndəsi və bələdiyyə sədri qoçuluq edir başlıqlı yazılar, 05 iyul 2021-ci il tarixdə İfadə tv kütləvi informasiya vasitəsində yazdığı Ağsuda rayon İcra Hakimiyyətinin icra nümayəndəsinə cinayət işi açıldı, Azərinfo.az kütləvi informasiya saytında yazdığı Ağsu sakini haqqını tələb edir Giley, 12 yanvar 2021-ci il tarixdə Gündəm kütləvi informasiya vasitəsində Prezidentin ayırdığı 7 milyondan İddiaçı1 nə qədərini mənimsəyərək özünə, dədəsinə, əmisinə, qudalarına məxsus evləri təmir etdirib başlıqlı, Aktualinfo.org saytında müxtəlif başlıqlı həqiqəti əks etdirməyən şərəf və ləyaqətin ləkələyən, onları mənəvi sarsıntı və iztirablara məruz qoyan yazılar dərc etdirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddia ərizəsində yazıblar ki, guya o, başçı barəsində nəsə yazmışdır. Təsdiqini tapmadığından prokurorluq işi rədd edib. İddiaçılar onun yanına adam da göndərmişlər ki, onları tutdurmasın. O adamlardan bir neçə nəfərini şahid kimi göstərə də bilər. İddia tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçıların göstərdikləri yazıları “Teref.az”, “Gündem”, “İfadə tv”, “Azərinfo.az”, “Aktualinfo.org”, “Youtube” kimi kütləvi informasiya vasitələrində dərc etdirmişdir. Həmin yazılarda göstərilənləri təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməyəcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 barədə “Teref.az”, “Gündem”, “İfadə tv”, “Azərinfo.az”, “Aktualinfo.org”, “Youtube” kimi kütləvi informasiya vasitələrində müxtəlif başlıqlı məlumatlar dərc etdirmişdir. Məhkəmə, iddia tələbinin “cavabdehin iddiaçılar barəsində “Teref.az”, “Gündem”, “İfadə tv”, “Azərinfo.az”, “Aktualinfo.org”, “Youtube” kimi kütləvi informasiya vasitələrində müxtəlif başlıqlı həqiqəti əks etdirməyən yazıların təkzib olunması” hissəsini araşdıraraq, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. - 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. - 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. - 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. - 23.6-cı maddəsinə əsasən, bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li Qərarının: - 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. - 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. - 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. - 7-ci bəndlərində göstərilmişdir ki, vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. - 12-ci bəndində göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. - “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 barədə “Teref.az”, “Gündem”, “İfadə tv”, “Azərinfo.az”, “Aktualinfo.org”, “Youtube” kimi kütləvi informasiya vasitələrində müxtəlif başlıqlı məlumatlar dərc etdirmişdir. Qeyd edilən yazıların onların şərəf və ləyaqətini alçaltdığını, işgüzar nüfuzunu ləkələdiyini göstərən iddiaçılar həmin məlumatları yazılı qaydada təkzib etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən onların xeyrinə mənəvi ziyanın tutulmasını tələb etmişlər. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir. Qeyd edilməlidir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Yuxarıda sadalanan mülki qanunvericiliyə görə, şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdə-şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə - hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Nəzərə almaq lazımdır ki, şəxs barəsində məlumatların yayılması faktı - şərəf və ləyaqətin müdafiə şərtlərindən biridir. Başqa sözlə, şərəf və ləyaqətin müdafiəsi barədə iddianın təmin edilməsi üçün şəxs barədə məlumatlar yayılmış olmalıdır. Məlumatın yayılması dedikdə - onların üçüncü şəxslərin nəzərinə çatdırılması və həmin şəxslərə bildirilməsi başa düşülür. Burada söhbət şəxsin şərəf və ləyaqətini pozan məlumatların bir neçə şəxsə və ya çoxsaylı şəxslərə bildirilməsindən gedir. Məlumatın heç olmazsa, hər hansı üçüncü şəxsə çatdırılması məlumatın yayılması sayılır. Ona görə də məlumatın bir nəfər şəxsə bildirilməsi onun yayılmayacağını istisna etmir. Daha sonra, məhkəmə şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqimənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti - yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə - ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. Məhkəmə araşdırması zamanı Cavabdeh bildirmişdir ki, iddiaçılar barəsində “Teref.az”, “Gündem”, “İfadə tv”, “Azərinfo.az”, “Aktualinfo.org”, “Youtube” kimi kütləvi informasiya vasitələrində müxtəlif başlıqlı yazıları dərc etdirmiş və həmin yazılarda göstərilənləri təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir. Məhkəmə hesab edir ki, “Teref.az”, “Gündem”, “İfadə tv”, “Azərinfo.az”, “Aktualinfo.org”, “Youtube” kimi kütləvi informasiya vasitələrində müxtəlif başlıqlı yazıların ləyaqəti ləkləyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur. Məhkəmə həmçinin iddianın “mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul vəsaitinin iddiaçıların xeyrinə ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində cavabdehin yaydığı həqiqətə uyğun olmayan məlumatlar səbəbindən onlara mənəvi zərər dəydiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçıların üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin “cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibi olduğundan, onun barəsində xüsusi qərar çıxarılaraq cinayət işinin araşdırılmasını müvafiq prokurorluğa göndərilməsi” hissəsini araşdıraraq, hesab edir ki, iddia həmin hissədə əsassızdır. İddiaçılar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əlamətləri olduğuna görə, xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Halbuki, cinayət təqibi ilə bağlı digər materiallar - məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət və ya xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallardır. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimaixüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Sadalanan xüsusatlardan da görünür ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Buna görə də, iddiaçıların göstərilən tələbi əsassızdır. Bu səbəbdən, təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdehin əməllərində cinayət tərkibi olmadığından, tələb bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 barəsində “Teref.az” kütləvi informasiya vasitəsində xx.xx.2021-ci il tarixdə yazdığı “X2 at oynadır” başlıqlı, xx.xx.2023-cü il tarixdə “Gündem” kütləvi informasiya vasitəsində və Youtube sosial şəbəkəsində “Ağsunun icra başçısı nə günə orda oturub? İcra nümayəndəsi və bələdiyyə sədri qoçuluq edir” başlıqlı yazılar, 05 iyul 2021-ci il tarixdə “İfadə tv” kütləvi informasiya vasitəsində yazdığı “Ağsuda rayon İcra Hakimiyyətinin icra nümayəndəsinə cinayət işi açıldı”, “Azərinfo.az” kütləvi informasiya saytında yazdığı “Ağsu sakini haqqını tələb edir Giley”, 12 yanvar 2021-ci il tarixdə “Gündəm” kütləvi informasiya vasitəsində “Prezidentin ayırdığı 7 milyondan İddiaçı1 nə qədərini mənimsəyərək özünə, dədəsinə, əmisinə, qudalarına məxsus evləri təmir etdirib” başlıqlı, “Aktualinfo.org” saytında yaydığı məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi barədə yazılı təkzib verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-96/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-96/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver