Məhkəmə qərarları › İş №2(017)-1018/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1018/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1018/2024 20.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 06 sentyabr 2022ci ildə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment, ödənilmiş 50 manat medisasiya xərci və 06 sentyabr 2022-ci il tarixdə anadan olmuş X2 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 19 iyun 2022-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 06 sentyabr 2022-ci il tarixdə X3 adlı bir nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında yaranmış narazılıqlara görə ayrılmışlar və 06 sentyabr 2022-ci ildə anadan olmuş X3 adlı bir nəfər uşaq anası-İddiaçı yanında yaşadığından iddiaçı ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin, hazırda heç bir yerdə işləmir və maddi imkanı zəifdir. Yalnız hər ay 50-70 manat məbləğində aliment ödəmək imkanı vardır. Odur ki, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 19 iyun 2022-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 sentyabr 2022-ci il tarixdə anadan olmuş və onun atası Cavabdeh, anası isə İddiaçıdır Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş yoxdur və 06 sentyabr 2022-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Bundan başqa, iddiaçı 06 sentyabr 2022-ci il tarixdə anadan olmuş X3 adlı uşağın 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq aliment ödəməyi tələb etmək hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin göstərişinə uyğundur və həmin uşağın 3 yaşına çatana kimi saxlanılması üçün əlavə olaraq hər ay tutulmalı olan sabit pul məbləğində aliment təyin edilərkən də məhkəmə həmin məbləği tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 06 sentyabr 2022-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment və uşağın üç yaşına çatana kimi, yəni 06 sentyabr 2025-ci il tarixə kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 22 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. 06 sentyabr 2022-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və üç yaşına çatana kimi, yəni 06 sentyabr 2025-ci il tarixə kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment 22 aprel 2024-cü il tarixdən başlanaraq tutulub İddiaçı xeyrinə ödənilsin. Əlavə olaraq Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar