Məhkəmə qərarları › İş №2(017)-1211/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1211/2025

02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1211/2025 02.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, cavadeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 oktyabr 2012-ci il tarixdə anadan olmuş X1 və 09 sentyabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 245 manat olmaqla cəmi 490 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə el adəti üzrə toy edərək ailə qurmuş, nikahlarını isə 22 avqust 2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 17 oktyabr 2012-ci il tarixdə X3 və 09 sentyabr 2014-cü il tarixdə isə X4 adlı iki nəfər uşaqları anadan olmuşdur. Xasiyyətləri tutmadığı üçün faktiki olaraq cavabdehdən ayrılaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaqlar onun himayəsində yaşayırlar. O, uşaqları ilə birlikdə 4 aydan artıq müddətdir ki, atası evində yaşayır. X6 eşitmənin neyrosensoer tipli iki tərəfli sensonsevral ağır eşitmə İİİ-İV dərəcə, nitq pozuntusu xəstəsidir. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh yanacaq doldurma məntəqəsində işləyir və kifayət qədər qazancı olur. Lakin uşağın saxlanılmasında ona yardım göstərmir və ümumiyyətlə uşaqları ilə maraqlanmır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə el adəti üzrə toy edərək ailə qurmuş, nikahlarını isə 22 avqust 2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 17 oktyabr 2012-ci il tarixdə X3 və 09 sentyabr 2014-cü il tarixdə isə X4 adlı iki nəfər uşaqları anadan olmuşdur. Xasiyyətləri tutmadığı üçün faktiki olaraq iddiaçıdan ayrılaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaqlar anasının himayəsində yaşayırlar və onun buna heç bir etirazı yoxdur. O, yanacaq doldurma məntəqəsində işləyir və 400 manat əməkhaqqı alır. Xəstə olduğu üçün müalicə elətdirir. Ona görə hər uşağa 100 manat olmaqla cəmi 200 manat aliment ödəyə bilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 17 oktyabr 2012-ci il tarixdə X3 və 09 sentyabr 2014-cü il tarixdə isə X4 adlı iki nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan Ağcabədi 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sesiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 03 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müəyinəyə dair məlumatdan görünür ki, X5 eşitmənin neyrosensoer tipli iki tərəfli sensonsevral ağır eşitmə İİİ-İV dərəcə, nitq pozuntusu xəstəsidir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin rəsmi nikahlarından iki nəfər uşaqları anadan olmuş və uşaqlar hazırda analarının himayəsində yaşayırlar. İddiaçı rəsmi nikahlarından doğulmuş X1 və X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 245 manat olmaqla cəmi 490 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh yanacaq doldurma məntəqəsində işləyir və iddianı qismən qəbul edərək hər uşağa 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində alimenti ödəməyə maddi gücü çatdığını bildirir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, 17 oktyabr 2012-ci il tarixdə doğulmuş X1 və 09 sentyabr 2014-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 36 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq ərizə verildiyi gündən, yəni 14 mart 2025-ci il tarixdən başlayaraq 17 oktyabr 2012-ci il tarixdə doğulmuş X1 və 09 sentyabr 2014-cü il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından 17 oktyabr 2012-ci il tarixdə doğulmuş X1 və 09 sentyabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin bu qaydada tutulması 14 mart 2025-ci il tarixdən hesablansın. Cavabdeh illik alimentin məbləğinə görə 36 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar